Modern.az

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ  

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ   

Qarabağ

20 Fevral 2018, 15:29

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

Emənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı 8 ailə yer üzündən silinib.

Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda son nəfərinədək qətlə yetirilmiş 8 ailənin yaxınları ilə əlaqə saxlamağa çalışıb.  

“Qətl edilmiş 8 ailə”dən biri - Kərimovlar ailəsindən bəhs edirik. Dəhşətli qətliam gecəsi Samran Kərimov, həyat yoldaşı  Firəngül Kərimova, oğlanları  Firuz və Soltan Kərimovlar hamılıqla məhv ediliblər.

Ailənin sağ qalan yeganə qızı Sevda Kərimova acı xatirələrini Modern.az-la bölüşüb.


“Qardaşım hələ də itkindi”

 - Biz Qərbi Azərbaycandan deportasiya olunub Şuşaya gəldik. 2 il Şuşada yaşayandan sonra 1991-ci ildə oradan Xocalıya gəldik. 1992-ci ildə də Xocalı faciəsini yaşadıq.
Bir gecənin içində ailəmiz məhv edildi. Həmin vaxtlar 26 yaşım vardı. Böyük qardaşım Firuz leytenant idi, onu “İgidliyə görə” medalı ilə təltif ediblər. Kiçik qardaşım Soltan isə polis işçiydi. Qərbi Azərbaycanda yaşayanda anamın təndir “damı” vardı. Xocalıya gələndə yenə də həmin təndir “damından” düzəltdirmişdi.


1992-ci ilin fevralında Xocalıda vəziyyət çox gərgin idi. Üstündən 26 il ötməsinə baxmayaraq, hər ilin fevral ayı gələndə, elə bilirik ki, Xocalı soyqırımı indi baş verib. Bu elə bir faciədir ki, ömür boyu yaddaşımdan silniməyəcək. Həm də qəlbimə vurulan sağalmaz yaradır.


Atamı həmin gecə kürəyindən vurdular. Amma atam yaralı olsa da, bizimlə meşəyə qədər gəlmişdi. Deyirdi ki, “heç olmasa, məni Ağdama çatdırın. Bəlkə həkim sağalda bildi”.

1992-ci ilin fevralında 2 qardaşımı, anamı, atamı itirmişəm. Bir qardaşım hələ də itkindir. Heç bir xəbər yoxdur. O, polis idi.

Xocalı qətliamından sonra Ağdama gəldik. Qarajlarda, torpağın üstündə, heyvan damında yatırdıq. İşıq yox idi. Gecə ilə gündüzü səhv salırdıq. Çox ağır zamanlar idi. Mart ayında atamın, anamın bir qardaşımın cəsədi tapıldı. Onları dəfn edə bildik. Amma bir qardaşımı tapa bilmədim. Hələ də gözlərim Soltanı  axtarır. 2 qardaşdan birini tapa bilməmək bilirsiz nə deməkdir?! Çox ağırdı danışmaq. Hər il fevral ayı gələndə əhvalım qarışır. Həmin günlər gözümün qabağında canlanır. İllərdir ki, gözlərim yolda, qulağım səsdədir. Doğmalarsız bu il ərzində necə yaşamışam, bir Allah bilir.
                                                   


“Anam jaket toxuyarkən güllə yarası aldı”

 
Sevda Kərimova 1992-ci ilin fevralını xatırlayarkən, qəhər onu boğur.

- Atam 1941-45-ci il müharibəsində iştirak edib. Müharibə veteranı olub. Həmişə atamdan müharibənin necə bir hadisə olduğunu soruşurduq. Bilmirdik ki, bir gün gələcək, biz özümüz müharibə, vandallıq qurbanı olacağıq.

1991-ci ilin dekabr ayı idi. Qəfildən ermənilər evlərimizi atəşə tutmağa başladılar. Yadımdadır ki, həmin vaxt güllə gəlib anamın qolunu parçaladı. O zaman anam divanda oturub jaket toxuyurdu.  Xocalıda Məmməd həkim vardı. Anamın qolunu o sağaltdı.

Ermənilər bizi atəşə tutan kimi gedib qardaşımın qaynının qarajına sığınırdıq.  Fevralın 25-i axşam düşəndə yenə gedib ora doluşduq. Bir də gördük ki, hər tərəfi alov bürüyüb. Çıxıb gördük ki, hamı qaçır. Bütün şəhər sakinləri pərən-pərən idi. Ana balanı, ata oğulu axtarırdı. Hamı ağlaya-ağlaya ora-bura qaçırdı. Amma atam yerindən tərpənmək istəmədi. Dedi ki, evimi qoruyacam. Az keçməmiş atam sürünə-sürünə gəldi və “məni kürəyimdən vurdular” deyib yerə yıxıldı.

 
“1992-ci ilin fevralı Xocalıda toy olmadı”

Müsahibimiz deyir ki, 1992-ci ilin fevralında heç bir evdən gülüş, şadyanalıq səsi eşidilməyib.

- 1992-ci ilin fevralında heç bir evdən toy səsi eşidilməyib. Toy etmək havasında deyildik. Güllə-baranla üz-üzə qalmışdıq. O qədər nişanlı gənclərimiz vardı ki, fevral ayı hamı kimi onlar üçün də qara gəlmişdi. Elə nişanlılar vardı ki, Xocalı soyqırımında şəhid oldular.

İndi də fevral ayında toy, nişan edənlərə qarşı üsyankaram. Fevralda çağrıldığım toy-düyünə də getmirəm. Bu ayda edilən toyda adamın ürəyimi açılar?!

Xocalı o qədər gözəl şəhər idi ki! Heç birimiz Xocalının işğal olunacağını ağlımıza gətirmirdik. Atamdan soruşurdum ki, “sən müharibə görmüş adamsan. Ola bilərmi ki, Xocalını əlimizdən alsınlar?!”. O  da belə bir şeyin həyatı boyu olmayacağını deyirdi.
 

“Əynimiz, başımız cırıq-cırıq olmuşdu”

 
Xocalı sakini deyir ki, 1992-ci ilin fevralında nələr yaşamayıblar ki...

- Fevralın 25-i gecəsi Xocalıya bir qar yağmışdı ki, sözlə təsvir ediləsi deyil. Bayırda güclü şaxta vardı. Naxçıvanik istiqamətində ermənilər yolumuzu kəsdi. Yaşlılar üçün çətin idi. Yolun yarısında ayağımızdakı ayaqqabı çıxdı. (O gecə hərənin ayağında bir qaloş vardı) Həmin vaxt qardaşım dedi: "Sevda, sən qaç, yoxsa ermənilər səni girov götürəcəklər. Qaçmasan, səni özüm öldürəcəm”.

Qardaşım elə bilirdi ki, ermənilər onu öldürməyəcək. Sağ qalacaq. Amma əksinə oldu. Ermənilər qardaşımı meşədə öldürdülər. Ağzında qızıl dişi vardı, öldürəndən sonra onu da çıxartmışdılar. O vaxtlar qızıl diş qoymaq dəb idi. Sonra atamgildən ayrılıb başqa dəstəyə qoşulanda 10-15 nəfər bizi çağırmağa başladı. Orada çoxlu böyürtkən kolları vardı. Dərhal həmin kolların dibinə sığındıq. Əynimiz, başımız cırıq-cırıq olmuşdu. Qar da dizdən idi. Bizim Balakişi adlı bələdçimiz dedi ki, çağıranlar bizi aldadır. Onlar ermənidirlər. Biz erməni dilini bilirdik. İndi yadımdan çıxıb. Kolun içində oturanda bir də baxdıq ki, ermənilər öz əsgərlərinə tərəf qaçdılar. Bir onu eşitdim ki, “Türklər gəldi. Qaçın!” deyildi...

Sonra OMON-çular köməyə gəldilər. Bakıdan göndərilmişdilər. 50-yə yaxın OMON-çu vardı. Onlardan biri öz dilimizdə “Qorxmayın! Çıxın!” deyəndə biz dərhal kolların arasından çıxdıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı