Modern.az

Azərbaycan niyə özünün ayaqqabı brendini yarada bilmir...  

Azərbaycan niyə özünün ayaqqabı brendini yarada bilmir...   

İqtisadiyyat

22 Fevral 2018, 13:09

Ayaqqabı geyimin tamamlanması üçün vacib faktordur. Xüsusilə işləyən insanların ayaqqabısının rahat olması daha məqsədəuyğundur. Əks təqdirdə ayağınızı incidən, tərlədən ayaqqabı kefinizin pozulmasına səbəb ola bilir. Hətta həkimlər ayağı narahat edən çəkmələrin güclü baş ağrısına səbəb olduğunu da istisna etmirlər.

Azərbaycan insanını düşüncə tərzinə görə 2 qrupa ayırmaq olar: bahalı brendlərə üstünlük verənlər və cibinə uyğun geyinənlər. Birinci qrup adından da göründüyü kimi keyfiyyət və şöhrətə üstünlük verənlərdir. Amma araşdırmalar göstərir ki, elə ən çox aldananlar da “brend müştəriləri”dir.


İkinci qismə aid olanlar isə keyfiyyətdən çox məhsulun ucuz olmasına önəm verirlər. Məhsul Türkiyədən, Amerikadan, Çindən gətirilib, bunun heç bir önəmi yoxdur. Yararsız məhsulların bazarı cənginə aldığı, çoxunun hardan gətirildiyi, hazırlanma qaydaları, materialının təhlükəsizliyi bilinməyən ayaqqabılar alıcıları fəsadlar meydana çıxdıqdan sonra narahat edir. Ucuz dəridən, çoxlu kimyəvi maddələrin qatqısından hazırlanan ayaqqabılar ayaqda qızartı və pis qoxu yaradır. Qoxu sonra güclü qaşınma ilə müşayiət olunur ki, bu da ayaqda göbələk xəstəliyinin yaranmasına gətirib çıxarır. Yay vaxtında isə ayaqdan pis qoxunun gəlməsinə səbəb olur...
Bu məsələnin bir tərəfi. Digər tərəfdən də xarici ayaqqabı adı altında saxta mal almaqdansa, niyə öz brendimizi yarada bilmirik? Qeyri-neft istehsalının geniş təşəkkül tapmağa başladığı, xüsusilə xammalın olduğu bir dövrdə niyə ayaqqabı istehsalını genişləndirmirik?

 

“Biz xarici mallara meylliyik”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Modern.az-a deyib ki, Azərbaycanda ayaqqabı istehsalı kifayət qədərdir:


“Problem ondadır ki, Azərbaycanda satılan ayaqqabıların 70 faizi brend adı altında elə Azərbaycanda tikilir. Elə bizim sexlərdə tikilir, üzərinə xarici ölkələrin, əsasən də Türkiyənin etiketləri vurularaq satışa çıxarılır”.


Hüquq müdafiəçisi deyir ki, bunun əsas səbəbinin vətəndaşların xarici ölkə mallarına maraq göstərməsidir:

“Bizdə belə fikir formalaşıb ki, əgər mal xaricidirsə, mütləq keyfiyyətlidir. Ona görə də əksəriyyət əziyyət çəkib bu sahəni genişləndirmək, öz malımızı brendə çevirmək istəmir”.

 

“Təmiz dəridən hazırlanan ayaqqabılar azdır”

E.Hüseynovun sözlərinə görə, Çin və Hindistandan ştamplanmış neft məhsullarından, tullantılardan hazırlanan ayaqqabılar daha çox gətirilir:

“Ayaqqabıların təxminən 30-40 faizi dəri adı ilə dəri əvəzləyicilərdən tikilir. Brend sayılan bir çox dükanlarımızda az hallarda təmiz dəri ayaqqabıya rast gəlmək mümkündür. Bu sahədə istehlakçılar aldadılır. İstehlakçı keyfiyyətli məhsulu  əldə etmək üçün diqqətlə baxmalıdır. Natural dəridən hazılanan ayaqqabının içərisinin oturacaq hissəsində açılan dəri şəkli, şaquli hissədə dabanın iç tərəfində ayaqqabının hansı hissəsinin dəri, hansı hissəsinin süni materialdan hazırlandığı göstərilir”.

 

“Xammal və insan amili brend yaratmaq üçün yetərli deyil”


İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri, iqtisadi elmlər namizədi Azər Sərdarov Modern.az
-a bildirib ki, illər boyu Azərbaycanda dərzilik, pinəçilik kimi peşələr qeyri-azərbaycanlılar tərəfindən yayılıb:

“Bizim vətəndaşların belə şeylərə marağı olmayıb. Hətta bu peşələrlə məşğul olanlara yuxarıdan aşağı baxıblar. Bu gün üçün isə bizdə yalnız xammal var. Ayaqqabı istehsal etmək, onu brendə çevirmək asan iş deyil. İtaliyada illərdir ki, ənənə nəsillərdən nəsillərə ötürülərək gəlir və dünyada marka olub. İtaliyada adamlar var ki, ayağında “mazol”u göstərir ki, bu filan firmanın ayaqqabısının “mazol”udur. Onlarda brend yaradılır və dayanmadan inkişaf edir, əl işləri əlavə edilərək yenilənir, müxtəlif çeşidləri meydana çıxır. Bizdə xammal və zəhmətkeş insan var. Hanısa məhsulu istehsal edib brendə çevirmək üçün isə bunlar yetərli deyil”.

 

“İnsanlar geyimə görə bir-birilə yarışır”

İqtisadçı məsələni həm də azərbaycanlıların daha çox xarici markalara meylli olması ilə əlaqələndirir:

“Bu, ilk növbədə zövq məsələsidir. Təkcə bizdə deyil, əksər ölkələrdə xarici istehsaldan olan mallar prestijli hesab olunur. Yaxud elə insanlar var ki, deyir “mən geyindiyimdən heç kimdə olmasın”. Ən çox qadınlarımızın belə dərdi var, istəməzlər ki, hansısa toya gedəndə kimsə onun paltarından, ayaqqabısından geyinsin. Bu da təkcə bizdə deyil. İngiltərənin kraliçası təşrif buyurduğu ziyafətlərdə heç bir qadına qara rəngli libas geyinməyə icazə vermir. Çünki qaranı ancaq özü geyinir. Amma bizdə istənilən mal, o cümlədən də ayaqqabılar seriya ilə gətirilir. Yəni dolayısı ilə ən azı 10 nəfərdə həmin ayaqqabı olur. Bu düzgündür, yoxsa deyil, artıq insanların öz öhdəsindədir.

Ümumiyyətlə, ən bahalı paltarları çox da imkanlı adamlar geyinmir. İmkanlı adamlar ən rahat və ən təbii materiallardan hazırlanmış geyimlərə üstünlük verirlər. Özünü başqa heç nə də ifadə edə bilməyən insanlardır ki, gedib ən bahalı maşın, ən bahalı binada mənzil, ən bahalı telefon alır. Niyə? Öz aləmində digərlərindən üstün olduğunu göstərmək üçün. Adamlar var ki, qonaq otağı boyda mətbəxi var, amma heç orda bir dəfə də olsun yemək bişirməyib. Bizim bilmirik nədə yarışırıq, nə üçün yarışırıq. İstedad yoxdursa, qalır telefonla, geyimlə, ayaqqabı ilə yarışmaq..”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi