Modern.az

Xocalı soyqırımı bu ölkələrdə anılacaq – SİYAHI

Xocalı soyqırımı bu ölkələrdə anılacaq – SİYAHI

22 Fevral 2018, 13:27

Bu il, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı ən böyük tədbirlərdən biri fevralın 26-da Amsterdamda keçiriləcək.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Diasporla iş üzrə Dövlət Komitəsindən bildiriblər.

Rəsmi məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş konsert-rekviem təşkil olunacaq.

 

Amsterdamın “De Rode Hoed” Mərkəzində simfonik orkestrin iştirakı ilə baş tutacaq tədbirdə yerli ictimaiyyət nümayəndələri, xarici ölkələrdəki Azərbaycan icmasının üzvləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edəcək.

 

Avropanın digər dövlətlərində, Türkiyədə, ABŞ-da, Kanadada və digər ölkələrdə də Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Nyu Yorkda BMT-nin mənzil qərargahı və Ermənistanın nümayəndəliyi qarşısında, Vaşinqtondakı, Brüsseldəki Ermənistan səfirlikləri qarşısında, eləcə də Almaniyanın bir sıra şəhərlərində - Maqdeburq, Bielfel şəhrlərində, Niderlandın Haaqa şəhərində, Danimarkanın paytaxtı Kopenhagendə, İsveçin paytaxtı Stokholmda azərbaycanlıların etiraz aksiyaları, yürüşlər təşkil ediləcək və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşəcək.

 

Kanadada faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirlər demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edir. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə ictimaiyyətin diqqətini bu faciəyə yönəldir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması nəzərdə tutulur.

 

Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi qurumlara və beynəlxalq təşkilatlara müraciətlər kampaniyanın tərkib hissəsidir.

 

Qardaş Türkiyədə də Xocalı soyqrımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir. Türkiyənin Sakarya şəhərində “Xocalı soyqırımı” abidəsinin açılışı, Türkiyə Böyük Millət Məcilisində dinləmələr, İstanbulda “Xocalı soyqırımı paneli və foto sərgi”, Kocaeli Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş konfrans və digər tədbirlər keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?