Modern.az

Səbailin İcra Hakimiyyətindən sürüşmə zonasının sakinlərinə sərt İTTİHAM

Səbailin İcra Hakimiyyətindən sürüşmə zonasının sakinlərinə sərt İTTİHAM

27 Fevral 2018, 13:13

Bayıldakı sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətçidir.

Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Modern.az-a iddialarla razılaşmadığını bildirib:

“Orada yaşayan sakinlərin heç birinin qeydiyyatı olmayıb. Evlərin hamısı qeyri-qanuni tikilib. Dövlət onları kirayə haqqı ilə təmin edərək, təhlükəsiz əraziyə köçürülməsini təmin edib. Onların heç biri Səbail rayonun sakini deyil. Müxtəlif rayon sakinləri və məcburi köçkünlərdir. Hətta aralarında başqa yerlərdə mənzilləri olanlar da var. Onu da bildirim ki, kirayə haqlarını rayon İcra Hakimiyyəti müəyyən etmir, normativlərə uyğun olaraq Nazirlər Kabineti müəyyən edir. Biz sadəcə icraçı qurumuq. Ailə tərkibi 1-5 olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8 və daha çox olanlara 300 manat məbləğində 11 aylıq kirayə haqqı müəyyən edilib”.

 

İ.Kərimov bildirib ki, Bayıl sürüşmə ərazisində kirayə haqqı 100-150 manatadır:

“Həm də məcburi deyil ki, hamı Bayılda kirayəyə ev tutsun. Bakının 12 rayonu var, hansı onlara uyğundursa, orada da qala bilərlər. Biz buna etiraz etmirik, edə də bilmərik”.

 

İcra Hakimiyyəti rəsmisi bəzi vətəndaşların kirayə haqqını almaqdan imtina etməsi məsələsinə də aydınlıq gətirib:

“Axı kim verilən puldan imtina edər? İmtina ediblərsə, demək qalmağa yerləri var. Heç kim də imtina etməyib”.

 

İ.Kərimov vətəndaşların daha çox kirayə haqqı almaq üçün fırıldağa əl atdıqlarını deyib:

“Bayıl yamacında sürüşmə nəticəsində 163 nömrəli məktəbdə müvəqqəti məskunlaşan 67 evin sahibinə kirayə pulu ödənilib. İlk dəfə siyahıya alınma zamanı ailə tərkibi 3-4 nəfər olanlar 3 gün sonra gəldi ki, ailədə 8 nəfərik. Qohum-əqrəbada adam qoymayıblar, üstlərinə yazdırıblar ki, guya hamısı burda yaşayırmış. İnanın elə çətinliklərlə qarşılaşırıq, dilə gətiriləsi deyil”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi