Modern.az

Bakıdakı heyvan sığınacağı bağlanır - Xilasetmə Mərkəzi heyvanlara sahib axtarır

Bakıdakı heyvan sığınacağı bağlanır - Xilasetmə Mərkəzi heyvanlara sahib axtarır

27 Fevral 2018, 11:53

AARC (Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi və Baytar Klinika) 2009-cu ildə Bakıda yaradılan ilk heyvan xilasetmə mərkəzidir.  Lakin mərkəz sabahdan etibarən fəaliyyətini dayandıracaq.

Mərkəz bağlanandan sonra heyvanların aqibəti necə olacaq?

Modern.az saytı AARC-nin  ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Ali ilə həmsöhbət olub.  O  bildirib ki, mərkəzin fəaliyyətini dayandırma səbəbi maliyyə problemləridir:


““Azerbaijan Animal Rescue Center”  özəl təşkilatdır, biz bunu dəfələrlə qeyd etmişik. Və mərkəz bir qism fiziki şəxs tərəfindən maliyyələşirdi. Təəssüflər olsun ki, maliyyə problemləri ilə bağlı mərkəzi bağlamaq məcburiyyətindəyik. Yəni klinikamız da, mərkəz də artıq fəaliyyətini  dayandırır. Lakin sığınacağımızda heyvanlar hələ də qalmaqda dvam edəcək. Çalışacağıq ki, onların hamısına bir-biri sahib tapaq. 9 ildir çəkdiyimiz əziyyətin müsbət nəticələnməsini, heyvanların yaxşı ailələrə düşməsini istəyirik. Çünki heyvanları yenidən küçəyə buraxmaq onları ölümə tərk etmək deməkdir”.


V.Ali qeyd edib ki, ötən həftənin sonlarından bu yana  bir neçə heyvanlar  öz sahiblərini tapıb:


“Hazırda mərkəzdə 50 it, 30-dan çox pişik var. Hələ ki heyvanlara sahib tapana qədər burdayıq və əlimizdən gələni edəcəyik. Heyvanların yemlənməsi, digər məsələlər könüllülər tərəfindən edilir. Biz də bacardığımız qədər yardım etməyə çalışırıq. Artıq  burada çox işçi qüvvəsi olmayacaq, amma qeyd etdiyim kimi,  sığınacağımız qalıb və heyvanlara dəstək olmağa çalışırıq”.

Müsahibimiz  deyib ki, heyvanları sahiblənmək istəyən insanlar çoxdur:

 “Amma emosional hisslərə qapılıb “heyvanlardan birini də mən götürüm” deyən bütün insanları araşdırırıq. Sadəcə emosional hisslərlə hərəkət edə bilmərik. Sahibinin heyvandan gələcəkdə imtina etməməsi üçün  bu, mütləqdir.  Çünki  heyvanların qidası, xəstələndikdə ona baxılması kifayət qədər önəmlidir. Bu baxımdan bütün müraciət edənləri araşdırırıq.

Bir heyvana sahiblənən zaman evinizdə övladınızın olduğunu düşünməlisiniz. Çünki heyvanların dili-ağzı yoxdu ki, insanlar kimi ac və ya xəstə olduğunu deyə bilsin. Ona görə bu məsuliyyəti dərk edən insanlar heyvanlarımızı sahiblənə bilər”.

Qeyd edək ki, “Azerbaijan Animal Rescue Center”dan özünə heyvan götürmək  istəyən hər kəs həftənin bazar günlərindən başqa hər gün saat 10.00-16.00 arası mərkəzə gələ bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!