Modern.az

Əli İnsanov əfv ərizəsi yazıb?..  

Əli İnsanov əfv ərizəsi yazıb?..   

23 Fevral 2018, 13:55

Bu il prezident seçkilərindən öncə imzalanması gözlənilən əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan bir sıra məşhurlar da azadlığa çıxa bilər.

Bu barədə “Yeni müsavat” qəzeti məlumat yayıb. Qəzet yazır ki, sabiq səhiyyə naziri Əli İnsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir geriyə heç bir addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.

 

Ə.İnsanovun hüquqlarını müdafiə edən Toğrul Babayev Modern.az-a deyib ki, Ə.İnsanov əfv ərizəsi yazmayıb:


“Yazılanlar barədə isə məlumatsızam”.

 

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.

Lakin sonradan Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi