Modern.az

“Böyüməyən uşaqlar” – Ermənistana sillə kimi CAVAB

“Böyüməyən uşaqlar” – Ermənistana sillə kimi CAVAB

25 Fevral 2018, 20:22

Ermənistan hakimiyyəti quruda can verən balığa bənzəyir. Qarabağlı olmayan erməni əsgərləri Qarabağ uğrunda ölür. Rəsmi İrəvan isə beynəlxalq sənədləri təhrif etməklə erməni xalqının ölən ümidlərinə can verməyə çalışır.

Həftənin hesabatını təqdim edirəm.

 

Ölkədə seçki ab-havası davam edir. Namizədliyi qeydə alınanlar imzatoplama kampaniyasına başlayıb. Yeni namizədlərin də sayı artır.

Türkiyənin Afrində başladığı “Zeytun budağı” əməliyyatı davam edir. Türkiyə Silahlı Qüvvələri bu günə kimi 2018 terrorçunu zərərsizləşdirib.

Gürcüstanın sabiq prezidenti Saakaşvilinin oyunları hələ də davam etməkdədir. Sonluq hər kəsə çox maraqlıdır.

 

Ermənistanın xarici işlər naziri elə düşünür ki….

 

Yola saldığımız həftəyə hansı prizmadan yanaşmaq istəsək də, Xocalı həftəsi olduğunu unuda bilməzdik. Çünki Xocalı dəhşətlərini yaşayan şahidlər üçün fevral ayı həmişə qan ağlayır. Hətta, fevralda çalınan vağzalıya qol qaldıra bilməyənlərin gözlərinə baxmağa cəsarətimiz belə çatmır.

 

Faciənin 26-cı ildönümü ərəfəsində acılarını o günkü kimi xatırlayanlardan  fərqli olaraq Ermənistan hakimiyyəti real faktları, beynəlxalq hüquq normalarını təhrif etməyə çalışır. Belə ki, cinayətkar rəhbərlik növbəti hədyan açıqlamaları ilə aranı qatmaq həvəsinə düşüb. Ermənistanın xarici işlər naziri Eduard Nalbadyan Avropa Parlamentində Dağlıq Qarabağla bağlı özlərinə sərf edən şəkildə  danışıb. Bir halda ki, işğalçı ölkənin başında Xocalı faciəsinin təqsirkarları oturub, deməli, onların komandasında təmsil olunanlardan  beynəlxalq normalara zidd açıqlamalar eşitmək məcburiyyətində qalacağıq.

 

Onsuz da Ermənistan rəhbərliyi sərsəm açıqlamaları ilə yaddaşlarda qalıb. Bu dəfəki açıqlamaların mərkəzində qisasçılıq dayanır. Yəni siz tarixi torpaqlarınız olan İrəvana, Göyçəyə qayıtmaq barədə düşünürsüzsə, o zaman bizim də danışmağa sözümüz var. Əslində, Ermənistan hakimiyyəti üçün danışmağa sözün olması anlamı,digər xalqlara məxsus olan dəyərlərə sahiblənmək müqəddəratı üzərində həll olunur. Tarixdən bu yana qonşu xalqların ərazi bütövlüyünə göz dikə-dikə Cənubi Qafqazda dövlət kimi formalaşan Ermənistan üçün kritik günlər mütləq var. Məsələn, Nalbandyanın Avropa Parlamentindəki çıxışı Xocalı həftəsinə təsadüf edirdi. Digər tərəfdən Azərbaycan prezidentinin qətiyyətli torpaq açıqlaması düşmənin narahatlığını soyutmayıb. Bir qədər də irəli getsək, aprelin 11-dəprezident seçkilərinin keçirilməsi rəsmi İrəvanın təlatümlərin içində sıxılmasına dair fikirlərin aktual olduğunu ortaya qoyur.

 

Rəsmi İrəvan elə düşünür ki, 26 illik Xocalı faciəsi beynəlxalq arenada hüquqi mahiyyətini, Azərbaycanda isə mənəvi bağlılığını itirmək üzrədir. Yenə də rəsmi İrəvan unudur ki, Xocalı faciəsi yaxın tarixin soyqırımı siyasətidir. Hansı tərəfdən proseslərə çirkli əllərini salıb bulamaq istəsələr, mütləq damğalanacaqlar. Xocalıdan olan şahidlərin hafizəsi qocalmayıb. Onların yaşadıqları dəhşətlər heç vaxt unudulmayacaq.

 

İndi Ermənistan hakimiyyəti beynəlxalq hüquq normalarını təhrif etməklə kimi aldadacağını düşünür?!  Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca, faciənin miqyası hər dəqiqə bir az da genişlənəcək. Bu baxımdan da Azərbaycanın Dağlıq Qarabağla bağlı hər addımı rəsmi İrəvanı narahat duruma salır. Beləliklə,  siyasi-iqtisadi blokadaya məruz qalan Ermənistan üstəlik özünü uçuruma aparmaqla məşğuldur. Hər halda, Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan məsələnin detallarını araşdırır. Sadəcə, günahkar olduğunu qəbul edə bilmir.

 

Bu arada Azərbaycan  Xarici İşlər Nazirliyi Nalbadyanın cəfəng iddialarına tutarlı cavab verib.

“Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik. Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”.

 

Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı lazımi addımlarını atmaqda davam edir. Xocalı soyqırımı faciəsi dünya parlamentlərinin bir çoxunda tanınıb və bu iş davam etdirilir. Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideynini itirən gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb. Görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar”  kitabının təqdimatı zamanı baş tutub. 

 

Əslində, bu kitab erməni vəhşiliyini şahidlərin dilindən təqdim edir. Muradın, Səbinənin, Mehtinin və digər “25-lər”in gözlərində erməni vəhşilikləri iri şriftlərlə yazılıb. Amma Ermənistan hakimiyyətinin təmsilçisi Nalbandyan  Ermənistanın xarici işlər naziri ola-ola bu faktları görə bilmir. İş beynəlxalq hüquq normalarının təhrif edilməsinə gəlincə, gözünü dünyaya dörd açır. Ona görə ki, Xocalı şahidləri, hər iki valideynini itirmiş “25-lər” yaşadıqca Nalbandyankimilər beynəlxalq hüququn prinsiplərini pozmağa cəhd edəcəklər.

 

Üstəlik, ortada hər gün ölən erməni əsgərinin cəsədinə tamaşa etmək də var. Ermənistan xalqı hakimiyyətdən itkilərinin hesabını soruşur. Başını itirən Ermənistan rəhbərliyi hər mənada gözdən pərdə asmağa çalışır. Dağlıq Qarabağ münaqişəsinin hər gün bir az uzanması Ermənistana əlavə xal qazandırmır. Sadəcə, böyük xal fərqilə uduzur. Vəssalam!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi