Modern.az

Mətbuatımızın 50 yaşlı cavanı

Mətbuatımızın 50 yaşlı cavanı

22 İyul 2011, 23:19

Jurnalistikamızın sayılıb-seçilən nümayəndələrindən biri olan Xanoğlan Əhmədovun 50 yaşının tamam olduğunu eşidəndə, uşaq kimi sevindim. Nə gizlədim, insanların bir-birinə inam və etibarının azaldığı, yalanın meydan suladığı, haqqın qolunun gündə yüz dəfə büküldüyü bu fani dünyada 50 il alnıaçıq, üzüağ yaşamaq hər adama nəsib olmur...

Bu sətirləri yazmağa başlayanda nə qədər çalışsam da, Xanoğlanla ilk dəfə harda tanış olduğumu xatırlaya bilmədim. Çox güman ki, biz ilk dəfə hansısa tədbirdə görüşmüşük. Mən, 13 il əvvəl peşəkar jurnalist kimi fəaliyyət göstərməyə başlayanda, Azərbaycan mətbuatı özünün “qızıl dövrünü” yaşayırdı. O vaxt hələ “karusel jurnalistikası” inkişaf etməmişdi. Jurnalistlər bir xəbərin ardınca Bakının bu başından o başına gedirdilər. Biz bir gündə iki-üç tədbirdə iştirak edirdik. O vaxt Xanoğlan mənim indiki yaşımdaydı. Amma heç vaxt yaşının çox, təcrübəsinin zəngin olduğunu əsasa gətirib, gənc jurnalistlərə ağıl öyrətmirdi. Ağlı olanlar özləri Xanoğlandan çox şey öyrənirdilər. İlk növbədə isə məsuliyyətli olmağı, fakta soyuqqanlı yanaşmağı və zəhmətə qatlaşmağı...

Xanoğlan Əhmədov jurnalistikanın bütün janrlarında özünü təsdiq edib. O, xəbəri o qədər ustalıqla yazır ki, insan baş vermiş hadisəni asanlıqla gözünün önündə canlandıra bilir. Xanoğlan həm də maraqlı müsahibələr götürür. Onun müsahibləri heç vaxt Xanoğlanın qarşısında müdrik görkəm alıb, oxucuya ağıl öyrətmir. Xanoğlan öz müsahibələrndə əvvəldən axıra kimi situasiyaya nəzarət edə bilir. Xanoğlan Əhmədov həm də maraqlı reportajlar yazmağı bacarır. Onun dili sadə və oxunaqlıdır. O, sözün şəklini məkməyi bacarsa da, heç vaxt ona yamaq vurmur.
Mən bir neçə il əvvəl Xanoğlanın İrandan yazdığı reportajları oxuyanda, qiyabi də olsa sərhəddin o tayını gəzib gəldim. Xanoğlan öz reportajlarında hadisələri zərgər dəqiqliyi ilə təsvir etməya bacarır. Nəhayət, Xanoğlan həm də gözəl köşə yazarıdır. Amma o, bəzilərindən fərqli olaraq, jurnalistikaya köşə yazıları yazmaqla başlamayıb. Əksinə, jurnalistikanın bütün janrlarında özünü təsdiqləyəndən sonra köşə yazarı kimi fəaliyyət göstərməyə qərar verib. Elə buna görə də onun sözünün çəkisi var!

Xanoğlan Əhmədovun həyatının ən məhsuldar illəri yazılı KİV-lə bağlıdır. O, hər dəfə əlinə qəzet götürəndə onun qəribə qoxusunu ciyərlərinə çəkir. Xanoğlan və onun kimi peşəkar jurnalistlərin yaşaması üçün qəzet hava və su kimi vacibdir. Xanoğlan qəzetdən mənəvi qida almağı bacaran qəzetçilərdəndir...

Mən Xanoğlanla tez-tez məktəb yolunda görüşürəm. Bizim övladlarımız eyni məktəbdə oxuduğu üçün mən onun həm də gözəl ailə başçısı olduğunu müşahidə edə bilmişəm. Bəzi jurnalistlər haqqında deyirlər: həyatda yaxşı ola bilməyənlər yazılarında yaxşı görünməyə çalışırlar. Xanoğlan həm həyatda, həm də yazılarında yaxşı olmağı bacaran jurnalistlərdəndir. O, yaxşı jurnalist olmazdan əvvəl, həyatda özünü yaxşı insan, yaxşı ailə başçısı, yaxşı dost kimi təsdiqləyib.

Gənc və orta nəsli təmsil edən jurnalistlər Xanoğlan Əhmədova minnətdar olmalıdırlar. Jurnalistlərin böyük əksəriyyəti yaşlanmaqdan qorxur. Onlar elə bilirlər ki, yaşları 40-ı ötəndən sonra jurnalist kimi fəaliyyət göstərə bilməyəcəklər. Amma Xanoğlan sübut etdi ki, insan hətta 50 yaşında da 25 yaşında olduğu kimi gənc və gümrah qala bilər.

Dostum, 50 yaşın mübarək!

Yüzə gedən yolun qoy həmişə düz olsun...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi