Modern.az

Rövnəq Abdullayevin istefası tələb olundu: "Azərbaycan futbolunu məhv edirlər"

Rövnəq Abdullayevin istefası tələb olundu: "Azərbaycan futbolunu məhv edirlər"

22 İyul 2011, 19:57

Əli Əliyevin sədri olduğu Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan futbolunun vəziyyəti ilə bağlı bəyanat verib. VİP mətbuat xidmətindən Modern.az-a daxil olan bəyanatda bildirilir.

“Azərbaycanın müstəqilliyinin bərpa olunmasından artıq 20 il keçsə də, öıkədə ən polulyar idman növü sayılan futbolda milli və klub komandaları səviyyəsində uğursuzluqlar davam edir. Təəssüf ki, Azərbaycanla eyni futbol məkanına mənsub olmuş postsovet ölkələrinin əksəriyyəti bu sahədə ciddi nəticələr qazansalar da, Azərbaycan futbolu tənəzzül zolağından çıxa bilmir.

Azərbaycan milli komandasının 2012-ci il Avropa Çempionatının seçmə oyunlarında, klublarımızın isə Avropa kuboklarının yeni mövsümündə göstərdiyi nəticələr futbol təsərrüfatında köklü dəyişikliklərin zəruriliyi haqda qənaətləri daha da möhkəmləndirib. Avropa kuboklarında iştirak edən 4 klubumuzdan 3-nün mübarizəni elə ilk mərhələdə  dayandırması vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu bütün çılpaqlığı ilə təsdiqləyir. 

Ölkədə futbolun inkişafına dair dövlət proqramının qəbul olunmasına baxmayaraq, futbol təsərrüfatına rəhbərliyi ələ keçirən və adları total korrupsiya ittihamlarında hallanan yüksək məmurların səriştəsizliyi bu sahədə irəliləyişə nail olunmasına imkan vermir. “Ənənəvi” iş üsullarını futbol təsərrüfatının idarəçiliyində də tətbiq edən AFFA rəhbərliyi, eyni zamanda, başçılıq etdikləri dövlət qurumlarının büdcəsi hesabına klub yaradan məmurlar ölkə futbolunda inkişafın qarşısını alan əsas faktora çevriliblər. Bu qüvvələr futbolun inkişafına töhfə verə biləcək peşəkarları AFFA-ya yaxın buraxmamaqla, Azərbaycanda futbolun məhvi prosesini stimullaşdırırlar.

Ötən müddət ərzində dayanıqlı uşaq futbol məktəbinin formalaşmaması, aşağı yaş qrupları üzrə və əsas milli komandanın autsayder statusunun davam etməsi və klublarımızın yerində saymasının məsuliyyəti birmənalı olaraq AFFA-nın, onun futboldan anlayışı olmayan rəhbərliyinin üzərindədir”.

Vətəndaş və İnkişaf Partiyası (VİP) yuxarıda qeyd olunanları əsas götürərək Azərbaycan futbolunun inkişaf yolunda başlıca maneə olan AFFA-nın mövcud rəhbərliyinin tam tərkibdə istefaya getməsini və bu qurumun peşəkarlıq əsasında yenidən formalaşdırılmasını tələb edir.

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır