Modern.az

Efiopiyanın Bakıdakı fəxri konsulu: “Afrika ölkələri Azərbaycan üçün bir açılımdır” - MÜSAHİBƏ  

Efiopiyanın Bakıdakı fəxri konsulu: “Afrika ölkələri Azərbaycan üçün bir açılımdır” - MÜSAHİBƏ  

Müsahibə

20 Fevral 2018, 09:38

Ceyhun Ələkbərov: “Efiopiya ilə Azərbaycanın ən böyük oxşar cəhəti qədim sivilizasiyaya malik olmalarıdır”


Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov Modern.az saytına müsahibə verib. Müsahibədə Efiopiya-Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrindən tutmuş, konsulun Xocalı soyqırımı ilə bağlı fikirləri yer alıb.


- Ceyhun müəllim, 2017-ci ilin sonunda Efiopiyanın Azərbaycandakı fəxri konsulu təyin olundunuz. Fəxri konsulların təyinatında əsas məqsəd nədir?


- Öncə onu vurğulayım ki, fəxri konsulların əsas rolu iki ölkə arasında iqtisadi, mədəni, ictimai, elmi münasibətlərin qurulmasında fəal iştirak etməkdir. Bu post konsul fəaliyyətinin sahələrindən biridir. Bir ölkənin digər ölkədəki fəxri konsulu həm onu təyin edən ölkənin, həm də təyin edildiyi ölkənin vətəndaşı ola bilər.  Əgər təmsil olunan ölkənin burda diplomatik korpusu yoxdursa, münasibətləri daha da yaxınlaşdırmaq üçün fəxri konsulun üzərinə daha böyük məsuliyyət düşür. Zaman-zaman qarşılıqlı səfərlərlə bu əməkdaşlıq daha genişlənir.


- Konsul təyinatınızdan danışaq. Necə oldu ki, fəxri konsul oldunuz? O vaxta qədər səfirlikdə çalışmışdınızmı?


- Əvvəla, fəxri konsul təyinatına qədər səfirlikdə çalışmamışam. Bu təyinata qədər QHT rəhbəri, eyni zamanda iş adamı kimi fəaliyyətim var idi.


- Həm ictimai, həm də iqtisadi sahələrdə çalışmaq bir qədər sərbəst qərarlar verilməsinə imkan verir. Amma diplomatik sektorda çalışmaq sərbəst qərarları bir növ buxovlayır. İlk günlər çətinlik hiss etdinizmi ?


- Düzünü desəm, hər bir insan yeni bir işə başlayanda həyəcansız olmur. Lakin işimə məsuliyyətlə yanaşan birisi kimi deyə bilərəm ki, qısa müddətdə özümü bu prosesə də adaptasiya edə bildim. Çalışıram ki, hər bir işimizdə qaydalar əsas rol oynasın. Əgər bir iş həvalə olunubsa, onu idarə etməyə hobbi kimi yanaşmağa çalışıram. Fəxri konsul da bir vəzifədir. Özü də elə bir vəzifədir ki, 2 dövlət arasında iqtisadi, mədəni, müəyyən mənada siyasi əlaqələrin qurulmasına xidmət edir. Mən də Efiopiyanın Azərbaycandakı fəxri konsulu olaraq bu ölkəni təmsil etdiyim üçün ikitərəfli əlaqələrə öz töhfələrimi verməyi hədəfləmişəm. Həm də Azərbaycan vətəndaşı olaraq gördüyüm işlər dövlətimizin, ümumi mənafeyimizin xeyrinədir. Düşünürəm ki, bu həm məsuliyyətli, həm də şərəfli bir vəzifədir.


- Dediniz ki, təyinata qədər iqtisadi işlərlə məşğul olurdunuz və bu baxımdan prosesləri daha yaxşı analiz etməyi bacarırsız. Həm də iqtisadçı olaraq suala cavab verməyiniz maraqlı olardı: Azərbaycandakı iş adamlarının yerini necə görürsünüz ?


- İqtisadiyyat sahəsi Azərbaycanda hər gün əvvəlkindən də irəli gedir və iş adamlarının daha da çoxalmasına, iş imkanlarının artmasına böyük təsir edir. Xalqımızın sosial-rifahı üçün bu, ilk şərtlərdən biridir.


- Həyat yolunuzda vacib və eyni zamanda müxtəlif sahələrdə fəaliyyətiniz sizə ilk öncə nəyi təlqin etdi?


- Nədənsə uşaq vaxtlarımda hüquqşünas olmağı çox arzulayırdım. Qismət elə gətirdi ki, iqtisadiyyat sahəsi üzrə təhsil aldım və iqtisadçı oldum. Sonra Azərbaycan həqiqətlərini təbliğ edən QHT yaratdım. Amma hər şey bir tərəfə, kimliyindən asılı olmayaraq ilk növbədə keyfiyyətli insan olmaq vacibdir deyə düşünürəm. Əlbəttə, bunun içində tapşırılan işi layiqincə yerinə yetirməklə yanaşı, çətin məqamlarda mövqe bildirmək, nəciblik göstərmək kimi hisslər də var.


- Adətən region ölkələri ilə daha sıx iqtisadi, siyasi əlaqələr qurmağa çalışırıq. Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrlə hərtərəfli qarşılıqlı əlaqələr mövcuddur. Amma Efiopiya, Cibuti, Nigeriya kimi uzaq ölkələrlə hər hansı əlaqələrin qurulması bizə əlavə divident qazandıra bilirmi?


- İndi inkişaf o qədər sürətlə gedir ki, dünya ölkələri ilə əlaqələr güclənir. Bu gün dünya ölkələri ilə bir araya gəlmək, əlaqələr qurmaq o qədər də mürəkkəb proses deyil. Digər tərəfdən isə məsələyə bu cür yanaşaq. Qonşu ölkələrin sayı bəllidir. Həmçinin, qonşu ölkələr seçilmir. Şübhəsiz ki, Ermənistan kimi ölkə ilə qonşu olmağı heç istəməzdik. Amma region ölkələriyik. Adlarını sadaladığınız Türkiyə, Rusiya, Gürcüstan kimi dövlətlərlə isə maraqlarımız üst-üstə düşür. Düşünürəm ki, dövlətlərin yaxını-uzağı anlayışı doğru deyil. Əgər maraqlar üst-üstə düşürsə, iqtisadi- siyasi əlaqələr təmin olunursa, Afrikanın ən ucqar yerində yerləşən dövlət mənim üçün daha yaxındır, nəinki hansısa yaxında olub maraqlarımızı təmin etməyən və ya zidd gedən dövlət. Bu gün Efiopiya ilə Azərbaycan arasında əlaqələr həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir və bu münasibətlər getdikcə dərinləşəcək. Bu sahə ilə bağlı Prezident İlham Əliyevin müvafiq qərarları var. Afrika ölkələri bizim üçün bir açılımdır. Düşünürəm ki, Afrika ölkələri ilə əlaqələri nə qədər yaxşı qursaq, həm resurs, həm də gələcək baxımından bizə lazım olan bir çox işləri gerçəkləşdirə bilərik. Efiopiya Afrikanın mərkəzində yerləşməklə yanaşı, ən qədim və böyük dövlətlərindən biridir. 90 milyonluq bir ölkədir. Efiopiya ilə Azərbaycanın ən böyük oxşar cəhəti qədim sivilizasiyaya malik olmalarıdır.

İstər Efiopiyada, istərsə də Azərbaycanda olsun, insanlar bir-birlərinin təmsil olunduğu ölkələrə həmişə maraq göstərir. Vaxtilə Sovet hakimiyyəti dövründə Efiopiyadan Azərbaycana oxumaq üçün gələn böyük tələbə dəstəsi vardı. Onlar elə müstəqillikdən əvvəl də Azərbaycanı yaxşı tanıyıblar. İndi isə Azərbaycan dövləti artıq hər yerdə tanınır. Azərbaycanın Efiopiyadakı səfirliyi bu işdə xüsusi fəallıq göstərir. Azərbaycan artıq oturuşmuş, dayanıqlı inkişafa malik, sabit bir ölkədir. Dünyanın əksər ölkələri bizimlə dost olmaqdan məmnundurlar. Niyə olmasın ki?! Biz hər bir xalqa, hər bir dövlətə münasibətdə yoldaşlıq, dostluq prinsiplərini əsas tuturuq.


- Qarabağ münaqişəsi Afrika ölkələrində necə tanınır?


- Azərbaycan dövləti Qarabağ münaqişəsini yetərincə dünyaya tanıda bilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yolda çox işlər görüb. Efiopiyada da Azərbaycan tərəfi olaraq bu sahədə işlərimizi davam etdiririk.
Həm fəxri konsul kimi, həm də Xocalıdan olan birisi kimi deyə bilərəm ki, soyqırımının tanıdılması istiqamətində üzərimizə düşən məsuliyyəti yaxşı dərk edirik.


- Əslində, bu cür vəzifələrdə köçkün taleyi yaşayan insanların olması təqdirəlayiq hal olduğu kimi, həm də dünyaya bir mesajdır. Qayıdaq 1992-ci ilin fevralına. Məlum Xocalı faciəsini necə xatırlayırsınız?


- “Necə xatırlayırsınız” deyəndə, biz o günləri heç unutmadıq. Xocalı soyqırımı mənim yeniyetməlik dövrümə təsadüf etdi. Ən yaxın qohumlarımın içində şəhidlər və itkin düşənlər var. Bu, bir ayrı acıdır bizim üçün. Əlbəttə, xocalıların hamısı mənim ailəmdir. Çünki bu itkiləri biz bərabər yaşamışıq. Qarabağ münaqişəsini bu baxımdan hər zaman ictimai fəaliyyətimdə diqqətdə saxlamışam. Bu, mənim üçün mənəviyyat məsələsidir.

 


- Xocalıdan olan şahidlərin sözlərinə görə, insanlar günlərlə ac qalırdı. Ərzaq çatışmazlığı yaranmışdı.


- Ayda 2 dəfə vertolyotla ərzaq gətirirdilər. Təsəvvür edin, göydən kisə ilə unu atırdılar. İnsanlar öz arasında unu bölüb çörək bişirirdilər ki, uşaqlar acından ölməsin. Həmin dövrün insanları ölməmək üçün nə tapırdılarsa, onunla da qidalanırdılar. Biz bunları yaşamışıq. Bütün yaşananlara baxmayaraq, əminəm ki, tezliklə torpaqlarımız geri qaytarılacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq. Hər bir xocalılı ömrünü öz ata-baba torpağında başa vurmaq istəyir. Soyqırımına məruz qalmış bu şəhərin sakinləri öz doğma yurd-yuvalarına qovuşmaqlarını səbrsizliklə gözləyirlər. Üstəlik düşmənlərin - ermənilərin güclü olduğuna heç vaxt inanmamışam.


- “Soyqırım Həqiqətlərinin Tanıdılması” ictimai birliyinin sədrisiniz. Bu sahədə fəaliyyətiniz nədən ibarət olub? Hazırda həmin ictimai birlik fəaliyyət göstərirmi?


- Bəli, birliyimiz fəaliyyət göstərir. Soyqırımı ilə bağlı Avropada bir çox tədbirlər həyata keçirmişik. Əsasən, Türkiyə, Macarıstan, Almaniya, İsveç, Belçika və Niderlandda tədbirlərimiz baş tutub. İctimai sferada bu işlərin görülməsi üçün həmişə əmək sərf etməyə hazıram. Hazırda bu təşkilatın həyata keçirilməli xeyli layihəsi və planları var.


- Təşkilatın hansı gələcək planları var ?


- Düzünü desəm, istəyirik ki, soyqırımı məsələsində Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində baş verən belə dəhşətli aktlar barədə tədbirlər planlaşdıraq. Çünki dünyada çox soyqırımları baş verib. İstər yəhudilərin, istərsə də Afrikada gerçəkləşdirilən soyqırımı siyasəti çox ağrılıdır. Biz başqa xalqların faciələrini qabartmaqla öz problemimizi onun yanında paralel şəkildə aparmalıyıq. Ümumiyyətlə, Qarabağ həqiqətlərini, ermənilərin soyqırımı siyasətini təkcə üzərində qanlı şəkillər olan broşürlərlə deyil, daha təsirli üsullarla xalqımızın tarixi ilə mədəniyyətinin təbliği ilə birgə təbliğ etməliyik. Dövlətimiz nə qədər güclü olsa, səsimiz bir o qədər eşidiləcək. İstər bölgədə, istərsə də dünyanın digər hissələrində gedən proseslər bəllidir. Qlobal güclərin, böyük dövlətlərin regionlarda möhkəmlənmək uğrunda amansız mübarizələri davam edir. Sadəcə olaraq bu, elan olunmamış bir savaşdır. Suriya, Liviya, İraqda baş verənlərə baxanda insanın içi sızıldayır. Terror dünyanı başına alıb. Bəzilərinə bu cür hadisələr bir film kimi görünə bilər. Amma işğalı, deportasiyanı, soyqırımını yaşamış insanların içində həmişə acı nisgil olur.


- Bəzən düşünürük ki, bizdən sonra gələn nəsillər Qarabağı xatırlaya bilməyəcək. Onların görmədikləri torpaqların təəssübünü çəkə bilməmələri sizi narahat edirmi?


- Düşünürəm ki, ailədəki tərbiyədən çox şey asılıdır. Övladlarımı dövlətimə, millətimə, torpağıma bağlı böyüdürəm. Sabah bilmirəm bu uşaqların fikirləri nə olacaq? Amma mən valideyn olaraq üzərimə düşənləri yerinə yetirirəm. Övladıma Qarabağı, onun tarixi keçmişini anladıram. Uşaq beyni ağ kağızdır. Nəyi necə anlatsan, o cür də davam edəcək.
Bir daha qeyd edirəm ki, Xocalını tərk edən hər bir kəs o torpaqlara qayıtmaq arzusu ilə yaşayır. Gənclər müəyyən qədər belə desək, başlarını səmərəli nələrləsə qatırlar. Amma yaşlı, xüsusilə ahıl insanlar üçün torpaq həsrəti çox çətindir. Onlar daha tez pessimistliyə qapılırlar. Bu, reallıqdır. Hətta mənim yeniyetmə, gənc yaşlarımda torpaqla bağlı hisslərim bu dərəcədə qabarıq deyildi. Hiss edirəm ki, yaş artdıqca, daha həssas oluram. Bilirsiniz, hər bir kişi həyatının sonuna kimi vətəninin əsgəri olmalıdır. Çox istərdik ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılsın. Bəzən deyirlər ki, qanla alınan torpaqlar qanla da geri alınmalıdır. Bu fikirlərlə razı deyiləm. Sülh yolu ilə torpaqları geri qaytarmaq mümkündür, sadəcə olaraq bunun üçün güclü iqtisadiyyat, düşünülmüş siyasət vacibdir. Lakin bu mümkün olmadıqda müharibə variantı ön plana keçəcək. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarıyıq, lakin öz doğma torpaqlarımızdan da heç bir vəchlə imtina edəsi deyilik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir