Modern.az

Deputatlar icra strukturlarını monopolistlərlə mübarizədə səfərbər olmağa ÇAĞIRDILAR

Deputatlar icra strukturlarını monopolistlərlə mübarizədə səfərbər olmağa ÇAĞIRDILAR

Parlament

24 Fevral 2018, 15:32

Qarşıdan Novruz bayramı gəlir. Bu isə bahalaşmaya yeni bir bəhanə gəldiyini deməyə əsas verir. Hər il bayram öncəsi ət və digər ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bu il də bayram öncəsi bahalaşma dalğası gözəniləndir.

 

Son vaxtlar ən çox qiymət artımı kərə yağı və ərzaq məhsullarında özünü göstərir. Mütəxəssislər isə dəfələrlə bildiriblər ki, bahalaşmanın iqtisadi əsasları yoxdur. Qiymət artımı ilə bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırılıb. Hətta Milli Məclisin iclaslarında bəzi deputatlar ərzaq mallarının bahalaşmasına etirazlarını bildiriblər.

 
Amma hələ ki bahalaşmanın çarəsi tapılmır ki, tapılmır...

 

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a bayramqabağı süni qiymət artımının olması ilə bağlı danışıblar.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, hər il bayramqabağı süni qiymət artımı olur.

 

“Əsasən bayram süfrəsinə daxil olan ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Novruz bayramı ilə əlaqədar daha çox fındıq, qoz, un, şəkər tozu, yumurta, yağ və s məhsulların qiyməti qalxır. Hesab edirəm ki, qiyməti aşağı salmaq üçün alternativ tədbirlər görülməlidir. Yerlərdə yarmarkalar açılmalıdır. Bu yarmarkalarda qiymətlər bazarla müqayisədə 20-30 faiz aşağı olsun. İnsanlar da məhsullarını həmin yarmarkalarda ucuz qiymətə sata bilərlər. Çünki bazar rəqabətə dözə bilməyib qiymətləri aşağı salacaq.  Bununla da qiymət artımının qarşısı alına bilər”.

 

Deputat bildirib ki, xarici ölkələrdə bayramlardan sonra endirimlər başlayır.

 

“Bu endirimlər hətta 30,40,50 faizi əhatə edir. Son zamanlar bizdə də belə endirimlər başlayır. Bu çox yaxşı addımdır. Hesab edirəm ki, bayram öncəsi bir çox şəhərlərdə- Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və.s şəhərlərdə yarmarkalara açılmalıdır”.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib ki, cənab prezident İlham Əliyevin də qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı ilə bağlı atdığı addımlar artıq ölkədə qeyri-neft sektorunun prioritet bir sahəyə çevrilməsinə, xeyli dərəcədə ərzaq təhlükəsizliyimizin təmin olunması üçün böyük bir meydanın verilməsinə gətirib çıxarıb.

 

 “Xüsusən bayramqabağı bahalaşma ilə bağlı olaraq bu məsələ nəzarətə götürülməlidir. İndi qarşıdan Novruz bayramı gəlir, bizim adət-ənənəmizə uyğun olaraq başqa bayramlarda olmasa da bu bayramda hər kəs süfrəsini biraz zəngin saxlamağa çalışır. Bizdə bu qədər qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda bazarda qiymətlər enməlidir, çünki daxildə istehsal çoxdur. İstehlakçılar artıq daxili bazardan tələbat malları alırlarsa, demək ki ,xaricə nisbətən daha ucuz qiymətlərə alırlar. Ucuzlaşma əvəzinə bahalaşmanın olması absurd bir məsələdir, mən hesab edirəmki, müvafiq icra strukturları yenə monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdırlar.

 

O bildirib ki, tarladan süfrəyə bir qida zənciri mexanizmi var.

 

“Amma tarladan bazara, bazardan da istehlakçının süfrəsinə qədər o yoldakı baryerləri aşmaq üçün tədbirlər görülməlidir ki, birbaşa istehsal edənlərin bazara çıxmaq imkanları olsun. Arada vasitəçilik edənlər qiymətlərə təsir edə bilməsinlər. Süni şəkildə qiymətləri qaldırmasınlar. Ola bilər bu biraz bəsit məsələ görünsün amma aztəminatlı ailələr üçün bu çox mühim məsələdir. Bayram ərəfəsində qiymətlər qalxır və bir daha düşmür bu qiymətlər. Ona görə mən hesab edirəm ki, əhalinin əsasən aztəminatlı hissəsinin əhvalına müsbət təsir edən qərarlar qəbul edilməlidir.  Amma icrası üçün və xüsusən süni şəkildə bahalaşmanın qarşını almaq üçün müəyyən tədbirlər görülməsi də vacib şərtdir”.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə isə deyib ki, bayramqabağı süni qiymət artımın olması təlabatın artması ilə bağlıdır.

 

“ Bazar iqtisadiyyatına uyğun və anti – monopolist qanunlar qəbul edilməlidir ki, qiymətlər hansısa inzibati üsulla yox, bazar iqtisadiyyatına uyğun üsullarla tənzimlənsin.Nə qədər sahibkarların imkanlarında sərbəstlik olacaqsa, bu qiymətlərin aşağı düşməyinə öz təsirini göstərəcək. İnzibati üsullarla qiymətlər sovet sosialist iqtisadiyyatında müəyyənləşə bilər. Biz isə rəqabət olan bir iqtisadi sistem formalaşdırmalıyıq. Rəqabət Məcəlləsinin qəbulunu vacib sayıram. Hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması məhz sahibkarın xeyrinə olar. Çox təəssüflər olsun ki, bu məcəllənin qəbulu ləngiyir. Mənə elə gəlir ki, məhz real bazar iqtisadiyyatı da rəqabətin mövcud olduğu mühitdə formalaşır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır