Modern.az

Pedaqoji Universitetin professoru: “O müəllim yaxşı müəllimdir ki...” - MÜSAHİBƏ

Pedaqoji Universitetin professoru: “O müəllim yaxşı müəllimdir ki...” - MÜSAHİBƏ

23 Fevral 2018, 10:16

Müsahibimiz pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmovdur.

 

Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurub, həmin ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunub. 1985-ci ildə bu institutun “Pedaqogikanın nəzəriyyəsi və tarixi” üzrə əyani aspiranturaya qəbul olunub. Hərbi xidmətdən sonra "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırıb, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, pedaqoji elmlər doktoru alimlik dərəcəsi adını alıb.
1998-2006-cı illərdə Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasının müdiri olub. 22 aprel 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır.
2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji fakültəsinin dekanı, böyük Elmi Şuranın üzvü və Pedaqoji fakültənin Elmi Şurasının sədri seçilib. ADPU -nun Elmi Şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" müsabiqəsinin qalibi olub. 2007-2012-ci illərdə ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri olub. 2004-cü ildən professordur. ADPU-da fəaliyyət göstərən Ümumi pedaqogika, Pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya şurasının sədr müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib. Təhsildə və elmdə qazandığı uğurlara görə "Tərəqqi medalı" (2006) ilə təltif olunub, "Əməkdar elm xadimi" (2012) fəxri adı alıb. F.Rüstəmov 30-dan artıq monoqrafiya, kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin doktorluq, 20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub. “Təhsil haqqında”  qanunu hazırlayan işçi qrupunun üzvü olub. Əsərləri Bakı, İstanbul, Tbilisi, Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunub.

Modern.az Fərrux Rüstəmovla söhbəti təqdim edir:
 

- Bu yaxınlarda yeni kitabınızın təqdimatı olub. Öncə bu haqda söz açardınız.


- Bu kitabda pedaqogika tarixindən başlayaraq, bu günə qədər Azərbaycanda təlim-tərbiyə nəzəriyyəsinin inkişaf tarixi, inkişaf tendensiyaları, mühüm məsələləri ümumiləşdirilib sistemləşdirilir. Kitabda həm Azərbaycan pedaqoji fikri, həm də maarifçilərimizin gördükləri işlərlə bağlı tədiqatlar ümumiləşdirilib. Həmçinin Azərbaycan təhsili ilə bağlı və pedaqoji fikrin inkişafına təsir göstərən xarici alimlər araşdırılır. Kitabda dünya şöhrətli Komenski, Uşinski və b. kimi tanınmış pedaqoqların adları da çəkilir. Pedaqogika elmi ümumdünya elmidir, bəşəri elmdir və bu təkcə Azərbaycan coğrafiyasında baş verən proseslərlə deyil, dünyada gedən pedaqoji proseslərlə əlaqədardır. Eyni zamanda burada Azərbaycan pedaqogika alimləri ilə rus pedaqogika alimlərinin əlaqələri və həm də Pedaqogika elminin inkişafını şərtləndirən amillər vardır. Tək dərsliklərin yazılması, kadrların hazırlanması, pedaqoji jurnalistika, pedaqoji tənqid - bunlar Pedaqogika elminin inkişafına təkan verən amillər olub.

Pedaqoji sahədə izi olan, tədqiqatı olan, nəfəsi olan hər bir insan barəsində burada kifayət qədər məlumat tapmaq olar. Müəyyən dərəcədə kitab ensiklopedik xarakter daşıyır. Böyük tədqiqatçı alimlər haqqında burada xırda oçerklər verilir, kitabla tanış olan adam oxuyur ki, akademik Mehdi Mehdizadənin hər hansı bir tədqiqatı var. Bu barədə oxuyan şəxs əgər Mehdi Mehdizadəni tanımırsa, yazının yanında Mehdi Mehdizadə haqqında məlumat və onun fəaliyyət xətlərindən söz açılır.


- Ömrünüzün bir hissəsini Pedaqogika elminə həsr edibsiz. Deyə bilərsinizmi bu elm bizə nə öyrədir?


- Pedaqogika sosial bir elmdir və bizim formalaşmağımızda mühüm rol oynayır. Geniş mənada bunu alimlər belə izah edirlər ki, tərbiyənin iki növü var: mütəşəkkil tərbiyə və qeyri-mütəşəkkil tərbiyə. Mütəşəkkil tərbiyə təhsil prosesidir, qeyri-mütəşəkkil tərbiyə isə ümumi həyatdan aldığımız tərbiyədir və bunun özü də bir pedaqogikadır. Qeyri-mütəşəkkil tərbiyənin, əslində, bir qanunauyğunluğu yoxdur. Bütövlükdə cəmiyyət, insanlar, sosial resuslar hamısı tərbiyə funksiyasını yerinə yetirməlidir. Pedaqogika bizə tərbiyəni, tərbiyənin qanunauyğunluqlarını və prinsiplərini öyrədir. Ali məktəbə gələn, gələcəkdə müəllimlik sənətinə yiyələnmək istəyən tələbə hökmən Pedaqogika fənnini dərindən mənimsəməlidir. Çünki bu ona təhsil-tərbiyəsi ilə məşğul olacaq uşağın şəxsiyyəti ilə bağlı ən zəruri məsələləri öyrədir. Həm də onun yaş və cinsi xüsusiyyətlərini, fiziki imkanlarını öyrədir. Ola bilər ki, bir metod burada səmərəli oldu, başqa yerdə səmərə vermədi. Ona görə də müəllimin əlində kompleks metodlar arsenalı vardır ki, bu, bir silahdır. Pedaqogika müəllim olan şəxs üçün ən gözəl bir silahdır. Müəllim silahlanmasa, müasir məktəbdə o özünə yer tapa bilməz. Pedaqogika müasir təhsil, tərbiyə nəzəriyyəsi ilə gələcək müəllimləri silahlandırır.


- Fərrux müəllim, sizcə, müasir müəllim hansı tələblərə cavab verməlidir?


- Zaman dəyişir, təhsil dəyişir, təhsilin məzmunu sürətlə dəyişir. Əvvəllər 10 ildə təhsil məzmunu bir dəfə dəyişə bilərdi, yəni 10 il ərzində bir kitab kifayət idi. Bir neçə il bundan əvvəl bu dəyişiklik beş ildən bir mümkün oldu. Hal-hazırda təsəvvür edə bilirsinizmi, dəyişiklik 48 saatdan bir olur. Əsl müəllim isə bu dəyişikliyə adaptasiya olmalıdır. O müəllim yaxşı müəllimdir ki, öyrənməyi bacarır. Öyrətməkdən çox müəllim öyrənməyi bacarmalıdır. Konfutsi deyirdi; “Biz bəzi şeyləri müəllimlərdən, bəzilərini kitablardan, insanlardan, bir çoxlarını isə şagirdlərdən öyrənirik”. Deməli, əgər müəllim öyrənməyi dayandırırsa, artıq fəaliyyətini başa vurmuş olur. Müəllimin özünün qabiliyyətləri, öz kompetensiyaları olur. YUNESCO-nun sənədlərində müəllimin üç başlıca kompetensiyası göstərilir: “İKT, pedaqoji və sosial kompetensiyalar”. Biz pedaqoji kompetensiyalardan danışa bilərik. Müəllim qarşısındakı şagirdi görməyi, onu oxumağı bacarmalı və daxili aləmini görməli, nə hiss etdiyini, yalan və doğru danışdığını bilməyi bacarmalıdır. Hazırda Azərbaycan cəmiyyətində ən çox çatışmayan kommunikativlik qanunudur. Burada ünsiyyət çatışmır, şagird-müəllim, müəllim-şagird arasında ünsiyyət bacarıqları, demək olar ki, sıfıra bərabərdir. Müəllim hər zaman çalışır ki, şagirdi oxutsun. Mən həmişə deyirəm: “İnsan bu dünyaya elə oxumaq üçün gəlib?”. İnsan üçün birinci ən böyük dəyər onun yaşamıdır, ikincisi isə ailədir, oxumaq isə vasitədir. Təhsil bir vasitədir. Biz təhsilli olsaq, özümüzü, ətrafımızı, insanları, yaradanımızı yaxşı dərk edərik. Təbii ki, təhsilimiz olsa... Biz təhsil alırıq ki, cəmiyyətə rahatlıqla adaptasiya ola bilək, rahat yaşayaq. Amma, birinci növbədə insan üçün ən vacib faktor onun həyatı və sağlamlığıdır. Bəzi valideynlər uşaqlarını hər şeydən, hər maraqdan uzaq tutub, onları ancaq təhsilə yönəldirlər. Bu ailələrdə isə yeganə məqsəd övladlarının ali məktəbə daxil olmasıdır. Əgər şagirddə hər hansı bir potensial yoxdursa, bu həmin biliyə heç vaxt yiyələnə bilməyəcək. Bəs biz nə etməliyik? Bəzi vaxtlar elə olur ki, insanlarla qarşılaşırıq, onlar seçdikləri peşədən narazılıqlarını bildirir, vaxtilə başqa peşəni istədiklərini, bu işə zorla gəldiklərini deyirlər. Biz uşaqlara elə bir təhsil mühiti yaratmalıyıq ki, şagird özü oxusun, onun içində həvəs yaransın. Elə öz yaşadığımız həyatdan bir misal çəkim. Məsələn, uşaqlar sentyabr ayı dərslərin başlamasına az müddət qalmış çox həvəsli olurlar, dərsin başlamasını səbirsizliklə gözləyirlər. Dərs başlanır, bir neçə aydan sonra uşaqların böyük əksəriyyəti dərsə getmək istəmir. Bəs buna səbəb nədir? Bu zaman narazılıqlar baş qaldırır. Məktəb rəhbərliyi, müəllim belə şagirdlərin oxumamasından şikayətlənir. Bəs niyə belə olur? Bəlkə də biz oxuda bilmirik. Axı onlar dərsə maraqla, böyük həvəslə gəlmişdilər. Bəlkə, biz onlara nələrisə maraqlı edə və həvəsləndirə bilmirik. Şagirdlər məktəbdə çərçivəyə düşür, məktəb qanunauyğunluqlarına adaptasiya oluna bilmirlər. Onu da qeyd edim ki, zehni əmək çox ağır əməkdir. Məsələn, alimlə fəhləni müqayisə etsək, görərik ki, zehni əməklə məşğul olan insan beyni, fəhləyə nisbətən 18 dəfə çox oksigen tələb edir. Ona görə də zehni əmək insanı tez yorur, şagirdlər də onlar kimi...


Hər bir insanın öz potensialı var, o potensialı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətində ciddi şəkildə intellektli insanlara ehtiyac yoxdur. Alim də var, həkim də var, siyasətçi də var. Bəs nəyə ehtiyac var? Əsl insana ehtiyac var. Məsələn, o, yaxşı alimdir, yaxşı bəstəkardır, yaxşı müğənnidir. Amma yaxşı insandırmı? Bizim məktəblərin funksiyası isə insan yetişdirməkdir, şəxsiyyət yetişdirməkdir. Təəssüflə qeyd etməliyəm ki, biz bunları bir kənara qoyub, başlamışıq ali məktəblərə tələbə hazırlamağa. Hər hansı məktəb direktoru qeyd edir ki, mən yaxşı direktoram, çünki mənim məktəbimin təhsil göstəriciləri yüksəkdir. Qeyd edim ki, onlar düşünmürlər ki, mənim məktəbimin funksiyası yaxşı alim yetişdirmək yox, yaxşı şəxsiyyət yetişdirməkdir. Cəmiyyətimizdə məktəb öz funksiyasını yerinə yetirmir. Keçən dəfə bir tədbirdə çıxış edirdim. Həmin tədbirdə bu fikirlərimi səsləndirdim- Müəllim çıxır lövhəyə və başlayır yazmağa. Əvvəl lövhəyə yazır bir və deyir ki, bu sizin şəxsiyyətinizdir. Bu sizin həyatda qazanacağınız ən böyük dəyərdir, bunu ömür boyu qoruyun. Daha sonra isə bir rəqəminin yanında sıfır yazır və deyir ki, bu, sizin uğurunuzdur. Uğurlu bir şəxsiyyət olmaq 1-i 10 edər. Yenidən bir sıfır yazır və deyir ki, bu isə təcrübədir, 10-u 100 edir. Sonra yeni-yeni sıfırlar yazır və hər birinə bir ad qoyur. Sonda isə gəlir və əvvəldə yazdığı biri silir və deyir: “Əsas sizin şəxsiyyətinizdir, əgər o şəxsiyyətiniz yoxdursa, qalan şeylər hamısı boş və mənasızdır”.

           
- Azərbaycanda müəllim hazırlığı haqqında nə deyə bilərsiz?

           
- Deyə bilərəm ki, bu gün müəllim hazırlığında ciddi problemlər var. Bu problem nədir? Öncə hər şey seçimdən başlayır. Konstantin Stanislavski deyir: “Teatr asılqandan başlayır”. Əgər tamaşaçı varsa, deməli, mən rolu yaxşı oynayacam və tamaşaçının çoxluğu mənə enerji verəcək. Biz tələbə qəbulu həyata keçiririk. Rəssam üçün rəng duyumu, musiqiçi üçün musiqi duyumu, müəllim üçün isə pedaqoji duyum olmalıdır. Hansısa tələbə müəllimlik sənətinə gəlibsə, mütləq onun yararlılıq qabiliyyəti yoxlanılmalıdır. Əgər İbtidai sinif fakültəsinə gələn tələbənin yazı və hüsnxət qabiliyyəti yoxdursa, onu həmin peşədən uzaqlaşdırmaq lazımdır. Bu zaman onun daxili potensialını, şəxsi qabiliyyətlərini üzə çıxarmaq və bacarığının yüksək olduğu sahəyə yönləndirmək vacibdir. Müəllim dediyimiz şəxs öncə nitq qabiliyyətinə malik olmalıdır. Əgər müəllimin nitqində qüsur varsa, şagirdlər o zaman müəllimdən heç nə öyrənə bilməzlər. Müəllim özünəqiymət verməyi bacarmalı, səliqəli geyinməli, nümunəvi və gözəl nitqə malik olmalıdır. Bir sahədə iki nəfər qeyri-əxlaqi hərəkət törədərsə, həmin hərəkət bir həftədən sonra unudulacaq. Ancaq bu hərəkəti müəllim törədərsə, o heç vaxt unudulmayacaq və müəllimə bir ömürlük ləkə olacaqdır. Müəllimlik müqəddəs bir peşədir. İndiki vaxtda valideyn uşağının öhdəsindən gəlməyi bacarmır, onu tərbiyə edə bilmir və düşünür ki, məktəbə yollayaraq orada tərbiyə olunsun. Deməli, müəllimin üzərinə böyük iş düşür. Müəllimə xalqın gələcəyini etibar edirik. Gələcəyimiz olan uşaqlarımızı onların öhdəsinə veririk. Hegel deyir: “Nəzəriyyə boş şeydir, o qurudur, həyat ağacı isə daim yamyaşıldır”.

           
- Bəs ali məktəblərdə tələbələr pedaqogikanı dərindən mənimsəyə bilirlərmi?

           
- Təbii ki, müəllimlik sənətinə yiyələnmək istəyən tələbə pedaqogikanı dərindən mənimsəməlidir. Biz buna çalışırıq. Son illər deyə bilərəm ki, təhsil standartlarının dəyişdirilməsi, yenilənməsi tələbələr arasında pedaqogikanı dərindən mənimsəmə qabiliyyətlərini üzə çıxarır. Çalışırıq ki, tələbələr pedaqogikanı mənimsəsinlər. Çünki onlar pedaqoji təcrübələrə cəlb olunurlar və bu zaman pedaqogikanı mənimsəməyənlər bu təcrübələrdə çoxlu çətinliklərlə qarşılaşırlar. Tələbələr pedaqogika imtahanından keçməsələr, pedaqoji təcrübəyə buraxılmırlar. Bu yaxınlarda 35 nəfər arasında sorğu keçirildi. Onların içərisində sırf müəllimlik sənətini sevən, gələcəkdə ancaq bu peşəyə sahib olub, bu sahədə işləmək istəyən 7 tələbə oldu. Əgər söhbət səriştəli və kompetensiyalı müəllim hazırlığından gedirsə, qəbul prosesi dəyişməlidir. Hətta mən deyərdim ki, qəbul imtahanlarında universitetlərin iştirakına şərait yaradılmalıdır. Əgər abituriyent qəbul imtahanında 500 bal toplayıb, gəlib kimya müəllimliyinə düşübsə, onun bu ixtisasa yararlılıq dərəcəsi yoxlanılmalı və bu fənni mənimsəyə biləcəyi bacarıqları qeyd olunmalıdır. Təbii ki, buna indiki dövrdə vaxt məhdudiyyəti imkan vermir. Məsələn, həkimlik sənətini istəyən şəxs müəyyən balı toplaya bilməyib, gəlib düşür biologiya müəllimliyinə və daim narazılıq bildirir. Nəticədə gələcəyinin necə olacağını heç kim düşünmür. Buna görə də təklif edirəm ki, qəbul qaydaları, proqram, ixtisas seçimləri dəyişilsin. Sırf müəllimlər üçün qəbul proqramı tərtib edilsin və oraya ancaq müəllimlik ixtisasını istəyən şəxslər müraciət etsinlər. Düşünürəm ki, belə olan halda, düzgün ixtisas seçimi və gələcəyə səriştəli müəllim hazırlamaq olar.

 Müasir məktəbdə çalışan müəllim pedaqogikanı öyrənə bilmir və yeniliklərdən xəbərsizdir. Hazırda şəhər və rayon məktəblərində müasir təlim metodlarına, biliklərə yiyələnən olduqca yaxşı müəllimlərimiz var. Amma treninqlərdən, müasirlikdən kənarda qalan, dərsi ənənəvi qaydada keçən və hələ “mən haqlıyam”, “mən mərkəzdəyəm”, “mən yeni dərs üsulunu bəyənmirəm” və s. fikirləri ilə yaşayan müəllimlər də var. Dəhşət orasındadır ki, bir çox orta ümumtəhsil ocaqlarında avtoritorizm hələ də qalır.

Dəfələrlə şahidi olmuşam ki, müəllimlər potensialı zəif olan şagirdlərə qarşı onları incidən və çox mənfi təsir edən ifadələr işlədirlər. Bu, tamamilə yanlış məsələdir. Bunun yanlış olduğunu hər kəs deyir. Amma əksər müəllimlər buna riayət etmir. Bizim vəzifəmiz hər hansı şagirdə alçaldıcı sözlər demək deyil, onları dəyişmək, onları şəxsiyyət kimi formalaşdırmaqdır. Bunun üçün öncə özümüzü, cəmiyyəti və baxış bucağımızı dəyişməliyik.

           
- Azərbaycanda təhsil infrastrukturu hansı səviyyədədir?

           
- Deməli, 1990-cı illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə İslahat Komissiyası yaradıldı və bu sahədə olduqca böyük işlər görüldü. Təhsil hüququ normativ bazası yaradıldı və sonrakı illərdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər davam etdirildi. Son illərdə cəmiyyətə keyfiyyətli təhsil vermək məqsədi ilə çox güclü infrastruktur yaradılıb. 3000-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilib və yaxud yenidənqurma işləri aparılıb. Mən iki il əvvəl Naxçıvan şəhərinə getmişdim və Batabatda oldum. Orada Biçənək adlı kənd var. O kənddə bir məktəb binası gördüm və inanın ki, mən belə məktəbin Azərbaycanda olduğuna çox şad oldum. Sanki Avropadakı hər hansı ali təhsil ocağıdır. Hazırda ən müasir məktəb binaları respublikanın ucqar rayon və kəndlərində yaradılıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban Əliyevanın və Fondun fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Sovet dövründə tikilən məktəblərin sayından çox məktəb binası tikilib və ən müasir avadanlıqlarla kompüterləşdirilib. Bu gün etiraf etmək lazımdır ki, orta ümumtəhsil məktəblərinin müasir kompüter infrastrukturu ilə təmin olunması imkanları ali məktəblərdən daha yüksəkdir. İstərdim ki, ali məktəb ocaqlarında da həmin imkanlar olsun. Belə məktəb binalarında olan infrastruktur heç Avropa məktəblərində yoxdur. Təbii ki, dərsliklər yeniləşir, yeni-yeni təlim texnologiyaları əlavə olunur, kurikulum sistemi təkmilləşir, müəllim hazırlığına yüksək qiymət verilir.

           
- Gələcək planlarınız haqqında danışardız?


-
Təbii ki, mənim əsas işim ibtidai sinif müəllimi hazırlığı ilə bağlıdır. Daha keyfiyyətli tədris planları haqqında müxtəlif təkliflərimiz var. Müəllim hazırlığında, əsl müəllim yetişdirmək üçün müəyyən kompetensiyalar mövcuddur ki, bəzən o kompetensiyaların müəllim hazırlığında heç bir rolu olmur və yoxdur. Bəzi fənlər var ki, onların tədrisdən çıxarılmasına, yaxud dərs yükünün azaldılmasına, həmin saatların ixtisas fənlərinə verilməsinə nail ola bilsək, hesab edirəm ki, təhsil daha səmərəli şəkildə olar. Tələbələrin sosiallaşması üçün müəyyən işlər görülür və bunlar yetərli deyil. Bunun üçün tələbə yataqxanaları, tələbə sığınacaqları olmalıdır. Çox təəssüflər olsun ki, bizim tələbə yataqxanalarımız, tələbə sığınacaq ocaqlarımızda məcburi köçkünlər yerləşdirilib. Əgər tələbə yataqxanaları yenilənib, təmir edilərsə, tələbələrimizin sosiallaşması üçün olduqca əlverişli mühit yaranacaq. Ümumiyyətlə, belə götürdükdə gənclərin çoxu narazıdır, evdə valideynlər, məktəbdə direktorlar, ali məktəblərdə dekanlar belə, narazıdır. Onlar şikayətlənirlər ki, tələbələr oxumur, çalışmır, öyrənməyə can atmırlar. Yaşlı nəsil yeni nəsli daha çevik təfəkkürlü, daha qabiliyyətli görmək istəyir. Görkəmli filosoflardan biri deyirdi ki, şərabla üzünü yuyanların sayı artıb, görəsən, bunların axırı necə olacaq? Yəni dediyim odur ki, bu narazılıq hər zaman olub. Dünya elmini, iqtisadiyyatını elə həmin narazılıqlar yaradıb. Vaxt var idi ki, Bill Qeytsdən də narazılıqlar var idi. O, heç universitetdə də təhsil ala bilmədi. Amma Harvard Universiteti ona diplom verdi. Bu gün onun univertsitetə yox, universitetin ona ehtiyacı var. Bizim tələbələrimiz debatın iştirakçısı oldu və şahidi oldum ki, çox məntiqli, yüksək təfəkkürlü gənclərimiz var. Biz inanırıq ki, Azərbaycan xalqının gələcəyi etibarlı əllərdədir. Heç də çalışmaq lazım deyil ki, hamı istedadlı olsun. Bu, mümkün deyil. Dünyaya gələn hər nəslin 3-8 %-i istedadlıdır. Onların da çoxu itib-batır və 0,3-0,7 %-i qalır. Bu faizlə isə dünyanı idarə edirlər. Yəni heç vaxt cəmiyyətin və millətin gələcəyindən şübhə etmək olmaz. Azərbaycanda çox gözəl təhsil infrastrukturu var. Xüsusilə, təhsil Prezidentimizin diqqətində olan bir məsələdir. Hamı başa düşür ki, tərəqqinin yolu təhsildən keçir. Hansı millət ki, təhsildə irəliləyir, deməli, o öndədir. Biz maddi kapitalımızı insan kapitalına çevirməliyik. Biz zəkalı, cəmiyyətə yararlı, ölkəsini, vətənini, torpağını, milliyətini sevən insan yetişdirməliyik ki, bizim bu günümüz, sabahımız, gələcəyimiz, əmin əllərdə olsun.



Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Aytən Əlisgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir