Modern.az

Müavinəti artan çoxuşaqlı ailələr - Nazirlik onların sayını AÇIQLADI  

Müavinəti artan çoxuşaqlı ailələr - Nazirlik onların sayını AÇIQLADI   

26 Fevral 2018, 12:11

Prezident İlham Əliyev 5-dən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 5-dən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

Bəs belə qadınların sayı neçə nəfərdi?


2018-ci il 1 yanvar tarixinə olan statistikaya əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8927 nəfər uşağının hər birinə görə aylıq müavinət ödənilir.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.


O bildirib ki, ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq 30 manat olmaqla müavinətin ödənilməsinə prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, 2014-cü ilin əvvəlindən başlanılıb. Bu, 5-dən çox uşağı olan qadınlara dövlət qayğısının artırılmasını, çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsini özündə ehtiva edir.


Şöbə müdiri vurğulayıb ki, ölkə başçısının imzaladığı “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncama əsasən həmin qadınlara hər bir uşağa görə təyin olunan müavinətin məbləği növbəti aydan, yəni 2018-ci ilin martın 1-dən 10 faiz artırılacaq:

“Bu artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 267,8 min manat əlavə vəsait ayrılacaq. Müavinət 5-dən çox uşağı olan qadınlara 18 yaşına çatmamış hər bir uşağa görə ödənilir. Bu isə o deməkdir ki, hər bir uşağa görə 30 manat aylıq müavinət ödənilirsə, həmin müavinətin 10 faiz artırılması nəticəsində ailədə olan beşdən çox uşaqların ümumi sayı üzrə götürülməklə, misal üçün 6 uşaq üzrə ailəyə ödənilən müavinət 18 manat artırılaraq 180 manatdan 198 manata, 7 uşaq üzrə 21 manat artırılaraq 210 manatdan 231 manata və s. çatdırılacaq”. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?