Modern.az

Gecələr evdə drel işlədən qonşunu necə durdurmalı... - Hüquqşünas çıxış yolu GÖSTƏRİR  

Gecələr evdə drel işlədən qonşunu necə durdurmalı... - Hüquqşünas çıxış yolu GÖSTƏRİR   

Aktual

23 Fevral 2018, 09:33

Əksəriyyət ətraf mühitin "səs basqısı"na məruz qalır. Mütəxəssislərə görə, daimi müxtəlif səslərə məruz qalan insanın psixologiyası pozulmaqla yanaşı, digər fizioloji problemlər də yarana bilər. Xüsusilə bu  istiqamətdə qonşularından şikayət edənlər çoxdur. Belə ki, qonşuluqda gedən təmir işləri istər-istəməz  narahatlığa səbəb olur. Bu səs-küy axşam çağlarında - saat 18:00-dan sonra yaranarsa, vəziyyət daha da kritikləşir.
Məsələn, axşam saat 20:00-dan qonşu evdə drel işlədilirsə, onun səs-küyündən narahat olan digər qonşu nə etməlidir?

Belə hallar üçün qanunvericiliyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu?

Məsələ ilə bağlı  hüquqşünas Anar Ramazanov Modern.az-a deyib ki, ümumiyyətlə,bu kimi məsələlər, yəni qonşuluqdakı evin daxili təmiri, tikintisi, dizaynın dəyişilməsinə qanunvericilik imkan verir:

“Lakin müəyyən vaxtdan sonra bu kimi işlərin aparılması əgər qonşuları narahat edirsə, o halda narahat olan qonşunun şikayəti üzrə səlahiyyətli orqan  həmin şəxsləri cərimələyə bilər.  Bununla bağlı İnzibati Xətalar Məcəlləsində “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” adlı maddə var.  Bu maddədə qeyd edilib ki, “Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görəfiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir”.


Hüquqşünas qeyd edib ki,  bundan əlavə  Mülki Məcəlləyə görə,  “qonşu təsirinə dözmək” deyilən hüquqi maddə var:


“Yəni hər bir qonşu qonşuluqda olan ərazidən, binadan, mənzildən gələn səs-küy, toz və bu kimi müəyyən hallara dözməlidir. Daha dəqiq desək, qonşuluq hüququ  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir.Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin təsirini öz sahəsinə qadağan edə bilməz. Belə hallar ciddi narahatlıq deyilsə və yaxud müvəqqəti xarakter daşıyırsa, qonşunun təsirinə dözmək vəzifəsi var. Əgər narahatlıq qonşunun əhəmiyyətli dərəcədə hüququnu pozursa, ona maddi və mənəvi zərər vurursa, qonşu məhkəmə qaydasında dəyən zərəri tələb etmək hüququna malikdir.

Ümumi olaraq qanunvericiliyə görə, evində təmir işləri apara bilərsən, səs-küy də sala bilərsən, amma  bunu günorta saatlarında etmək şərtilə”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı