Modern.az

“Azərbaycanın yollarında sanki müharibə gedir” - Deputatlar qəzaların səbəblərindən DANIŞDILAR

“Azərbaycanın yollarında sanki müharibə gedir” - Deputatlar qəzaların səbəblərindən DANIŞDILAR

Parlament

27 Fevral 2018, 17:13

Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb. Bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da qabarıq şəkildə görünür.

Belə ki, 2017-ci ildə respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb.

Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb nədir?

Milli Məclisin deputatları bu dəfə Modern.az-a yol-nəqliyyat hadisələrinin sayının artmasından danışıblar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov yol qəzalarının sayı və qəzalarda həyatını itirənlərin statistikası ilə bağlı vəziyyətin çox acınacaqlı olduğunu bildirib.

“ Statistikaya baxanda adama elə gəlir ki, sanki Azərbaycanın yollarında müharibə gedir. Mən bir neçə il əvvəl bu statistikanı araşdırdım və məlum oldu ki, 2014-cü ilə  qədər hər il yol qəzalarında 1200-ə qədər insan həyatını itirirdi. Bu çox böyük rəqəmdir. Nəzərə alsaq ki, bunun 3 misli qədər də bədən xəsarəti alan insanlar olur. Qarabağda aktiv döyüş əməliyyatları gedəndə isə il ərzində  heç vaxt Azərbaycanda 1200 insan həyatını itirməyib.  2017-ci ildə bu rəqəm aşağı düşüb. Belə ki, ötən il yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub. Bu rəqəmin özü də böyükdür. Əgər Azərbaycan qədər əhalisi olan Avropa ölkələri ilə Azərbaycan müqayisə etsək görərik ki, bizdə vəziyyət heç də ürəkaçan deyil. Çünki Avropa ölkələrində hər 100 avtoqəzada ölüm faktı 2-4 olduğu halda,  bizdə isə il ərzində 1200-ə qədər adamın dünyasını dəyişdiyi vaxtlarda ölüm faizi 30-dan artıq olurdu. Təsəvvür edin ki, İsveçin əhalisi təxminən bizim ölkənin əhalisi qədərdir, amma avtoqəzalarda ölüm sayı cəmi 2,2 faizdir. Avstriyada 2,7, Türkiyədə 5 faizdir”.



Deputat deyib ki, yol qəzalarının birmənalı şəkildə əsas səbəbi insan faktorudur. 

“Peşəkar analiz aparsaq görərik ki, surət həddini artırma, sərxoş vəziyyətdə və ya sürücülük hüququ olmadan avtomobili idarə etmə, peşəkarlıq səviyyəsinin, habelə sürücülük mədəniyyətinin aşağı olması avtomobil qəzalarının əsas səbəbi kimi çıxış edir. İnsan faktorunu əsas götürsək görərik ki, bu səbəblər törəmə faktorlardır. Heç kim üçün sirr deyil ki, “əyri yollarla” sürücülük vəsiqəsi almaq problem deyil. Bu istiqamətdə çox böyük qüsurlarımız var. Məsələn, qonşu Gürcüstanda hər həftə sürücülük vəsiqəsi almaq üçün imtahan vermək olur. İmtahan da yalnız komputerlə olur. Bu, bizdə də elədir. Amma açıq etiraf etmək lazımdır ki, bizdə Gürcüstandakı qədər şəffaflıq təmin olunmur. Göründüyü kimi bu problemin də əsasında insan faktoru dayanır. Ona görə də hesab edirəm ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq böyük problem deyil. Belə bir şəraitdə isə sözsüz ki, yol qəzalarının sayı artacaq. Düşünürəm ki, sürcülük vəsiqəsinin verilməsində olan nöqsanların qarşısı birmənalı şəkildə alınmalıdır. Sürücü şəffaf şəkildə imtahan verməli və vəsiqəsini almalıdır”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki,qəzaların qarşısının alınması istiqamətində dəfələrlə Milli Məclisdə müzakirələr aparılıb.

“Bununla bağlı “Yol hərəkəti haqqında” və “Yol polisi haqqında” qanuna əlavələr və dəyişikliklər edilib. Cərimələrin miqdarı artırılıb. Açığı onu da deyim ki, Milli Məclisdə cərimələrin artırılmasını dəstəkləyənlərdən biri də mən olmuşam ki, bəlkə bu yolla yol qəzalarının qarşısının alınması mümkün olsun.  Bu gün yol polisi qəzaların qarşısının alınması istiqamətində öz məsuliyyətini daha da artırmalıdır. Kimsəyə güzəştə getməli deyil. Qəza törətmə səbəblərini aydınlaşdıraraq, ona qarşı olduqca sərt cəza tədbirləri həyata keçirilməlidir. Bu təkcə cərimələrin verilməsi, sürücülük hüququndan məhrumetmə ilə kifayətlənməli deyil. Cinayət Məcəlləsinin müvaffiq maddələri ilə cəza tədbirləri görülməlidir. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı Azərbaycan bütün regionalarında maarifləndirmə işləri həyata keçirilməlidir. 

Mənə elə gəlir ki, belə maarifləndirmə işlərinin aparılması qəzaların qarşısının alınması üçün böyük rol oynaya bilər.  Hər bir sükan arxasında oturan sürücü özündə məsuliyyət məsələsini aşılamalıdır. O, təkcə özünün həyatına qəsd etməklə, ailəsini başsız qoymaqla kifayətlənmir, eyni zamanda qəza törətməklə başqa insanların da dünyasını dəyişməsinə gətirib çıxarır. Mənə elə gəlir ki, bununla bağlı Kütləvi İnformasiya Vasitələrində (KİV), televiziyalarda maarifləndirici işlər də aparılmalıdır. Sosial çarxlar hazırlanmalıdır və onlara geniş yer verilməlidir. Məncə bütün bunlar qəzaların qarşısının alınmasında mühüm rol oynaya bilər”.


Deputat bildirib ki, əvvəlki illərlə müqayisədə qəzaların sayı azalıb.

“Bunu statistikadan da görmək olar. Xüsusilə yük maşınlarının, avtobusların, taksilərin idarə edilməsində çox böyük probelmlər var.  Elə sürücülər var ki, Bakı şəhərinin küçələrini tanımır. Bu cür insanlara avtobusları, taksiləri idarə etməyi etibar etmək olmaz. Buna şirkətlər tərəfindən çox ciddi əməl olunmalıdır. Hansı şirkətlərdə ki, bunlara nail olunmursa onlara qarşı sanksiyalar tətbiq etmək lazımdır”.

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev son illərdə yol qəzalarının sayının azalması istiqamətində böyük işlərin aparıldığını vurğulayıb.


“Milli Məclsiin elə bir iclası yoxdur ki, orada yol hərəkəti qaydaları haqqında, yol intizamının pozulması istiqamətində məsələlər olmasın. İnzibati cəzalar hər şeyi həll etmir. İlk olaraq vətəndaşların maarifləndirilməsi istiqamətində çox böyük işlər görülməlidir. Hər il yol qəzaları nəticəsində minlərlə insan dünyasını dəyişir və yaxud əlil olur. Yol qəzalarının sayının azalması üçün insanlardan, xüsusilə də valideynlərdən çox iş tələb olunur.

Çox təəssüflər olsun ki, bəzi imkanlı ailələr yersiz olaraq öz uşaqlarına avtomobili idarə etməyi həvalə edirlər. Bunlar da qəzaların törədilməsinə səbəb olur. Hətta elə şəxslər var ki, sərxoş halda avtomobili idarə edirlər və bunu özlərinə qəbahət hesab etmirlər”.


Deputat təklif edib ki, yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı daha sərt cəza tədbirləri seçilsin.

“Belə şəxslər ömürlük sürücülük hüququndan məhrum edilməlidir. Yaxud belə hadisələr təkrarlanarsa daha ciddi tədbirlər görülməldir. Həbs tədbirləri görülməlidir.  Qəzalarda sürücülərlə yanaşıŞ piyadaların da günahı var. Elə insanlar var ki, nəqliyyata məhəl qoymur. Keçidlərdən deyil, başqa yerlərdən istifadə edirlər. İnsan öz həyatını təhlükədən qorumaq üçün qanunlara əməl etməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır