Modern.az

Qızıl olan nədir: susmaqmı, kommunikasiyamı?

Qızıl olan nədir: susmaqmı, kommunikasiyamı?

Aktual

20 Fevral 2018, 09:53

Yazıya kiçik bir giriş: kommunikasiya nədir?

 

Az qala hər gün və hər yerdəeşitdiyimiz bir cümlə var: Kommunikasiya özünün “qızıl” dövrünü yaşayır. Başqa sözlə, informasiya-kommunikasiya texnologiyalarının sayəsində ünsiyyətə o qədər məhkumuq ki, istəsək də ondan yaxa qurtara bilmərik.  

“Kommunikasiya” - “communicatio” latın mənşəli sözdür. Bir neçə məna ifadə etsə də, onlar mahiyyətcəbir-birinə çox yaxındır. Texniki vasitələrə aid hissələri nəzərə almasaq, qarşılıqlı anlaşmaya dayanan ünsiyyət aktı, iki və ya daha artıq insan arasında informasiya mübadiləsinə əsaslanan əlaqə mənasını ifadə edir. Burada verbal kommunikasiyanın – yəni problemin, anlaşılmazlığın danışıq (susub, susub, sonra acıqla məzəmmətedici, əsəbi tonda çımxırmaq və ya qışqırmaq yox) yolu ilə - toqquşmasız, qarşıdurmasızhəllinə köklənən ünsiyyətin altından xətt çəkməyi lazım bilirəm.

 

Kommunikasiyanı “qızıl” edən nədir və ya o niyə vacibdir?

 

Ünsiyyət aktı və ya kommunikasiyanın əsasında bir neçə vacib məqam dayanır – iki və daha artıq insanın bu prosesə cəlb olunması, informasiya mübadiləsi, qarşılıqlı hörmət və anlaşma. Başqa sözlə, kommunikasiya insanlar arasında hər hansı problemi, anlaşılmazlığı danışıq və fikir mübadiləsi vasitəsilə həll etmək gücünə malik “qızıl” bir vasitədir.

 

Həyatımızda kommunikasiyaya nə qədər yer veririk?

 

Yuxarıda bu barədə söz açmışıq artıq - kommunikasiyasız olmur. Sadəcə olmur, ola bilməz. Bununla belə hər bir kültürdə (adət-ənənələr, yaşayış və düşüncə sistemində) kommunikasiyanın öz yeri var – birində az, birində çox. Bəs bizim kültürümüzdə necə, çoxmu yer ayrılır kommunikasiyaya? Bu suala birmənalı cavab vermək çətindir. Ən əsası ona görə ki, cəmiyyətimizdə adət-ənənələrin təsiri ilə sosial-ictimai həyatın bəzi sahələrində kommunikasiyaya geniş yer verilir, bəzi sahələrində isə yox. Bir sıra məqamlarda kişilərin danışması, müzakirələrə qoşulması normal sayılır, bəzən isə qadınların. Başqa sözlə, kommunikativ rolların cinslərə görə paylaşıldığını aydın müşahidə etmək olar. Cəmiyyəti təşkil edən sosial qruplardan bəzilərinin kommunikasiya haqqı daha çox tanınır, bəzilərininki isə yox (məsələn, qadın və uşaqlarınkı). “Uşaqsan, otur uşaq yerində!”, “Qadın xeylağı danışığına fikir verər” və ya “Qadın xeylağı səsini ucaltmaz” kimi ifadələri lap erkən yaşlarımızdan eşidirik. İyerarxik cəmiyyət modelinin əsasında isə böyük-kiçik münasibətləri durur. “Böyük duran yerdə kiçik ağzına su alar, oturar” kimi deyimləri hansı birimiz eşitməmişik?

 

İctimai yerlərdə insanlarımızın davranışlarını izlərkən maraqlı məqamlar müşahidə etmək olar. Avtobus, mağaza, növbələr kimi insanların sıx toplaşdığı yerlərdə qayda pozuntusuna və ya narazılığa səbəb olan hallara yol veriləndə qadınların vəziyyətə az və ya çox dərəcədə kəskin reaksiya verməsi adi qarşılansa da, belə hallarda kişilərin müşahidəçi mövqeyində durması daha çox nəzərə çarpır. Bəzən bu hal qadınların hiddətinə səbəb olsa da (adətən bu münasibət “kişilər susur”, “bir kişi cınqırını çıxarmır” kimi ifadələrdə öz əksini tapır), məsələnin başqa izahı ola bilər. Adətən məişətlə bağlı ictimai qınaq və tənbehlərə qoşulmağı və səsini eşitdirməyi kişilər özlərinə əskiklik, qeyri-ciddilik hesab edə bilər, məsələyə “bu, kişi işi deyil”, “kişi belə xırda məsələlərə qarışmamalıdır”, “kişi çətinliyə dözməlidir” prinsipi ilə yanaşa bilərlər. Bu cür davranışı başqa məqamlarda da izləmək olar. İyerarxik bölgüyə digər bir misal – bir çox Şərq kültürlərinə xas olan böyük-kiçik anlayışı, daha doğrusu, böyüklər və kiçiklər (uşaq və gənclər) arasında gedən dialoqlarda istənilən halda böyüyün söz haqqına və digər haqlara (qərar vermək kimi) sahib olmasıdır.  Böyüklərə hörmət, onların həssas vəziyyətini, gözləntilərini nəzərə almaq, onların qərar vermək haqqını tanımaq, əlbəttə, kültürümüzün vacib təməl daşlarından biridir. Lakin bəzən bu üstünlük bir tərəfin digəri üzərində hökmranlığına və haqsız qərarların verilməsinə, bir sözlə, statusdan sui-istifadəyə yol açmamalıdır.

Deyilənlərdən aydın olur ki, ictimai həyatın bir çox sahələrində olduğu kimi, kommunikasiya sahəsində də rollar bölüşdürülə bilir. Bir çox hallarda münasibətləri aydınlaşdırarkən kimin HAQLI OLMASI deyil, tərəflərin hansı sosial təbəqəyə mənsub olması əsas götürülür və ondan adət-ənənələr sistemində öz sosial roluna uyğun davranması gözlənilir. Bir sıra hallarda ünsiyyətiyerarxik (böyük-kiçik), bəzən isə cinsi mənsubiyyət(qadındırmı, yoxsa kişimi) üzərində qurulmuş sabit, dəyişməz münasibətlər modelindəki “mövqelərə” - rollara əsasən həyata keçirilir. Onu da xüsusi qeyd etməyə ehtiyac yoxdur ki, bu vəziyyətin stereotiplərlə çox güclü bağlılığı var.  

 

Stereotiplərin kommunikasiyaya təsiri

 

Adət-ənənələrdən başqa bir də stereotiplər və onların müəyyən etdiyi “rollar” var. Burada adət-ənənələrlə stereotiplərin ciddi bağlılığı da qeyd olunmalıdır. Öncə onu qeyd edək ki, stereotipsiz toplum yoxdur. Onların mövcudluğu normaldır. Hər bir nəsnədə olduğu kimi, stereotiplərin yaranmasında, özəllik qazanmasında və “yaşamasında”xeyli sayda amil rol oynayır. Bu amillər arasında ən vacib olanı budur ki, stereotiplər insanı düşünmək, qərar qəbul etmək “yükündən” azad edir.Stereotiplərin güclü olduğu toplumlarda məsələnin danışıqlar və/və ya müzakirələr yolu ilə həll edilməsi, başqa sözlə, verbal (sözlü, danışmaq yolu ilə aparılan) kommunikasiyanın zəif olması qaçılmazdır. Çünki insanlar yox, stereotiplər “danışır”. İnsanlara sadəcə bu stereotiplər sistemində öz rolunu “oynamaq” qalır.

Kültürlə bağlı stereotiplərdən biri və çox mühüm sayılanıicitmaiyyət arasında utancaqlığın az qala kult, sitayiş obyekti qədər “ucaldılması” ilə əlaqədardır. Cəmiyyətdə aqressivlik dərəcəsini yüksəldən, nə qədər qəribə olsa da, məhz bu xüsusiyyətdir. Başqa sözlə, bir çox hallarda danışmaq, məsələni müzakirələr, fikir mübadiləsi vasitəsilə dinc yolla həll etmək əvəzinə susaraq hər hansı narazılığı, hiddəti içinə salıb bunun yavaş-yavaş çoxaldığını, gücləndiyini hiss etməyənlərin günlərin birində şiddət dərəcəsinə gələrək “partlaması” çox gerçək bir haldır. Çünki məsələyə münasibət bildirməmək, onu müzakirə edərək çözüm yollarının birgə səylərlə tapılmasına cəhd etməmək problemin həllinin tapılmamasına gətirib çıxarır. Problem həll edilməyibsə, onun yenidən təkrar-təkrar gündəmə gəlməsi və çətinlik yaratması qaçılmazdır. Biz hamımız ictimai yerlərdə insanların bir-birləri ilə acıqlı halda yüksək tonda, qışqıraraq, bir çox hallarda isə təhqiramiz və aşağılayıcı sözlərlə danışdıqlarının şahidi olmuşuq. Bu, bir çox hallarda ona görə yaranır ki, insanlar məsələnin həllinin danışıq və müzakirə yolu ilə həll edilməsi məqamında susur, vəziyyət gərginləşəndə isə gərilmiş əsəblərin diqtəsi ilə mübahisə və toqquşmalara gedirlər.Təəssüf ki, bu cür “kommunikasiya metodları” vəziyyəti daha da qəlizləşdirir. Hər bir sahədə olduğu kimi, kommunikasiyada da düzgün qərarlar sakit və təmkinli halda verilir. Unutmamalı ki, ağ və qara rənglərin arasında xeyli sayda digər rənglər, çalarlar var.

 

Kommunikasiya əskik olarsa və ya o lazımınca dəyərləndirilməzsə...

 

O zaman qızğın mübahisələr, dava-dalaş, təhqiramiz ifadələr və hərəkətlər bol olar. Əslində biz tez-tez bunun şahidi oluruq. Xəbər saytlarında az qala hər gün bıçaqlanma ilə bitən münaqişə və toqquşmalar haqqında məlumat görmək olar, həm də xeyli sayda. Münaqişənin həllinə yönəlmiş kommunikasiya metodlarının qıtlığı və ya düzgün, yəni qarşılıqlı hörmətə, etik normalara söykənən ünsiyyət qaydalarına əhəmiyyət verməmək bir çox problemlərin dava-dalaşla, qanlı hücumlarla bitməsinə aparıb çıxarır.

Bir sıra inkişaf etmiş ölkələrdə kiminsə kiçik də olsa narahatlığına səbəb olarkən üzr istəməmək çox böyük nəzakətsizlik sayılır və o şəxsin mədəni səviyyəsinin “axsaması” kimi qiymətləndirilir. Bəzi ölkələrdə, məsələn, Böyük Britaniyada üzr istəmək o qədər “başucalığı” gətirən bir hərəkətdir ki, küçədə toqquşma, ayaqtapdalama və oxşar hallar baş verdikdə kimin səbəb olmasından asılı olmayaraq tərəflərdən hansının birinci üzr istəməsi böyük nəciblik sayılır.

Məsələn, ictimai yerlərdə kiminsə bilmədən kimə isə dəyməsi, bəzən zərblə çarpması və sonra da üzr istəmədən keçib-getməsi kənardan o qədər də xoş görünmür. Bir çox ölkələrdə bu hərəkət – kiminsə narahatlığına səbəb olan toqquşma, çarpmaya görə üzr istəməmək - olduqca kobud hərəkət kimi qiymətləndirilərdi. Amma bizim bəzi insanlarımız həqiqətən də kiminsə narahatlığa səbəb ola biləcək qədər kobuddurmu? Bəlkə bunun başqa səbəbi var? Bəlkə o şəxs ürəyində həqiqətən də səbəb olduğu narahatlığa görə özünü qınayır, amma bunu verbal ifadə etməyə, yəni dilinə gətirməyə çəkinir. Məsələ burasındadır ki, bizim toplumda insanlarımız  bəzən ən adi məqamlarda belə verbal kommunikasiyadan qaçınırlar.

 

Utancaqlıqvə ictimai kommunikasiya

 

Yuxarıda kültürümüzə aid vacib bir cəhəti xatırlatmışdıq – utancaqlıq.Bu elə bil xüsusiyyətdir ki, insanı bir çox addımlar atmaqdan çəkindirir, hətta bu hərəkətlər çox pozitiv və faydalı olsa belə. Utancaq şəxs daim sıxılır, ünsiyyətdən, xüsusilə ictimai dialoq və müzakirələrdən qaçır, diqqət mərkəzində olmaqdan qorxur. Bu cür hallar isə qapanmaya səbəb olur və insanlararası ünsiyyət üçün lazım olan keyfiyyətlər inkişaf etməmiş qalır. Nəticədə utancaq insan daha da qapanır, çünki müzakirəyə qatılacağı halda onu davam etdirəcəyinə, məntiqli, əsaslı arqumentlərlə çıxış edə biləcəyinə əmin deyil.  Beləliklə, o şəxs insanlar arasında (əslində biz demək olar ki, həmişə insanlar arasındayıq) yaranan mübahisəli və ya danışıq yolu ilə həll edilməli olan məsələlərin müzakirəsinə qatılmır. Nəinki mübahisəli, hətta ən adi vəziyyətlərdə belə - məsələn, kimə isə dəydikdə üzr istəmək, kimə isə köməyinə görə təşəkkür etmək və s. – ünsiyyətə girməkdən qaçır. Dəfələrlə belə bir duruma şahid olmuşuq – bəzən kimsə kiməsə bərk dəyir və üzr istəmədən çıxıb gedir. Bu zaman qrəyimizdə belə adamları kobudluqda ittiham edirik.Ancaq belə davranışın səbəbi həmin şəxsin utanması, ünsiyyətdən qaçması da ola bilər.

Bu cəhət kültürdə əsas, aparıcı və hətta prioritet keyfiyyət olduqda isə vəziyyət xeyli qəlizləşir. Yuxarıda deyildiyi kimi, insanlar məsələni sakit ağılla danışmaq, müzakirələr yolu ilə həll etmək mərhələsini qaçırdıqlarına görə, vəziyyət lap qəlizləşəndə reaksiya verirlər. Bu zaman isə artıq aqressiv metodlarişə düşür.

Burada utancaqlığı zərərli və ya lazımsız bir cəhət kimi təqdim etmək kimi niyyətimiz yoxdur. Əlbəttə, bir sıra məqamlarda o da zəruri ola bilər. Sadəcə hər şey qədərində və yerində olmalıdır. 

 

Verbal ünsiyyət

 

Bu yazının əsas mesajlarından biri də verbal ünsiyyətin əhəmiyyətini qabartmaqdır. Artıq qeyd edildiyi kimi, biz həmişə insanlar arasındayıq – evdə, işdə, nəqliyyatda, dükanlarda və s. Təbii ki, insanlarla ünsiyyət və təmas zamanı bəzi problemlər ortaya çıxa və onların həll olunmasına ehtiyac yarana bilər. Barışcıl, anlaşmaya köklənən ünsiyyət bu məqamlarda əsl möcuzələr yarada bilər.

Ünsiyyət ancaq problem həll etmək üçün deyil, həm də hər hansı kiçik anlaşılmazlığı aradan qaldırmaq və ya informasiya mübadiləsi aparmaq, kimin üçünsə faydalı olmaq, kimdə isə pozitiv bir hiss oyatmaq üçün də lazımdır. Bütün bunları gerçəkləşdirmək üçün ən əsas vasitələrdən biri verbal, yəni sözlə, danışıq yolu ilə aparılan ünsiyyətdir. SÖZdən, DANIŞIQdan qorxmamalı və çəkinməməli, onun insanlara verə biləcəyi imkanlardan maksimum faydalanmalı.

 

“Sehrli” sözlər: onlar hansılardır və gücləri nədir?

 

Onlar çoxdur. Amma bəzilərinin dəyəri digərlərinkindən daha artıqdır. Biz hamımız onları çox yaxşı bilirik, gündəlik həyatımızda tez-tez işlədirik. Hətta diqqət yetirmişiksə, onları ifadə etməklə bəzən müsahibəmizə nə qədər pozitiv enerji ötürməyimizin də şahidi olmuşuq. “Zəhmət olmasa”, “təşəkkür edirəm”, “çox sağ olun”, “mümkündürsə”, “olarmı”, “sizə də əziyyət oldu” kimi ifadələrin çox müsbət enerji ötürmə gücü var. Onlardan hər biri qarşı tərəfə sayqını təcəssüm etdirir. Əsl “sehr” isə bundan ibarətdir ki, siz bu sözlər vasitəsilə qarı tərəfi düşündüyünüzü, özünüzü onun yerinə qoyduğunuzu nümayiş etdirirsiniz.

 

Bəs “sehrli” hərəkətlər?

 

Əslində sözlərin də, hərəkətlərin də arxasında hər şeyi həll edən güclü bir qüvvə durur – düşüncə. Məsələ burasındadır ki, yuxarıda haqqında danışdığımız adət-ənənələr və stereotiplərə uyğun rollar arasında

Nəyə görə “sehrli” sözünü işlədirəm? Ona görə ki, qarşı tərəfin vəziyyətini, ruh halını fikirləşdiyinizi göstərən bir söz və ya hərəkət kiçik “möcüzə” yarada bilər. Qarşınızdakı insana onun rahatlığını və vəziyyətini düşündüyünüzü hər hansı hərəkət və/və ya sözlə hiss etdirmək çox pozitiv nəticə verə bilər. Məsələn, tutaq ki, əlinizdə böyük çanta və ya bağlamalarla avtobusa daxil olursunuz və iki adamlıq oturacaqda yerlərdən birinin boş olduğunu görüb orada oturursunuz. Bu zaman əlinizdəki əşyalar yanınızda əyləşən şəxsə toxuna və onun rahatlığını poza bilər. Bunu soruşub müəyyən etməklə vəziyyəti düzəltmək olar. Adətən siz bu sualı verərkən qarşı tərəf onun halını düşündüyünüzü görüb hətta müəyyən qədər narahatlıq da hiss etsə, “Yox, mənə mane olmur” deyərəksizə də eyni xeyirxahlıqla cavab verir. Məsələnin maraqlı tərəfi isə budur ki, belə situasiyalarda kobudluq, yəni gəlib sərt hərəkətlə oturmaq, əşyaların dağınıq halda buraxaraq başqasına mane olub-olmadığına əhəmiyyət verməmək tamamilə (hətta bu məqamda 180 dərəcə ifadəsini işlətmək yerinə düşər) əks reaksiya doğura bilər.Bir sözlə, müsbət və mənfi hərəkətlərin, davranışıların özləri kimi reaksiya doğurmaq xüsusiyyəti var.

 

İnsanda İNSAN oyadaq və ya 3 D

 

Adətən pozitiv hərəkətlər pozitiv, neqativlər isə neqativ reaksiyaya səbəb olur. Bəzən insanda pozitivi oyatmaq üçün çox şey lazım olmur. Bu siyahı yetərincə qısadır – səmimi hörmətə dayanan diqqət, bir İNSANIN İNSANA qayğısı, pozitiv yanaşma.

 

Görkəmli şairimiz Rəsul Rzanın“Kamança” şeirindən iki misranı xatırlatmaq yerinə düşərdi:

İnsanda  insanda oyadın!

Kamança çalın!

 

Əlbəttə, kamança insanda insan oyatmaq üçün yeganə vasitə deyil. O vasitələr çoxdur. Onlar arasında ən təsirli və yayğın vasitə Düşüncəmiz, Dilimiz və Davranışımızdır – səbrlə, nəzakətlə danışmaq, başqasını dinləmək, özünü onun yerinə qoya bilmək, onun halını da düşünmək və bunu ona DEMƏKLƏ hiss etdirmək, heç kimin haqqını tapdalamamaq.

 

Təranə MAHMUDOVA,

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı