Modern.az

Xocalı soyqırımı bəşəriyyətə yönəlmiş cinayətdir

Xocalı soyqırımı bəşəriyyətə yönəlmiş cinayətdir

23 Fevral 2018, 09:25

Pərvin Kərimzadə,
millət vəkili, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru,
tarix elmləri namizədi, dosent 

Bəşəriyyət neçə-neçə soyqırım aktlarının şahidi olub. Bu aktların hər biri insanlığa qarşı törədilən cinayət kimi tarixə yazılıb. Ruanda hadisələri, Yuqoslaviya qırğınları, Kambocada Pol Pot rejiminin törətdiyi cinayətlər və digər soyqırım aktları artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və beynəlxalq cinayət kimi qəbul olunub. Təəssüflə qeyd etmək lazımdır ki, tarixdə analoqu olmayan Azərbaycanlı soyqırımı indiyə qədər də öz lazımi qiymətini almayıb.

Tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluğun şahidi olarıq ki, harada pul, var-dövlət əldə etmək mümkünsə, ermənilər hamıdan əvvəl orda peyda olublar. Əvvəlcə yazıq, zavallı, sözəbaxan işbazlar kimi cildə girib, özlərinə yer etdikdən sonra isə quduzlaşıb, diş göstərib, arxada məkirli planlarını həyata keçiriblər. Mənfur ermənilərin torpaqlarımızda görünmələri, Bakının düz mərkəzində öz kilsələrini tikdirmələri, 1905-ci, 1918-ci illərdə və sonralar Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmələri, dinc əhalinin amansızcasına qətlə yetirilmələri buna əyani sübutdur.

Tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümumilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçdi. Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu  çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü ildə Budapeştdə keçirilən Zirvə toplantısında Azərbaycanın milli mənafeyini nəzərə alan qərar, eləcə də 1996-cı ildə Lissabon Zirvə toplantısında münaqişənin nizamlanmasının beynəlxalq hüquqi bazasını təşkil etmiş olan sənəd Ümummilli liderin siyasi iradəsi sayəsində qəbul olundu.

Əsası  Ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla  həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası  regional və beynəlxalq əlaqələrə daha yaxından  qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi  inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr yaradır.

Azərbaycanın dövlət rəhbərliyi, xaricdəki azərbaycanlı icmaları erməni təbliğatının saxta tezislərini, onun əsl mahiyyətini ifşa etmək üçün davamlı və məqsədyönlü fəaliyyət göstərirlər.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ, onun ətrafındakı daha 7 inzibati rayon işğal olunaraq, 1 milyon azərbaycanlı ermənistan ərazisindəki tarixi torpaqlarından və Azərbaycanın işğal edilmiş bölgəsindəki ata-baba yurdlarından didərgin salınıb, 18 mindən çox azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub, 4 mindən çox adam əsir və itkin düşüb, girov götürülüb, 877 şəhər, kənd və qəsəbə qarət edilib, dağıdılıb və yandırılıb.

1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı stansiyasında baş verən faciə dünya tarixində misli görünməyən soyqırım aktı idi. Bəşər tarixində ən böyük müsibətlərdən biri olan bu faciə zamanı bütöv bir şəhər erməni qoşunları tərəfindən yerlə-yeksan edilib, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülb, 487 nəfər şikəst edilib, 1275 sakin-qocalar, uşaqlar, qadınlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qalıblar. Bəşər tarixində iki misli görünməyən faciə baş verib: Xatın və Sonqmi faciələri.

Xocalı faciəsi bu hadisələrin öz müdhişliyi, dəhşəti və insanlığa sığmayan hadisələri ilə geridə qoydu. Xocalı faciəsi dünyada analoqu olmayan soyqırım aktı kimi tarixə düşdü.

Ermənilər tərəfindən qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilib. Məlum olduğu kimi, məhdud coğrafi zonada konkret millətə, irqə və ya etnik qrupa qarşı törədilmiş cinayətlər keçmiş Yuqoslaviya üçün qəbul edilmiş Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsində soyqırım aktı kimi qiymətləndirib. Eyni zamanda 1976-cı il Beynəlxalq Hüquqi Komissiya beynəlxalq cinayət anlayışını formalaşdırıb. Soyqırım, ətraf mühitin çirklənməsi, maddi-mədəniyyət abidələrinə zərər yetirilməsi və s. beynəlxalq cinayət hesab olunub. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi əməllər hər üç maddə üzrə beynəlxalq cinayətdir. Ermənilər azərbaycanlılara qarşı soyqırım aktları törətməklə yanaşı ətraf mühitin çirklənməsinə bais olmuş, külli miqdarda maddi-mədəniyyət abidələrimizə zərər veriblər. 1918-ci ildə Şamaxı qırğınları zamanı, Şamaxı Cümə Məscidi də daxil olmaqla maddi-mədəniyyət abidəsi məhv edilib.

1992-ci ildə ermənilər Şuşada daha bir vandalizmi həyata keçirdilər. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin heykəl və büstləri güllələdilər. Erməni vəhşiliyinin şahidi olan bu sənət nümunələrihazırda Bakı İncəsənət Muzeyində qorunur.

Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.

Bu gün dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab İlham Əliyev, yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirib. Nəticədə, Azərbaycan yalnız regionda gedən proseslər deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanıb. Ona görə də, bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi