Modern.az

Dilimizi sevək, onu uşaqlarımıza sevdirək - FOTOLAR - VİDEO  

Dilimizi sevək, onu uşaqlarımıza sevdirək - FOTOLAR - VİDEO  

23 Fevral 2018, 14:53

Fevralın 22-də  Nizami rayonunda yerləşən Xalid Quliyev adına 62 saylı məktəb-liseydə “Ana dilimizi sevək!” adlı tədbir keçirilib. Tədbir hər il 21 fevral tarixində qeyd olunan  Beynəlxalq Ana dili gününə həsr olunub.

 

Modern.az saytı xəbər verir ki, tədbirdə məktəb-liseyin müəllim və şagird kollektivi, valideynlər,  “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib.


Şagirdlər tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirib, ana dili ilə bağlı müxtəlif musiqilər, şeirlər səsləndirib, rəqs nömrələri göstəriblər.

“Ana dilimizi sevək!” adlı tədbirin hazırlaması 62 saylı məktəb-liseyin musiqi müəllimi İradə Muradova və ədəbiyyat müəllimlərinin iştirakı ilə baş tutub.

Tədbirin mahiyyəti ana dilinin cəmiyyətimizdə, şagirdlərin yetişməsində rolunu ifadə etməkdən, uşaqların  öz dilini sevməsi, ona qayğı göstərməsi,  dilimizin gələcək nəsillərə ötürülməsindən ibarətdir. Tədbirdə həmçinin ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin, o cümlədən ölkə başçısı İlham Əliyevin rolu xüsusilə vurğulanıb.

Məktəb-liseyin direktoru  Mətanət Cabbarlı  çıxışı zamanı qeyd edib ki, hər il məktəbdə bu cür tədbirlər keçirilsə də, bu il daha geniş formada təşkil edilib:


“Dilimizin təbliği istiqamətində müəyyən işlərin görülməsində əsasən məktəblər  önəmli rol oynayır.  Çünki məktəblər cəmiyyət üçün bir vətəndaş, şəxsiyyət formalaşdırır. Bu baxımdan düşündük ki, bu il tədbiri daha geniş formatda keçirək. Çünki dilimizə yad sözlər daxil olur, dil unudulur, hətta bəzən ana dilinə qarşı soyuqqanlılıq görürük.  Tədbirin keçirilmə məqsədi ana dilinin gözəlliyi, rəngarəngliyini uşaqların dili ilə çatdırmaq idi. Uşaqların hamısı istedadlıdır. Amma bu istedadı aşkara çıxarmaq biz təhsil işçilərinin üzərinə düşür”.

Direktor bildirib ki, tədbirdə müəllimlərin uşaqlarla birgə ifası onların birgə  səmimiliyindən xəbər verir.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin  rəhbəri Təranə Məmmədova çıxışı zamanı öncə tədbirə dəvət aldığı üçün minnətdarlığını bildirib və tədbirin əhəmiyyətindən danışıb:

“Biz bir çox tədbirlərdə iştirak edirik, amma ana dilimizlə bağlı tədbirlər xüsusi əhəmiyyət daşıyır. Uşaqlar ana dilinin önəmini anlamalı və ona düzgün dəyər verməlidirlər”.

Tədbir məktəb-liseyin müəllim və şagird heyətinin birgə ifa etdiyi “Azərbaycan” mahnısı  ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır