Modern.az

Deputat xocalılarla görüşdü

Deputat xocalılarla görüşdü

22 Fevral 2018, 15:00

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuz rayonununda məskunlaşmış Xocalı köçkünləri ilə görüşüb. Görüşdə Oğuzun müxtəlif yerlərində məskunlaşmış xocalı ailələrinin nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin təmsilçisi, ictimaiyyət fəalları iştirak edib.

Modern.az-ın məlumatına görə, deputat  tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşdiyini və xalqımızın  yaddaşına əbədi həkk olunduğunu bildirib.

Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazılmışdır.


Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini almış, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması istiqamətində  məqsədyönlü və ardıcıl fəaliyyətə start verilmişdir. Bu siyasət indi də Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.  Faciə ilə bağlı 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır”.

Deputat həmçinin, 2016-cı ilin aprel döyüşlərindən, düşmənlə birbaşa qarşı-qarşıya dayanmış Cocuq Mərcanlı kəndinin bərpasından ətraflı danışıb.


Tədbirdə söz alan Xocalı sakinləri Aqiyə xanımın deputat seçildiyi dövrdən bu günə kimi hər il Oğuz rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüşə gəldiyinə və onların sosial problemləri ilə yaxından tanış olduğuna görə minnətdarlıqlarını bildirib. Onlar ölkə başçısının torpaqlarımızın azad olunması yolunda apardığı siyasətin uğurla nəticələnəcəyinə inandıqlarını, Prezidentin Xocalı faciəsinin anılması, xocalı qaçqınlarının həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı son fərmanlarını diqqətə çatdıraraq və bu qayğının ildən-ilə artırıldığından danışıblar.

Görüşün sonunda Oğuz rayonu ərazisində yaşayan Xocalı ailələrinə deputat tərəfindən ərzaq yardımları təqdim edilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir