Modern.az

Onlar axırıncı dəfə tonqalın üstündən nə vaxt tullanıblar?

Onlar axırıncı dəfə tonqalın üstündən nə vaxt tullanıblar?

27 Fevral 2018, 15:53

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi Novruz bayramı öncəsi qeyd olunan ilk çərşənbədir. Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin əsas atributuna çevrilir.

Çərşənbələr  özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.

Maraqlıdır, tanınmış şəxslər bu adət-ənənələrə əməl edirlərmi? Onlar sonuncu dəfə nə vaxt ocaq qalayıb, tonqaldan atlanıblar?

Modern.az saytı bu sualla bir neçə tanınmış şəxslərə müraciət edib.


Milli Məclisin deputatı Aydın Mirzəzadə
deyib ki, axırıncı dəfə uşaq vaxtı- orta məktəb illərində  tonqalın üstündən tullanıb:

“Amma ümumiyyətlə çərşənbə adətlərinə çox ciddi surətdə əməl edirik. İlk növbədə evimizdə uşaqların anası, bacılarım bizi oturmağa qoymurlar. Yəni bayramla bağlı evdə şirniyyatın hazırlanması, göndərilməsi, ailə üzvləri ilə maraqlanılması, xoş sözlərin bildirilməsi, yaşlıların yada salınıb təbrik edilməsi, ölənlərin xatirəsinin yad edilməsi- bütün bunların hamısı adətlərimizlə bağlı olan məsələlərdir. Biz də hər il əməl etməyə çalışırıq”.


Xalq artisti, aktyor Rasim Balayev
  bildirib ki, Novruz bayramı onun ən sevimli bayramlarından biridir:

“Novruzu bir nömrəli bayram hesab edirəm. Əlbəttə, bu baxımdan həm çərşənbələri, həm də bayramın özünü hər zaman qeyd edirik. Adət-ənənələrə gəldikdə isə, hər il əksəriyyətini reallaşdırırıq. Məsələn, mən hər il tonqaldan atlanıram”.


Əməkdar artist, aktrisa Mehriban Xanlarova
da adət-ənənələrə əməl edənlərdəndir:

“Elə indi də harda tonqal görsəm, gedib tullanaram. Novruz bayramını çox sevirəm. Çünki bu bayram yeddi gün boyunca uşaqlar üçün tamaşa oynayıram. Digər çərşənbə adətlərini də sevirəm. Məsələn, ürəyim istəyəndə tanıdığım binaya gedirəm və papaq atıram. Lakin bütün bunları sırf maraq üçün, əyləncə xatirinə edirəm”.

Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu isə digərlərindən fərqli olaraq Novruz tonqalından atlanmağı yaşına uyğun adətlərini yerinə yetirmir:


“Amma ailə üzvlərim bunu edir. Gözümüzü açandan çərşənbələri, Novruz bayramını müqəddəs gün kimi görmüşük. Tələb olunan adətlər ciddi şəkildə həyata keçirilib. Biz də Bakıda olmağımıza baxmayaraq uşaqlar, nəvələrim tonqalın üstündən tullanıb, papaq atıb. Ya da qapı pusublar. Hətta bəlkə də bayramlarda 50-dən çox uşaq qapımızı pusur. Bütün bunlara pis baxmıram, nəvələrimə də qadağan etmirəm.

Açığı, bu cür adətlərin yerinə yetirilməsi üçün mənim yaş dövrüm də keçib. Bayram  müəyyən yaş səviyyəsi ilə bağlıdır. Azərbaycan xalqının mövcudluğu öz adət-ənənələrinin qorunması ilə mümkündür. Adətlərin köhnə olduğunu deyib bundan imtina etmək xalqı məhvə aparar. Adət-ənənələrimizi mümkün qədər saxlamalı və gələcək nəsillərə ötürməliyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı