Modern.az

Ailəsi Kamran İsrafilovun ölümü ilə barışa bilmir: “Bütün nəslimiz sanki yuxu görür”

Ailəsi Kamran İsrafilovun ölümü ilə barışa bilmir: “Bütün nəslimiz sanki yuxu görür”

Mədəni̇yyət

28 Fevral 2018, 15:58

Təəssüf ki, son illər media sahəsində xoş xəbərlər eşitməklə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsılmışıq. Vəfat edən qələm sahibləri arasında xüsusilə gənc yaşlarında həyatdan köçənlərin olması təəssüflə xatırlanır. Onlardan biri də İctimai Televiziyada aparıcı olmuş Kamran İsrafilovdur.


Kamran Israfilov 1979-cu ildə Bakı şəhərində anadan olub. Ailədə iki qardaş idilər. Onun özündən böyük Cavid adlı bir qardaşı var.
Kamran  Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Bir sıra uşaq verilişlərinin aparıcısı olub. “Lider” telekanalında və İctimai Televiziyada çalışıb. Kamran İsrafilov ötən il Mərdəkan Mədəniyyət Mərkəzinə bədii rəhbər və direktor müavini təyin olunmuşdu.  
Mərhum son ildə özünü aktyor kimi də sınayıb və Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Əlimərdan Tobçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissoru idi.

Ailəlidir, bir oğlu var.

Keçmiş teleaparıcı bu il fevralın 12-də beyin qansızmasından dünyasını dəyişib.

Modern.az saytı mərhumun  əmisi oğlu Cahit İsrafilovla həmsöhbət olub.


“Pis gündə dayaq olan əsl qardaş..”


Cahit deyir ki, Kamran İsrafilov həddindən  artıq mehriban, xoşxasiyyətli bir insan idi:

“O hər kəslə yola gedirdi. Uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Haqqında bir nəfərin belə pis düşünmədiyi gözəl insan idi. Kamranla bağlı maraqlı xatirələrimiz çoxdur. Çünki biz tez-tez görüşüb söhbət edirdik. O, harada olmağından asılı olmayaraq zarafatından qalmırdı.

Kefsiz bir insan görən kimi dərhal yanına qaçıb onun əhvalını düzəldirdi. Pis gündə dayaq olan əsl qardaş idi”.

Müsahibimiz qeyd edib ki, mərhumun  övladı ilə münasibətləri  xarakterinə uyğun olaraq gözəl idi:

“Onun Ağakərim adında bir oğlu var. Hazırda ikinci sinifdə oxuyur. Övladına rəhmətə gedən atasının adını qoyublar. Evdə onu “Ağa” deyə çağırırlar.  Oğlu ilə mehriban münasibətləri var idi. Lazım olanda tələbkar olurdu. Ümumiyyətlə, aşırı dərəcədə ailəsinə bağlı biri idi”.


“Hamımız sağalmaz yara aldıq”

Kamranın əmisi oğlu deyir ki, İsrafilovlar nəsli olaraq hələ də sanki yuxudadırlar, onun ölümünə inanmırlar:

“Sanki hamılıqla şok keçirdik. Ölümündən cəmi bir gün qabaq gecə danışdıq, zarafatlaşdıq. Səhər oyananda isə bəd xəbər gəldi. Xəbər alan kimi dərhal evinə getdik, heç kəs onun ölümünü gözləmirdi, heç kəs buna inanmırdı.

Bir onu dəqiq deyə bilərəm ki, hamımız sağalmaz yara aldıq. Çünki biz indiyə kimi vaxtsız və gözlənilməz itki yaşamamışdıq.  Elə indi də Kamranın yoxluğuna inanmırıq”.

“İstəyirəm, böyük, çox böyük teatrım olsun”

Müsahibimizin sözlərinə görə, Kamran İsrafilovun son zamanlar heç bir problemi olmayıb:

“Mən bildiyim qədərilə həyatında hər şey qaydasında idi. Onun nədənsə şikayətini, narazılığını eşitməmişəm.

Kamranın böyük arzusu var idi. O həmişə “İstəyirəm, böyük, çox böyük teatrım olsun. Yüzlərlə, minlərlə uşağı güldürüm, sevindirim. Ömrümün sonunadək  ətrafımda  balaca tamaşaçılarım olsun” deyirdi”.

Mərhum teleaparıcının əmisi oğlu, onun haqqında film hazırlayır. Həmin filmdə indiyədək Kamran İsrafilovun iştirak etdiyi tədbirlər, uşaqlarla bağlı fikirləri ümumi şəkildə əks olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir