Modern.az

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı müzakirəsi  

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı müzakirəsi   

23 Fevral 2018, 21:59

Bu gün ATƏT Parlament Assambleyası (PA) çərçivəsində qurumun hər üç komitəsinin (Siyasi məsələlər və təhlükəsizlik komitəsi, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsi və Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsi) birgə iclasında terrorizmə qarşı mübarizə üzrə xüsusi debat keçirilib. Modern.az-ın məlumatına görə,  debatda çıxış edən Milli Məclisin deputatı Elşad Həsənov bildirib ki, hazırda ATƏT məkanında ən böyük problemlərdən biri terrorizmdir və o, özündə qorxu, insan itkisi və məhvedici qüvvə ehtiva edir. Terrorizm və onunla bir yerdə doğulan separatizm ATƏT-in fundamental prinsiplərinə - insan haqları, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq ilə ziddiyyət təşkil edir. Buna əlavə olaraq, ölkələr arasında dialoqun olmaması bu mənfi prosesi daha da gücləndirir.

 

Deputat qeyd edib ki, müasir Azərbaycan tarixində terrorizmlə mübarizə mühüm yer tutur və Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələr sırasındadır. Üç gündən sonra Azərbaycan xalqı bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayətlərdən biri olan Xocalı qətliamının 26-cı ildönümünü qeyd edəcək. Bu soyqırımı hər bir Azərbaycan vətəndaşı üçün böyük faciədir. Ermənistanın hazırkı siyasi rəhbərliyinin birbaşa iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətdə 613 günahsız insan qətlə yetirilib, şəhər yerlə-yeksan edilib. Onilliklər keçməsinə baxmayaraq, bu gün də Xocalı daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altındadır və dinc sakinlərin qətlinə görə hələ heç kim məsuliyyətə cəlb olunmayıb.

 

Elşad Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma rejim yaradılıb. Bu rejim terrorizm, separatizm və nəzarətsiz silahlanmanın məskəninə çevrilib. Təəssüf ki, çox zaman terrorçuların bəzi dövlətlər və siyasi dairələr tərəfindən maddi dəstəklə təmin olunması, hətta terroristlərə siyasi sığınacaq hüququnun tanınması və onlara “azadlıq mübarizləri” adının belə verilməsi hallarına rast gəlinir.

 

Milli Məclisin deputatı çıxışının yekununda qeyd edib ki, bu gün Türkiyə ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünə təhlükə törədən terrorizmə qarşı təkbaşına mübarizə aparır. Türkiyənin Suriya ərazisindən gələn terrora qarşı mübarizəsini tam dəstəkləmək lazımdır. Əgər Yaxın Şərqdə terrorizm və etnik separatizm qələbə qazanarsa, bu, öz növbəsində, Avropanın təhlükəsizliyi və sabitliyi üçün böyük bir bəlaya çevriləcək. Ona görə də ATƏT PA terrorizmlə mübarizədə bütün istiqamətlərdə qətiyyətli mövqe nümayiş etdirməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...