Modern.az

“İlhamə Quliyevanın yeri görünür” - Bir mahnının TARİXÇƏSİ  

“İlhamə Quliyevanın yeri görünür” - Bir mahnının TARİXÇƏSİ   

25 Fevral 2018, 10:53

Azərbaycan tarixinə, mədəniyyətinə adını əbədi yazdıran sənətkarlarımız arasında mərhum xalq artisti İlhamə Quliyeva da var. Bu gün onun anım günüdür.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən sənətkarın evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmişdi. O, 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.

Mərhum xalq artisti  ifaları, duetləri ilə mədəniyyətimizdə silinməz izlər qoyub. Sənətkarın ən məşhur dueti ortağı Rəşad İlyasov olub.


Modern.az
  xalq artistini anım günündə yada salmaq üçün Rəşad İlyasovla həmsöhbət olub.

 

İlhamə Quliyeva necə biri idi?..

R.İlyasov bildirib ki, İlhamə xanım yerində iradı sevən, şən və gözəl yol yoldaşı idi:


“Düşünürəm ki, İlhamə xanımı yaxından tanıyan, onunla sənət yolunda bir addımlayan insanlar çox xoşbəxtdirlər. Çünki İlhamə xanım həqiqətən gözəl sənətkar idi. Bizim bir neçə dəfə səfərlərimiz olmuşdu.

Deyirlər, yaxşı insan yolda tanınır. O, çox gözəl yol yoldaşı idi. Qıraqdan eqoist xanım kimi görünə bilərdi. Amma mən heç vaxt bunu sezmədim.

Həmin duyğuları sezən zaman da bu insanın Tükəzban İsmayılovanın övladı olduğunu düşünürdüm. Bilirsiniz ki, Tükəzban xanım dövrünün ən sevilən xanəndələrindən biri idi. 3-4 yaşından İlhamə xanıma məşhur tarzən Həbib Bayramov atalıq edib. Ailənin yeganə qızı olub. İlhamə xanımın müəyyən konfliktlərinin də bundan irəli gəldiyini fikirləşirdim. Lakin səhnədə onun kaprizlərini görməmişəm.  İlhamə xanım yerli-yerində irad tutmağı sevirdi. Ola bilsin, bu, kobud səslənirdi.

Onun ölümü qəfildən oldu. Hətta bir neçə il bundan əvvəl əməliyyat olanda yanına getmişdim. Adətən xəstəni çox narahat etməzlər. İlhamə xanımı gördüm, özünə də dedim ki, vallah, heç xəstəyə oxşamırsınız.

Saç düzümü, kosmetikası yerində idi. Onun qəfil ölümü mənə pis təsir etdi. İndi İlhamə xanımın yeri görünür. Axırıncı dəfə İlhamə xanımı bir verilişin çəkilişində gördüm. Aramızda çox maraqlı dialoq keçdi. İlhamə xanım yenə bir-iki məsələlərə görə hirslənmişdi, od püskürürdü”.


"İlhamə Quliyeva həddindən artıq əsəbi idi..."

R. İlyasov sənətkarın mənfi xarakterlərindən də söz açıb:

“Dövlət  tədbirindən sonra bir ziyafətdə oturmuşduq, təbii ki, dövlət adamları da var idi. Gənc ifaçılardan biri “ucuz” fikir söylədi və bunun arxasında özünüreklam dururdu. Biz gülüb keçdik. Amma İlhamə xanım əsəbiləşdi və həmin adama acıqlandı: “Ay oğul, sən niyə belə danışırsan?. Bir məclisdə oturmusan, sözü ağzında bişir, sonra çıxar. Kiminsə xətrinə dəyər” dedi. İnanırsınız, o, əsəbiləşəndə həmin dəqiqə üzündə biruzə verir, təngənəfəs olurdu. Biz İlhamə xanımı sakitləşdirməyə çalışdıq. İlhamə xanımın ən mənfi cəhəti tez özündən çıxması idi. Bəzi hadisələrə bilmədən, öyrənmədən reaksiya verirdi. Sonra sakitləşəndə öz təmkininə qayıdırdı”.

 “Yaşın nə fərqi var ki..."

R.İlyasov 7-dən 77-yə hələ də hər kəsin sevərək dinlədiyi “Yaşın nə fərqi var ki”  mahnısının tarixçəsindən də  danışıb:

“İlhamə xanım çıxış etdiyim əyləncə mərkəzinə gəlmişdi. O, çox gözəl dinləyici idi. Onu səhnəyə dəvət etdim və “Sarı gəlin” mahnısını ifa etdik. Konsert bitəndən sonra mənə yaxışlaşdı və dedi ki, “mən sənilə duet oxuyacam”.  Mən də fikirləşdim ki, bu da digərləri kimi sözdə qalacaq, üstündən keçdim.
Bəstəkar, deputat Novruz Aslanın yanına getmişdim, mahnı götürəcəkdim. Otağa girəndə İlhamə xanım çıxdı. Həmin vaxt İlhamə xanım Novruz bəyə dedi ki, “bizim üçün bir mahnı yaz, Rəşadla duet oxumaq istəyirəm”.  Üstündən bir az keçdi, Novruz  müəllim zəng etdi ki, mahnı hazırdır. Dövlət televiziyasında işləyirdim, həmin gün iş vaxtıma düşdüyü üçün işdən çıxa bilmədim.

Uyğun vaxtda studiyaya getdim, mahnıya qulaq asdım. Bəstə ürəyimə yatdı. İlhamə xanım məndən qabaq mahnını ifa etmişdi. Mən də studiyaya girdim və ifa etdim.

Səs rejissorumuz Faiq müəllim də dedi ki, “İlhamə xanım, bu doğurdan da maraqlı işdir. İndiyə kimi belə mövzuya toxunulmayıb”. İlhamə xanıma təklif etdim ki, mahnının “Xəzanlı ömrümün hədiyyəsisən”  hissəsini dəyişək. Ona dedim ki, İlhamə xanım, mənim 24 yaşım var, “xəzanlı ömrümün hədiyyəsisən” deməyim yaxşı çıxmır. İlhamə xanım qayıtdı ki, “Nə demək istəyirsən?”. Mən də “Sevdalı ömrümün hədiyyəsisən” dedim və razılaşdı.

Mahnının sözləri İlhamə xanıma məxsusdur. Bir gün o, zəng etdi və mahnının sözlərinin hazır olduğunu bildirdi. İlhamə xanım çox həssas biri idi. Açığı, utanırdım, amma şeiri necə yazdığını soruşdum.  Dedi ki, gecə saat 4-də qəfildən ağlına gəldi və yazdı.

Əslində mahnı “İncitmə qəlbimi” adlanır. Amma “Yaşın nə fərqi var ki” bir deyimə çevrildi, hər kəsin dilinə düşdü. Elə İlhamə xanım özü ilk dəfə bunu demişdi. Kamran Həsənlinin “Sizin saat” proqramında Kamran mənə “Mən sənə “sən” deyə bilərəm” sualını ünvanladı. İlhamə xanım da dözməyib  “Yaşın nə fərqi var ki” oxumağa başladı. Ondan sonra da bu cümlə sloqan olaraq qaldı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu