Modern.az

“Bülbülcan” Gürcüstanda

“Bülbülcan” Gürcüstanda

23 Fevral 2018, 15:24

Gürcüstan mətbuatında yazıçı Gülhüseyn Kazımlı və publisist Vasif Quliyevin müəllifi olduqları “Bülbülcan” kitabından bir hissə dərc olunub.

 

Bu barədə Modern.az saytına Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist Mirzə Məmmədoğlu (Maşov) məlumat verib.

 

O bildirib ki, Gülhüseyn Kazımlı və Vasif Quliyevin Bülbülcan barəsində kitabını gürcü yazıçısı Naro Kolxeli ilə birlikdə gürcü dilinə tərcümə edib nəşrə hazırlayıb.

 

M.Maşovun sözlərinə görə, Gürcüstan Yazıçıları Milli Akademiyasının orqanı olan “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin bu günkü sayında həmin kitabdan bir hissə dərc olunub.

 

Qeyd edək ki, musiqi mədəniyyəti tariximizdə özünəməxsus iz qoyan sənətkarlardan biri də məşhur xanəndə Bülbülcandır. O, Qarabağın, musiqimizin beşiyi sayılan Şuşanın yetirməsi idi, 1841-ci ildə burada anadan olub. Şuşanın musiqi həyatı başqa xanəndələr kimi onun da bir sənətkar kimi formalaşmasında böyük rol oynayıb. O, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alıb.

 

Təhsilini başa vurduqdan sonra tarzən Sadıqcanla bərabər Qarabağ, Şəki, Şirvan və Gəncə şəhərlərində zəngin ailə məclislərinə, el şənliklərinə dəvət olunub. 1875-ci ildə Əbdülbaqi Tiflis şəhərinə köçüb.

 

O zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdə xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə yanaşı, məşhur rus, italyan musiqiçiləri də çıxış edirdilər. Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxuyub və bu çıxışdan sonra məşhurlaşıb. O, gürcü dilini də mükəmməl öyrənib, öz ifası ilə gürcü dinləyicilərinin rəğbətini qazanıb. Tiflisdə onu “Bülbülcan” deyə çağırıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir