Modern.az

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi

Aktual

23 Fevral 2018, 17:06

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.

Modern.az xəbər verir ki, Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu, Zərdab və digər rayonlardan olan vətəndaşları qəbul edib.

 

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüblər.

 

Heydər Əsədov Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

 

 

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Kənd təsərrüfatı naziri Ağsu şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Ucar, Kürdəmir, Göyçay, Ağsu, Zərdab və digər ətraf rayonlardan olan 82 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 2 508 648 manat məbləğində 135 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan 998 484 manat güzəştlə əlaqədar müvafiq sənədlər təqdim edilib. O cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə edilmiş kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.  

 

İndiyədək respublika üzrə 8585 istifadəçinin “Aqrolizinq” ASC-dən lizinqə götürdüyü 22256 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 195 000 176,87 manat məbləğində güzəşt tətbiq edilib.

 

 

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi də təşkil edilib. Ümumilikdə tədbir çərçivəsində 130 nəfərdən artıq mexanizatorun vəsiqəsi dəyişdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!