Modern.az

Nazir kollegiya iclası keçirib, 6 ayın hesabatını təhlil edib

Nazir kollegiya iclası keçirib, 6 ayın hesabatını təhlil edib

22 İyul 2011, 12:46

İyulun 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci ilin birinci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda nazir Fizuli Ələkbərov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin reallaşması istiqamətində nazirlik tərəfindən görülən işlərin cari ilin ilk 6 ayında da əzmlə davam etdirildiyini deyib.
O,  əsas məqsədin dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması olduğunu vurğulayıb.

İclasda bildirilib ki, cari ilin 1 iyuluna olan məlumata əsasən, ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil edib. Ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılıb ki, bu da 2006-ci ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir. Hazırda ünvanlı sosial yardım alan ailələrin daha fəal sosial təminat yönümlü proqramlara cəlb olunmaları, beynəlxalq təcrübəyə uyğun olaraq şərtləndirilmiş sosial yardımın verilməsi prinsiplərini özündə birləşdirən  Birdəfəlik Sosial Yardım (Özünədəstək) proqramının sınaqdan keçirilməsi davam etdirilir.

Qeyd edilib ki, nazirlik tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdisə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq -  707 mənzilin tikintisi başa çatdırılıb. 2010-cu ildə 715 mənzil inşa etdirilib. Cari ildə bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilib və mənzillə təmin olunanların sayı 4000-i ötüb.
Bu ilin sentyabr ayınadək Ağcabədi, Göygöl, Samux, Qəbələ, Yevlax və Quba rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə veriləcək. Hazırda Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli 112 mənzilli yaşayış binalarının inşaat işləri aparılır. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, eyni zamanda müxtəlif bölgələrdə 10 ədəd fərdi evin tikintisinə başlanacaq.

Bildirilib ki, bu vaxtadək 3 000-dən çox Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib.

Hazırda nazirliyin nəzdində 14 regional bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il 8 000 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilir.
Qeyd edilib ki, yaxın günlərdə əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə ölkədə yeni tipli müəssisələrin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik Yaşına Çatmayanlar üçün Sosial Sığınacaqların və Tibbi-Sosial Reabilitasiya Mərkəzlərinin inşasına başlanacaq.
Əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının yaradılması işləri davam etdirilir. Bu məqsədlə sorğu anketi hazırlanmış və xüsusi kompüter proqramı yaradılaraq şəbəkəyə qoşulub. İndiyədək bazada 140 000 nəfərə yaxın əlil haqqında məlumat toplanıb.

Cari ilin 6 ayında da Dövlət Məşğulluq Xidməti tərəfindən 11 916  nəfər   işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 1 658 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Cari ilin 6 ayında 2 030 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi nəticəsində 5 401 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunub, işəgötürənlərə ümumilikdə 245 350  manat məbləğində cərimə tətbiq edilib.

Hesabat dövründə istehsalatda 128 bədbəxt hadisə qeydə alınıb, bu hadisələr nəticəsində 53 nəfər dünyasını dəyişib. İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı qanunauyğun tədbirlər görülüb.

İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunub və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir