Modern.az

Azərbaycana birdəfəyə 4-5 bala verən qoyun cinsi gətirilib - FOTO

Azərbaycana birdəfəyə 4-5 bala verən qoyun cinsi gətirilib - FOTO

İqtisadiyyat

20 Fevral 2018, 10:44

Son vaxtlar Azərbaycandakı bəzi fermerlərin təsərrüfatlarında yüksək məhsuldarlıqlı keçi və qoyunların saxlanmasına üstünlük verilir. Bu cür fermerlədən birinin Modern.az-a verdiyi məlumata görə, şəxsi təsərrüfatında saxladığı keçi gün ərzində 5-6 litr süd verir. Eyni zamanda, qoyunlar bir dəfəyə 4-5 bala vermək qabiliyyətinə malikdir.

 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a deyib ki, bir çox fermerlər şəxsi təşəbbüslərilə həmin heyvanların ölkəyə gətirilməsində maraqlıdırlar:

“Həmin heyvanlar Azərbaycana nazirliyin sifarişilə gətirilmir. Ağcabədi rayonun Cəfərbəyli kəndində “BMS Aqro” təsərrüfatında “SAANEN” və “Alpin” keçiləri saxlanılır. Bildiyiniz kimi, 3 rayonda – Ağcabədi, Bərdə və İmişli rayonlarında ailə təsərrüfatına lizinq yolu ilə güzəştli şərtlərlə cins mal-qara verilib, güzəştli kredit hesabına isə intensiv heyvandarlığın inkişafı məqsədilə müasir tipli tövlə və lazımi süd sağma və yem aqreqatları ilə təmin edilib. Amma digər şəxsi təsərrüfatlardakı qoyun və keçilər nazirliyin sifarişilə gətirilməyib”.

 

Q.Abduləliyev deyib ki, “SAANEN”, “Alpin” və “Hələb” keçi cinsləri respublikamızdakı ənənəvi keçi cinslərindən daha məhsuldardır:


“Bu cinslər həm süd məhsuldarlığına görə, həm də bala verməsinə görə məhsuldardırlar. Bundan sonra qoyun cinslərindən “Romanov” qoyun cinsləri var ki, onlar bir dəfəyə 4-5 bala verir. Bu qoyun cinsləri daha çox Rusiya və Qazaxıstandadır. Bu qoyunlar həm ətinin keyfiyyətinə, həm də saxlanma şəraitinə görə bizim qoyunlardan fərqlidirlər. Amma çox bala verməsi həmin qoyunların bioloji xüsusiyyətidir”.

 

Onun sözlərinə görə, nazirlik tərəfindən bu cür keçi və qoyunların gətirilməsinin davam etdirilməsi hələ ki nəzərdə tutulmayıb:

“Hazırda cənab prezidentin tapşırıqlarının yerinə yetirilməsi üzərində iş gedir. Amma sahibkarların öz təşəbbüsü ilə xırdabuynuzlu heyvanların ölkəyə gətirilməsi və artırılması işləri aparılır. Cənab prezident tapşırıq verdi ki, bu il üçün 10 min baş südlük qaramal idxal olunaraq kənd təsərürfatı məhsulları istehsalçılarına lizinqə verilsin. Eyni zamanda, ölkəmizdə yetişdirilmiş cins damazlıq qaramal bu təsərrüfatlardan alınaraq ailə təsərrüfatlarına lizinqə veriləcək. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir