Modern.az

Lerikdə əhali müayinə olunur - Yataq xəstələri evlərdə yoxlanılır - VİDEO

Lerikdə əhali müayinə olunur - Yataq xəstələri evlərdə yoxlanılır - VİDEO

22 Fevral 2018, 17:51

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçiriləcək.

Modern.az xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, uzunömürlülər diyarı Lerik rayonunda da əhalinin tibbi müayinəsi tədbirlərinə başlanıb. Böyük minnətdarlıqla Lerik camaatı rayon mərkəzində, kənd xəstəxanalarında müayinə olunur, öz səhhətləri haqqında inandırıcı, doğru-dürüst  məlumat alırlar. Dispanserizasiyanın ən böyük  əhəmiyyəti  ondadır ki, xəstəliklər erkən aşkar edilir, insanların fiziki sağlamlığının təminatından ötrü laboratoriya təhlilləri, profilaktik yoxlamalar, müalicələr vaxtlı-vaxtında aparılır. Ən başlıcası insanların sağlam həyat tərzi yaşamasına yönələn  aksiyanı yüksək ixtisaslı həkimlər görürlər. Ehtiyac olduqda füloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Məhz buna görə də  müayinələr müvəffəqiyyətlə, yüksək səviyyədə aparılır. Odur ki, leriklilər hamı bir nəfər kimi dövlət başçısının nəcib, humanist təşəbbüsünü ürəkdən alqışlayır.

Lerik Rayon Mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev saytımıza açıqlamasında bildirib ki, 7 minə yaxın əhali planlı qaydada tibbi müayinədən keçib. Bunlardan 82 nəfərə ambulator müalicə təyin olunub, 6 nəfər satasionar mülicəyə cəlb olunub. 1 nəfər dərinləşdirilmiş müayinədən ötrü Bakı şəhərinə göndərilib”.

Baş həkimin sözlərinə görə əhalinin pulsuz müayinəsi uğurla davam edir. Heç kim yaddan çıxmır. Qocalar, yataq xəstələri səyyar həkim briqadası tərəfindən elə  evində hər cür müayinədən keçirlər: “Həftədə 1 dəfə hansı ərazilər ki, gələ bilmir, bizdə qrafik əsasında həmin kəndlərə həkimlər ezam olunur, bu da daşınan USM, rentgen aparatı, mütəxəssislər həmin ərazilərdə olurlar.”

Rayon icra hakimiyyətindən isə bildirilib ki, rayonun yaşayış məntəqələrində leriklilərə 78 səhiyyə müəssisəsi, o cümlədən 1 rayon mərkəzi, 6 kənd, 1 uşaq şöbəsi, 1 poliklinka , 19 həkim, 51 tibb məntəqəsi xidmət göstərir. Səhiyyə günün tələblərinə yaxşı cavab verir. Son illər rayonun səhiyyə işçilərinə, onların peşəkarlığına inam, etibar qat-qat güclənib. Bu da ondan irəli gəlir ki, rayon Mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən “Səhiyyə əlaçısı” adına layiq görülüb. O, öz işini gözəl bilir, insanların rifahı naminə onu vicdanla yerinə yetirir. Mübariz həkim rayonda aparılan sağlamlıq aksiyasının mütəşəkkil, yüksək keyfiyyətlə  aparılmasına daim  diqqət, nəzarət olmasını və bu işin uğurla başa çatacağını əminliklə söz verib.

Rayon sakini Gilas Aslanova Lerikin ucqar dağ kəndi olan Lərməruddən gəldiyin bildirib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı  yaratdığına görə dövlət başçına təşəkkür edirəm.

Rayonun yaşlı sakini Zahir Məmmədov xəstəxananın həkim heyətindən, burada yaradılan şəraitdən razılığını bildirir.  O demişdir ki, dövlət başçısının bu təşəbbüsü ancaq alqışa layiqdir. Bugünkü aksiya onu göstərir ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev, həm də onların sağlamlıqlarının qeydinə qalır.

Tibbi müayinədən keçən digər rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqların bildiriblər.

Sonda baş həkim, tibb elmləri üzrə fəlsəfə doktoru M.Ağayev onuda vurğuladı ki, müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü ürək damar sistemi, qan dövranı, sinir sistemi, və həzm sistemi xəstəlikləri təşkil edir. Aksiya may ayının 12-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?