Modern.az

Misir Mərdanov 65 yaşına çatmış hansı müəllimlər və dövlət qulluqçularının işdən çıxarılacağını bəyan etdi

Misir Mərdanov 65 yaşına çatmış hansı müəllimlər və dövlət qulluqçularının işdən çıxarılacağını bəyan etdi

22 İyul 2011, 14:00

Bir müddət öncə Azərbaycanda «Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" və « Dövlət qulluğu haqqında" qanununda dəyişikliklər edilməsi barədə» qanunlar qüvvəyə mindi. Qanunvericiliyə edilən bu dəyişiklik nəticəsində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyənləşdi. Modern.az bildirir ki, dəyişikliyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti isə müvafiq dövlət orqanı tərəfindən 5 ildən də artıq uzadıla bilər.

Modern.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov «Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" və « Dövlət qulluğu haqqında" qanununda dəyişikliklər edilməsi barədə» qanunların icrasını təmin etmək məqsədilə müvafiq əmrlər imzalayıb. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirin əmri ilə Təhsil Nazirliyinin Mərkəzi aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısı hazırlanıb rəhbərliyə təqdim ediləcək. Nazirlikdə 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflər də hazırlanacaq.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılarkən aşağıdakılar nəzərə alınacaq :
 - dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;

-  elmi dərəcənin və ya elmi adın olması;

- dövlət təltifi ilə təltif edilmə;

- attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.

Nazirliyin tabeliyindəki müvafiq idarələr 65 və ondan yuxarı yaş həddində olan dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflərini hazırlayıb 10 gün ərzində rəhbərliyə təqdim etməlidirlər.  

Sonrakı mərhələlərdə 65 yaş həddinə çatmış, habelə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin təkrar uzadılması ilə bağlı təkliflər 1 ay əvvəldən hazırlanaraq nazirliyə təqdim ediləcək.  

Nazirin digər əmrinə görə, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısı da hazırlanıb rəhbərliyə təqdim ediləcək.

Sözügedən əmrlə təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin qanunda nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflər də hazırlanacaq.
Nazirlikdən bildirlib ki, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:

-son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;

-elmi dərəcə və ya elmi adının olması;

-dövlət təltifi ilə təltif edilməsi;

-attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;

-müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda;

-səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;

-işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

Nazirin əmrilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etmək və nəticələr barədə Təhsil Nazirliyinə məlumat vermək tapşırılıb.

Adları çəkilən idarələrə Misir Mərdanovun sözügedən əmri ilə tapşırılıb ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısı hazırlanacaq, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər, nəticəsi barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat versinlər.
Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsini təmin etsinlər.

Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparacaq, ehtiyac olan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir