Modern.az

DİN-də kollegiya iclası keçirilib, cinayətlərin statistikası açıqlanıb

DİN-də kollegiya iclası keçirilib, cinayətlərin statistikası açıqlanıb

22 İyul 2011, 19:45

İyulun 22-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

İclasda hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, «102» və «Təhlükəsiz Şəhər» xidmətləri tərəfindən məişət zəminində baş verib 2493 hüquqazidd əməlin, 147 ictimai asayişin pozulması faktının, 28 yanğının, 8 avtoxuliqanlığın və s. hadisələrin qarşısı alınıb, axtarışda olan 16 avtomobil saxlanılıb. «Məlumat Portalı» vasitəsilə 447 təqsirləndirilən şəxs müəyyən edilib, cinayətlərin açılmasında əhəmiyyət kəsb edən 270 minə yaxın sorğu cavablandırılıb. Avtomatlaşdırılmış kriminalistik laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 22,4 faizi (1954) üzrə sübut bazası toplanılıb. Bütün subyektlər üzrə 12.139 cinayət qeydə alınıb ki, onların 95%-i, yəni 11.520-si daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub.

Həmin cinayətlərin 90,5%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 9,5%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Ümumi cinayətlərin 82,2%-i, daxili işlər və prokurorluq orqanlarına aid olanların isə 83,4%-i açılıb. Qəsdən adam öldürməyə cəhdlərin açılması 3,3%, avtonəqliyyat oğurluğu faktlarının açılması 60% yaxşılaşıb, adam oğurluğu cinayətləri tam açılıb. Cinayətlərin ağır və xüsusilə ağır növləri 19%, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 7,2%, hədə-qorxu ilə tələb etmələr 33,3%, cibgirliklər 3,7% azalıb. Adamları girov götürmə və banditizm cinayətləri qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin 31 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 155, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isə «isti izlərlə» 566 cinayətin açılması təmin edilib. Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların da böyük əməyi olub  və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 85%-i məhz onların yaxından iştirakı ilə açılıb.
 
Nazir müavini vurğulayıb ki, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi rəhbər tutularaq müxtəlif cinayətlərə görə 6857 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub, yerli və dövlətlərarası axtarışda olanların 48,4%-i (2151-dən 1042-si) tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 68 nəfərin yeri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 233 ağır və xüsusilə ağır cinayət törətmiş 308 nəfəri birləşdirən 95 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 102 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bununla bərabər, qanunsuz dövriyyədən ümumi məbləği 382 min manat təşkil edən 4382 ədəd saxta milli və xarici əskinas, açıq satışı qadağan olunmuş 6 mindən çox dərman preparatı, habelə 185 kq civə və 600-ə yaxın saxta tədris vəsaiti götürülüb. Narkotraffikə qarşı mübarizədə həyata keçirilmiş sistemli tədbirlərlə, qanunsuz dövriyyədən 366 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 57 nəfərdən ibarət 22 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlərlə 63 fakt aşkarlanaraq 15 nəfər cinayət məsuliyyətinə cəlb olunub, bu növ hüquqazidd əməllərin qurbanı olan 26 şəxs müəyənləşdirilib. Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütövlükdə 408.342 inzibati xəta müəyyən edilib, 1895 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Avtomobillərinin şüşələrinə pərdə və plyonka çəkmiş 5130,  avtoxuliqanlıq etdiyinə görə 298 şəxs barəsində qanunauyğun tədbirlər görülüb. Müxtəlif inzibati xətalara görə tərtib olunmuş  411.381 protokol üzrə 369.979 nəfər cərimələnib, 1724 nəfər məhkəmələr tərəfindən həbs olunub. Məruzəçi, hesabat dövründə 20.265 ərizə və şikayətin araşdırıldığını, Nazirliyin rəhbərliyi və struktur xidmətlər tərəfindən 2500-dən çox vətəndaş qəbul edildiyini, qanunçuluğun pozulmasına qarşı həyata keçirilən davamlı mübarizənin müsbət nəticəsi olaraq polis əməkdaşlarından şikayətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1% azaldığını da bildirib.

İclasa yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqinjə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda Daxili Qoşunların hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirib.
Nazir əməliyyat-xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu, bir sıra ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə vaxtında adekvat reaksiya verilməməsinin ümumi fəaliyyətə mənfi təsir göstərdiyini qeyd edərək müvafiq istiqamətlərdə qarşıda duran vəzifələrə toxunub.

R.Usubov vətəndaşların müraciətlərinə baxılmasının keyfiyyətinin yüksəldilməsi, qanuçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşların peşəkarlığının artırılması, yeni informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması ilə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?