Modern.az

Üçcildlik haqq sözü

Üçcildlik haqq sözü

Ədəbi̇yyat

25 Fevral 2018, 17:57

“XalqBank”ın böyük maraqla qarşılanan “Xalq Əmanəti” layihəsi çərçivəsində bu dəfə “Aşıq Ədəbiyyatı Antologiyası” işıq üzü gördü

 

 Azərbaycan xalqının zəngin mədəniyyətinə və incəsənətinə böyük ehtiramla yanaşan “XalqBank” ASC “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunu nəşr edib. Mədəni irsimizin sütunlarından hesab olunan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik “Aşıq poeziyası”, “Məhəbbət dastanları” və “Qəhrəmanlıq dastanları” kitablarından ibarətdir. Bu, maraqla qarşılanan “Xalq Əmanəti” layihəsinin sayca on altıncı nəşridir.

 

Neft kapitalı insan kapitalına belə çevrilir

 

“Aşıq Ədəbiyyatı Antologiyasi”nın “XalqBank”ın Baş ofisindəki Bədii Qalereyada keçirilən təqdimat mərasiminə aparıcılıq edən millət vəkili, akademik, Əməkdar elm xadimi Nizami Cəfərov bildirdi ki, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verən “Xalq Bank” mədəni irsimizin xarici ölkələrdə təbliği və gələcək nəsillərə ötürülməsi üçün də təqdirəlayiq addımlar atır. “Xalq Əmanəti” layihəsi çərçivəsində bu günə kimi görülən işlər ən xoş sözlərə layiqdir: “Bu, həm də dövlət başçımızın irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək!” fikrinin reallaşması üçün “Xalq Bank”ın gördüyü mühüm işlərdəndir”.

Nizami Cəfərovun sözlərinə görə, Dədə Qorquddan günümüzə qədər gəlib çıxan aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilməsi xalqımızın qədim mədəniyyətə malik olmasına verilən yüksək dəyərdir: “Aşıq sənətinin dünya miqyasında tanıdılmasında və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır”.

Akademik qeyd etdi ki, “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən formalaşan işçi qrupunun böyük tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən -“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”ndan  ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Antologiyada həm də müəllifi məlum olmayan əsərlər,  arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

Antologiyanın tərtibçilərindən biri və elmi redaktoru Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək bildirdi ki, sazın-sözün əzəli və əbədi missiyası xalqın dilini, ruhunu yaşatmaq, tarixi-mənəvi kimliyini, etnoq­rafik yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünə­məxsusluğunu, könül gözəlliklərini sirli-sehrli bir ecazkarlıqla sabahlara daşımaqdır: “Yüz illərin uzaq dərin­liklərində möh­təşəm oğuznamələri düzüb qoşan alp ozanların könül yadigarları bu gün bizim üçün ona görə əzizdən əzizdir ki, onların hər kəlməsində dilimizin, ruhumuzun, mənəvi varlığımızın aydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Aşıq sənəti mənsub olduğu xalqın mənəvi gücünü qürurla daşıması, yeni nəsillərə təlqin edib mənimsətməsi milli varlığımızın, o cümlədən istiqlal və dövlətçilik düşüncəmizin qorunub möh­kəm­lən­dirilməsində mühüm rol oynamaqdadır. Aşıq poeziyamızın, eləcə də dastanlarımızın bir özəlliyi də ondan ibarətdir ki, saz-söz yaddaşında vətən coğrafiyası, tarixi yurd yerlərimiz, müqəddəs ulu torpaqlarımız sıx-sıx yer alıb. Dastan qəhrəmanlarımız Təbrizdən, İrəvandan, Dərbənddən, Tiflis-Borçalıdan, Göyçədən, Qarsdan, Urmiyadan, Mərənddən hərəkətlənib yaxın-uzaq elləri dolaşırlar. Yüzilliklərdən gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqlardandır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb”.

 

Məhərrəm Qasımlının fikrincə, «Aşıq haqq aşığıdır», «aşığa zaval yoxdur», «aşığın dilinə yasaq yoxdur», «aşığın sözü haqq sözüdür», kimi daşlaşmış el kəlamlarından aşığın cəmiyyətdə, el-oba arasında nə qədər böyük tarixi status, mötəbər mövqe daşıdığı aydın görün­məkdədir: “Əlbəttə, belə yüksək ehtiramın çeşidli səbəbləri var. Burada  xalqın tarixi-mədəni yaddaşını qoruyub daşımaqdan tutmuş, zəngin həyat təcrübəsindən gələn müd­rik kəlamlarla, hikmətamiz ustadnamələrlə çevrə­dəkilərin mənəvi tələba­tını ödəmək, lirik-aşiqanə qoşma-gəraylılarla gözəllik və məhəbbət zövqü aşıla­maq kimi çoxsaylı amillər əsas rol oynayıb”.

Aşıqlar Birliyinin sədri nəfis şəkildə hazırlanan antologiyanın ərsəyə gəlməsinə göstərdiyi maddi və mənəvi dəstəyə görə “Xalq Bank”ın rəhbərliyinə, əziyyəti olan hər kəsə minnətdarlıq etdi.

 

Tanınmış ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev üç cilddən ibarət “Aşıq Ədəbiyyatı Antologiyası”nın işıq üzü görməsini mühüm mədəni hadisə kimi dəyərləndirdi: “Artıq bir neçə ildir ki, “Xalq Bank”ın Bədii Qalereyası mənəviyyatımızı, mədəniyyətimizi təbliğ edən bir mərkəzə çevrilib. Özəl şirkətin bu yöndə fəaliyyəti gözəl nümunədir. Təqdimatına toplaşdığımız “Aşıq Ədəbiyyatı Antologiyası” saz-söz sənətinin təbliğinə, yaşadılmasına öz töhfəsini verəcək”.

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı da “Xalq Əmanəti” layihəsi çərçivəsində ərsəyə gələn üçcildliyin gələcəkdə araşdırmaçılar üçün dəyərli və ciddi elmi mənbə olacağına inandığını bildirdi. 

 

Poeziya, Məhəbbət və Qəhrəmanlıq bir arada

 

“Xalq Əmanəti” kimi mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası”nin birinci cildi “Aşıq poeziyası” adlanır. Kitabda Dədə Qorquddan başlayaraq Yunus Əmrə, Qurbani, Aşıq Qərib, Abbas Tufarqanlı, Qaracaoğlan, Xəstə Qasım, Ağ Aşıq, Dadaloğlu, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Sona, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Mikayıl Azaflı, Narınc Xatun, Aşıq Pənah, Bəhmən Vətənoğlu, Aşıq Ədalət, Aşıq Rza Qobustanlı, Aşıq Haşım Qubalı, Aşıq Ulduz Sönməz, Aşıq Əhliman Şirvanlı, Gülarə Azaflı da daxil olmaqla 168 saz-söz sənətkarının yaradıcılığından nümunələr yer alıb. Bəzi materiallar antologiyaya ilk dəfə daxil olunub.

 

İkinci cild “Məhəbbət dastanları” adlanır. Bu kitabda dastanlaşan ilahi məhəbbət abidələri - “Yetim Aydın”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Arzu və Qənbər”, Tahir və Zöhrə”, “Valeh və Zərnigar” və s. yer alıb.   

 

Antologiyanı “Qəhrəmanlıq dastanları” tamamlayır. Sonuncu cilddə “Koroğlu”, “Qaçaq Kərəm”, “Qaçaq Süleyman”, “Qara Tanrıverdi”, “Hacı Tağı”, “Qandal Nağı”, və “Səttarxan” dastanları təqdim olunub.

 

Antologiyanın tərtibçiləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Mahmud Allahmanlı, nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızıdır. Bədii tərtibat və dizayn Tərlan Qorçunundur. Antologiyada Xalq rəssamı Arif Hüseynovun illüstrasiyalarından istifadə olunub və “Xalq Əmanəti” layihəsi çərçivəsində hədiyyəlik nəşr edilib.

 

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi “Xalq Bank” ASC-nin ideyası kimi 2010-cu ildən etibarən həyata keçirilir. Rafiq Həşimovun rəhbərlik etdiyi layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihənin redaktoru Səlim Babullaoğludur. “Xalq Əmanəti”ndə nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin  xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə edilir. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.

 

Etibar CƏBRAYILOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?