Modern.az

Lenin, Kirov və başqalarının heykəlləri Bakıdan hara yoxa çıxıb?

 Lenin, Kirov və başqalarının heykəlləri Bakıdan hara yoxa çıxıb?

25 Noyabr 2009, 15:09

Prezident İlham Əliyevin «Monumental və heykəltəraşlıq abidələrinin qorunması» barədə sərəncamına uyğun olaraq paytaxtda Heykəllər xiyabanı yaradılmalıdır. Respublika ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə - memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və  abadlaşdırılmasının həyata keçirilməsi Mədəniyyət və Turizim Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Milli Elmlər Akademiyasına, o cümlədən, Rəssam və Memarlar ittifaqlarına tapşırılıb.

Mədəniyyət və Turizm Nazirliyi hazırda xiyabana yığılacaq abidələrin siyahısının müəyyənləşdirilməsi ilə məşğuldur.

 

Modern.az-ın Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyi məlumata görə, Heykəllər xiyabanının Bakı şəhərinin kənarında salınması nəzərdə tutulur. Xiyabanın yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyinin nəzdində heykəltəraşlıq abidələrinin və xatirə komplekslərinin ucaldılması və demontay edilməsi üzrə Ekspert komissiyası da yaradılıb. Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva saytımıza bildirib ki, hazırda komissiya aktiv fəaliyyət göstərir: “Ekspert komissiyasının tərkibi alim, akademik və mədəniyyət xadimlərindən ibarətdir. Dekabrın 1-də komissiya ilk iclasına başlayacaq”. Z.Əliyeva deyib, indiyə qədər ekspert komissiyası olmadığı üçün heykəl və abidələrin qoyulması, qorunması məsələlərinə dair müəyyən narazılıqlar vardı. Ancaq bundan sonra belə olmayacaq. Hər hansı bölgədə heykəl və ya abidə kompleksinin quraşdırılması planlaşdırılarkən onun sənədləri birinci növbədə Mədəniyyət və Turizm Nazirliyinə göndəriləcək. Sonra ekspert komissiyası sənədlərə baxacaq və müəyyən təkliflər verəcək. Təkliflər nəzərə alındıqdan sonra heykəl və ya abidə kompleksin harada ucaldılması haqda rəy veriləcək. Eyni zamanda ölkə ərazisində demontaj edilən bütün abidələrə ekspert komissiyasın tərəfindən rəy veriləcək və məsləhət bilinəcəyi təqdirdə Heykəllər xiyabanda yerləşdiriləcək.

Z.Əliyeva onu da qeyd edib ki, Heykəllər xiyabanı üçün yerin ayrılması Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb: “Bizə hələlik məlum deyil yer harada olacaq”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova isə Modern.az-a bildirib ki, xiyaban üçün ayrılacaq yer hələ müəyyənləşdirilməyib.

Dövlət Şəhərsalma Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev də  bu barədə onlara rəsmi təklif gəlmədiyini bildirib.

Qeyd edək ki, son illər Bakıda abidələrin yerinin dəyişdirilməsi və ya uçurulması az qala adi hala çevrilib. Uçurulan heykəllərin çoxu keçmiş bolşeviklərə məxsusdur. Bolşeviklərə məxsus abidələrin uçurulmasını təbii hesab etmək olar. Lakin onları götürəndən sonra tamamilə məhv etməkdənsə, qiymətli eksponatlar kimi ayrıca bir muzeydə saxlayıb gələcək nəsillərə nümayiş etdirmək olardı. Bəzi məlumatlara görə, Azərbaycan müstəqillik əldən edəndən indiyədək təkcə Bakı şəhərində böyüklü-kiçikli 50-ə yaxın abidə sökülüb.

Uçurulan heykəllər görkəmli sənətkarların yüksək səviyyəli əl işləri idi. Vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxmış şəxsiyyətlərin heykəllərinin götürülməsi lazım idi, amma gərək onları sənətkarlıq baxımından mühafizə edəydilər. Həmin heykəlləri bir yerə yığıb açıq havada muzey düzəltmək mümkün idi.

Həmin heykəllərin uçurulmasına başlanılanda «26-lar», Karl Marksın abidələrinin müəllifi heykəltəraş İbrahim Zeynalov belə təkliflə çıxış etmişdi, amma onun sözlərinə fikir verən olmayıb.

Qeyd edək ki, Moskvada da kommunsit liderlərə qoyulan abidələri söküb, bir yerə qoyublar. Həmin yer indi tarixi muzey hesab olunur.

Pribaltika respublikalarında da sovet dövrü heykəllərinin parkını düzəldiblər. Vaxtilə dünyaya meydan oxuyan kommunistlərin heykəlləri indi muzey eksponatı kimi xaricdən gələn qonaqlara nümayiş etdirilir. Deyilənə görə, həmin parka baxmağa gələn tamaşaçıların hesabına yaxşıca gəlir də götürülür.   

Azərbaycanda isə uçurulan heykəllərdən başqa cür qazanc əldə ediblər. Həmin abidələrin hara yoxa çıxdığı barədə çoxları heç nə bilmir. Modern.az bununla bağlı dövlət qurumlarından hər hansı məlumat əldə edə bilməyib. Yalnız Karl Marks və Caparidzenin heykəllərinin saxlanıldığı bildirilir. Deyilənə görə, tərkibində tunc, bürünc və digər qiymətli materiallar olan abidələr vaxtilə söküləndən sonra əridilib və yaxşı qiymətə xarici ölkələrə satılıb. Həmin aibidələrin qiymətli mərmərdən olan postamentləri də hansısa məmurlar tərəfindən mənimsənilib.

Sökülən heykəlləri düzəldən heykəltəraşlar isə artıq həyatda deyillər. Günay MUSAYEVA        

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir