Modern.az

ABŞ səfiri Göyçayda nar bağlarını gəzib

ABŞ səfiri Göyçayda nar bağlarını gəzib

22 İyul 2011, 17:18

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza fermerlər, emalçılar və topdansatış alıcıları da daxil olmaqla, narçılıq sektorunun nümayəndələri ilə görüşmək, bu sektorda olan imkanlar və çətinliklərlə daha yaxından tanış olmaq üçün iyulun 22-də Göyçay rayonuna səfər edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a bildirilib ki, M.Brayza səfərinə regionun ən böyük emalçısı olan “Aznar”-ın istehsal və saxlanma avadanlıqlarına baxışla başlayıb. “Aznar” ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) texniki dəstək alır. Sonra səfir yerli topdansatış alıcıları ilə görüşüb və yerli fermerlərin nar bağlarını dolaşıb.

Cənab Brayza qeyd edib ki: “Birləşmiş Ştatlar Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə yardım etmək öhdəliyini öz üzərinə götürüb və kənd təsərrüfatı sektoru, ələlxüsus nar istehsalatı, çox effektiv əməkdaşlığa sahib olduğumuz bir sahədir. USAİD-in dəstəyi narçılıq sektoruna iqtisadiyyatın inkişafı və kənd əhalisinin rifahına mühüm töhfə verməyə kömək edir”.

O həmçinin vurğulayıb ki, USAİD uğurlu kənd təsərrüfatı təcrübəsi, ilkin məhsul təchizatı, soyuqda saxlanma idarəçiliyi, biçim sonrası qayğı və marketinq sahələrində təlimlər də daxil olmaqla, sektorda rəqabətin inkişafına dəstək verməyə davam edəcək. Səfir qeyd edib ki, məhsulun yaxşılaşdırılması yalnız satışların və gəlirin artmasına gətirib çıxarmayacaq, həmçinin aqro-biznes sahəsində böyük əhəmiyyəti olan yüksək maaşlı iş yerləri yaradacaq. M.Brayzanın sözlərinə görə, USAİD-inin texniki məsləhətçiləri bu mühüm sektorun inkişafını davam etdirmək istiqamətində davamlı səy göstərərək yeni və dinamik bazarlar tapmaq üçün sektorun aparıcı nümayəndələri ilə işlərini davam etdirəcəklər.

Səfərin ev sahibləri və səfərdə iştirak edən hökumətin regional nümayəndələri də USAİD-inin Azərbaycan Rəqabətlilik və Ticarət proqramı çərçivəsində aqro-biznesin inkişafına olan davamlı dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər