Modern.az

Mərhum jurnalist Nicat Məlikovun xanımı: “O problemlər Nicata mənfi təsir edirdi” - FOTOLAR

Mərhum jurnalist Nicat Məlikovun xanımı: “O problemlər Nicata mənfi təsir edirdi” - FOTOLAR

26 Fevral 2018, 12:30

Təəssüf ki, son illər media sahəsində xoş xəbərlər eşitməklə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsılmışıq. Vəfat edən qələm sahibləri arasında xüsusilə gənc yaşlarında həyatdan erkən köçənlərin olması təəssüflə xatırlanır. Belə jurnalistlərdən biri də Nicat Məlikovdur.

N.Məlikov  1979-cu il 14 avqustda anadan olub.  O, jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. Jurnalist  "Vesti.az", "Exo" və CBC.az kimi nəşrlərdə müxbir kimi fəaliyyət göstərib.

Bu il  yanvarın 23-də Nicat Məlikov mağazaya gedərkən yolda özünü pis hiss edib və yerindəcə ürək tutmasından keçinib.

Modern.az saytı mərhum jurnalistin həyat yoldaşı Nuriyyə Məlikova ilə həmsöhbət olub.


“Bu, onu çox üzürdü...”

Nuriyyə xanım deyir ki, Nicat Məlikov həm insan, həm də ata, həm də həyat yoldaşı kimi çox yaxşı biri idi:
 

“Yaxşı insan bir sahədə pis olub, o biri sahədə yaxşı ola bilmir. Nicat çox vicdanlı insan idi və həmişə haqq-ədalət uğrunda mübarizə aparırdı. Yəni bir yerdə ədalətsizlik görürdüsə, oradan ümumiyyətlə küsüb uzaqlaşırdı. Biz keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında birlikdə çalışan zaman tanış olduq. 2001-ci ildə ora işə düzəlmişdim, Nicatla 2005-ci ildə tanış oldum və 2006-cı ildə ailə qurduq. Üç övladımız var: bir qız, iki oğlan. Qızım Aylanın 15 yaşı var, oğlanlarım Xaliq və Həmid isə  10 və 11 yaşındadırlar.

Nicatın övladları ilə münasibəti çox yaxşı idi. Xüsusilə qızı onun üçün şahzadə idi, hamıdan çox onunla ünsiyyətdə olurdu. Qızının kiçik bir uğurunu belə hər kəslə-dostları, iş yoldaşları ilə bölüşər, müzakirə edərdi. Bir oğlumuz autizm xəstəsidir. Müalicə olunmayan xəstəlik olduğuna görə Nicat bir az fikir edirdi, bu, onu çox üzürdü.  Balaca oğlu da onu çox istəyirdi, atasına düşkün idi”.


“Heç bir yerdə işləməkdən həzz ala bilmirdi”

Müsahibimiz qeyd edib ki, Nicat Məlikov peşəsini çox sevirdi:

“Evdə gündəlik baş verən hadisələri, onun yazılarını müzakirə edirdik. Hətta işini də evə gətirirdi. Lakin “Zerkalo” qəzeti bağlanandan sonra özünü heç bir iş yerində tapa bilməmişdi. Heç bir iş yerində işləməkdən həzz ala bilmirdi. Düzdür, hansı kollektivdə olubsa, insanlarla rahat, dost kimi ünsiyyət qurub. Nicat həm də mehriban idi, bir mühitə tez uyğunlaşa bilirdi. Amma son vaxtlar yazdığı yazılardan, özündən narazı idi. Ətrafındakı insanlar onun işlərindən razı olsa da, Nicat bunun əksini düşünürdü”.



“Bilirdi ki, bunu etsə, ailəsini dolandıra bilməyəcək”


Nuriyyə xanım  jurnalistin vəfat etdiyi gündən də söz açıb:


“Əslində həmin gün - Nicatın vəfat etdiyi gün onu ümumiyyətlə görmədim. Mən səhər uşaqları məktəbə apardım, daha sonra işə getdim. Hadisə mən işdə olanda baş vermişdi.

Nicat son zamanlar özünə qapanmışdı. Onun problemləri bir gündə yaranmamışdı, bir neçə vaxtdır belə idi. Onsuz da ölkədə heç kim rahat həyat tərzi yaşamır. Övladımızın xəstə olması, son zamanlar işindən zövq ala bilməməsi kimi səbəblərə görə bəlkə də onun ölümü tezləşdi.

Neçə illərdir, kitab yazmaq arzusunda idi. Rus dilində fəlsəfi bir kitab dərc etdirmək istəyirdi. Yaxın dostları Nicatın nə qədər fəlsəfəyə düşkün olduğunu bilirdilər. Çox dərin biliklərə malik idi. Lakin o, bilirdi ki, bunu etsə, ailəsini dolandıra bilməyəcək. Ona görə də bu arzusunu içinə həbs edib başqa işləri ilə məşğul olmağa məcbur qalmışdı. Qeyd etdiyim bu məsələlər istər-istəməz ona mənfi təsir edirdi”.


“O anlar üçün çox darıxıram...”

Mərhum jurnalistin həyat yoldaşı deyib ki, Nicat Məlikovun yoxluğunu ən çox axşamlar hiss edir:

“Gün ərzində insanın başı qarışıq olur. Ailə, iş və.s Amma tək qalanda çətin olur. Adətən axşamlar Nicatla oturub söhbət edirdik, ya da birlikdə filmə baxırdıq. Neçə illərdir eyni evdəyik, amma hər dəfə filmə baxmaq istəyəndə, sevdiyi bir film var idi, ona baxırdıq. O anlar üçün çox darıxıram...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi