Modern.az

Arif müəllim, istəmirsən cənnətə düşəsən?

Arif müəllim, istəmirsən cənnətə düşəsən?

Aktual

20 Fevral 2018, 14:23

Xalq artisti Arif Babayev sanbalını gözləyən adamdır. Bu gün bu kişinin 80 yaşı tamam olur. 
Xəzər Universitetində mənə 3 ay "Azərbaycan Mədəniyyəti" fənnindən muğam dərsi deyib.


Akt-zalda xeyli adam vardı. Səhnədə trio ilə takta düşərək, "Şuşanın dağları"nı oxudum. Alqışladı bərk-bərk. Əla hisslər idi. 

 

Onda "10-EL-333" nömrəsi olan E class "Mercedes" sürürdü. Ondan sonrakı dərslərin yekununda maşının açarını və qavalını mənə verib deyirdi ki, "ə, bala, gəl götür görüm, bircə saa etibar eləyirəm".
16 yaşlı gənc üçün fərəhli məqam idi. Onun yüzlərlə şagirdi olub.

 

Yəqin ki, 3 ay dərs dediyi adam yadında qalmaz. Amma təkəbbürlü, təkəbbürlü olduğu qədər də ifalı görünən bu bazburutlu müəllim hər yadıma düşəndə fərəhlənirəm. Zaldakı alqışlar yadıma düşür. Həyatımda o qədər çox və gurultulu alqışım olmayıb. Yəqin tez-tez alqışlanan adamlar bu xoşbəxt hissi daha gözəl duyur.


Az sonra mən aşiq olacaqdım. Və dinlədiyim eşq mahnılarının içində bu gözəl xanəndənin "Sevgilimə könül açdım" mahnısı da vardı. 
 

...qorxuram ki, əhdin dana       
Bağrım olar şana-şana
Özü eşqə yana-yana
Rüsvay edər eldə məni.


Elə də oldu. O ailə qurdu. Və illərdən sonra anladım ki, keçid dövrünün eşqiymiş. Təmiz, saf, sevirmiş kimi təlqin olunan gözəl hisslər... Sevgi isə qabaqdaydı.

 

Nəysə, mahnı məni aparmamış müəllimə qayıdım. Azərbaycanın "köhnə kişilər"inin obrazı var bu adamda. Ağır oturub, batman gələn bu kişiyə Tanrı azı 20 il də ömür versin.

 

Bilirsiz, mən də elə bir hiss var ki, Arif Babayev ölsə, Qarabağ heç vaxt qayıtmayacaq! Həyat bu kişiyə öz torpağında ölməyi nəsib eləsin. Qoy getsin, bir ağız "Mirzə Hüseyn" segahı oxuyub, ürəyi partlasın, ölsün. Amma orada ölsün.

 

Kürəyi orada yerə dəysin. O zaman ruhu da behiştlik olar. Arif müəllim, yaşa qadam. İstəmirsən, cənnətə düşəsən?!

 

Orxan Məmmədli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!