Modern.az

Xoyskidən Cümhuriyyət deputatlarına irad-“Burada pula görəmi oturmusuz?!”

Xoyskidən Cümhuriyyət deputatlarına irad-“Burada pula görəmi oturmusuz?!”

2 Mart 2018, 01:34

 

Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəyin fəaliyyətlərinin müəyyən çətin mərhələri  barəsində araşdırma mediasında o qədər də çox yazılara rast gəlinmir.

Məsələn, Fətəli xan Xoyskinin 1918-ci il 7 dekabr tarixində, yəni, Azərbaycan Cümhuriyyətinin parlamentinin açılışında səsləndirdiyi tarixi nitq haqqında təəssüf ki, elektron və çap mediasında çox az bilgiyə rast gəlmişik. Azərbaycan Cümhuriyyəti parlamentinin tərtib edilən stenoqramlarında və Fətəli xan Xoyskidən bəhs edən bəzi araşdırma məqalələrdə həmin tarixi nitq və o nitqə aparan yollar barəsində müəyyən məqamlar işıqlandırılıb. 

Xoyski çıxışında 1918-ci ilin 28 mayından bugünədək keçdikləri keşməkeşli yoldan danışır. Üzləşdikləri çətinliklər, yaşadıqları basqılardan söz açan Xoyski bununla belə, may ayından bəri rəhbərlik etdiyi hökumətin Azərbaycan xalqı üçün əlindən gələni əsirgəmədiyini bildirib. 

 

Çıxışının sonunda isə rəhbərlik etdiyi hökuməti istefaya göndərən Xoyski özü də baş nazir vəzifəsindən uzaqlaşdı. Lakin ona ehtiyac çox böyük idi. Odur ki, Cümhuriyyət parlamentinin adından sədr vəzifəsini icra edən Həsən bəy Ağayev Xoyskinin ünvanına bir neçə dəfə məktub yazıb, ondan yeni hökumət qurmağı xahiş etdi.  Sabiq baş nazir bir neçə dəfə etiraz etsə də, yaranmış siyasi böhran səbəbindən yenidən siyasət meydanına atıldı.

 

Amma sonradan elə hadisələr yaşandı ki, Xoyski bu addımına peşman oldu. Xüsusən də parlament üzvlərinin hər bir xırda səhvə görə Cümhuriyyət hökumətini kəskin şəkildə tənqid etməsi, durmadan sorğular göndərməsi, yeganə günahkar kimi hökumət üzvlərini qınamaları Xoyskinin də səbirini daşdırdı. Nəhayət, 1919-cu ildə keçirilən iclasların birində yenə də hökuməti tənqid edən parlament üzvlərinə müraciət edərək, tarixi bir çıxışla yadda qaldı. Müəllifin üslubuna toxunmadan həmin çıxışın mətnini təqdim edirik:

 

 “Möhtərəm məbuslar! O günlər ki, siz neçə dəfələrlə mənə müraciətən bu hökumətin təşkilinə məni vadar etdiniz, mən birinci bəyanatımda sizə demişdim, inşallah yadınızdan çıxarmamışdır. Mən o vaxt sizə dedim ki, belə xətləri bir zamanda heç kəs cəsarət edib zimali hökuməti əlinə ala bilməz. Bununla bərabər əgər biz o vəzifəyi öhtəmizə götürürüksə, ancaq sizin sidq dili ilə hökumətin dalında durub kömək edəcəyinizə ümid oluruz. Buna inanıram, əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət başında durmaram. Bunu mən o vaxt dedim və bu sözlər yaddan çıxmazlar. Əlbəttə, mən bilirəm ki, hökumətə kömək cürbəcür olar, sorğu vermək özü də bu cür köməkdir. Bəzi vaxt elə məqam olur ki, bəzi şeylər barəsində tədbir görmək yaddan çıxır, bəlkə hətta hökumətin bəzi şeydən xəbəri olmur. Elə ittifaqlarda gərək məbuslar sorğu vasitəsi ilə əhvalı hökumətə bildirsinlər, borcludurlar soruşsunlar, məsələn, filan kənddə buğda yığırlar, hökumətə məlumdurmu, filan iş niyə belə olur, hökumət buna bir çarə edirmi? Belə sorğular parlament tərəfindən hökumətə bir köməkdir. Heç hökumət belə sorğudan inciməz. Əgər bir əsas doğru deyilsə, parlament sorğu versin, düzəlməsin tələb etsin. Biz sorğuyu həmişə artıq dərəcə məmnuniyyətlə qəbul edəriz. Amma, möhtərəm məbuslar, sorğu da var, sorğu da var. Bir sorğu var ki, atanın oğluna verdiyi nəsihət. Bir sorğu da var ki, zəhərli, bədxahlıq sorğusudur. Zənn edirəm, bu ikinci kimi sorğular ilə iş heç vaxt qabaqca getməz. Belə sorğu parlament ilə hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir. Aya bu zamandır ki, hökumətə badalaq vurulsun? Aya Azərbaycanın halı elədirmi ki, hökumət ilə süpürüşülsün. Belə də sorğu olar? Bu elə bir zamandır ki, gərək hökumət ilə məhəbbət dili ilə danışasan. Hökumətə deyəsən, filan işdə səhv var, gəl biz də sənə kömək edək düzəldək, bunu belə eləmək lazımdır. Hökumət ilə bu dillə danışmaq gərəkdir. Belə olsa hökumət üçün köməkdir. Mən belə bilirəm ki, heç hökumət ilə özgə dil ilə danışmaq olmaz və hökumət qəbul etməz ki, danışılsın. Mənimi yoldaşlarım burada puldan ötərmi, yaxud yox olan ixtiyardan ötərmi əyləşmişlərdir? Aya bu müqəssirlər skamyasıdırmı ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın? Aya, bizim tərəfimizdən böyük fədakarlıq, millətə böyük xidmət deyilmi ki, öz səlamətliyimizi, bu saat bazarlarda danışılan təmiz adımızı və rahatlığımızı millətə fəda edərək bu skamyalarda əyləşiriz, hərə bir söz deyir, hətta ixtiyarımız yoxdur onlardan bir qədər ehtiramla davranmağı tələb edək? Doğrudur, çox şeylər olub, nəzarətlərdə çox qüsurlar var, məmurlar rüşvətlər almışlardır, bəzi üsulsuzluqlar olur, bunların heç birini gizləyən, pərdələyən yoxdur. Hökumət bunu bilir, əlindən gələn işləri eyləyir və eyləyəcəkdi də. Müqəssirlərin taqsırını aydınlaşdırmaq üçün istintaq edilir, sonra məhkəməyə veriləcəklərdir. Bu barədə nazirlər bəyənat verdilər. Ancaq mən bunu da deməliyəm ki, bununla bərabər hökumət bir fövqəladə istintaq komissiyonu da təşkil edir ki, bu işlərə baxsın. Çünki adi istintaq və məhkəmələr kifayət etmirlər. Fövqəladə komissiya lazımdır”.

 

Əslində, hər şey paralamentin hökumətə yolladığı irad dolu bir sorğudan sonra başlamışdı. Amma soröu tək bir fakt idi. Parlamentin bəzi fraksiyaları var idi ki, onlar hökumət kabinəsinə xüsusi antipatiyası ilə seçilirdilər. Ona görə də Xoyski əlinə düşən bu fürsətdən yararlanaraq, hökumətin mənafeyini deputatlar arasında qorumaqda davam etdi:

 

“Bilirsiniz ki, hokumətin həftədə 5-6 iclası olur, gecə saat ikiyədək otururuz, lakin bu neçə vaxtda iş o qədər olmuşdur ki, sıradakı məsələlərə keçmək mümkün olmamışdır. Xarici siyasət o qədər olmuşdur ki, sıradakı məsələlərə keçmək mümkün olmamışdır. Xarici siyasət o qədər hücum edir ki, bu halda mümkündürmü hökumət gedib sənin bezlərini ölçsün? Azərbaycanın başına bir bəla gələrsə, onda bez nəyə gərək, çit və neft nəyə gərək olar? Gərək elə etməyəsiniz ki, hökumətin səbr kasası dolsun. Belə olsa, Azərbaycan üçün çox xətalar çıxar. Hökumət dəyişməklə bir qarışıqlıq çıxarsa, onda bütün millətə deyirəm. Qoy millətin günahı və xətanın məsuliyyəti tamamilə hökuməti yıxanların öhdəsinə düşsün. Qabaqda bu məsələ ayrı cür idi, şimdi dil bir az dəyişibdir, dün hökumətə hamı bir təpik vururdu. Eybi yoxdur, bu da keçər. Sanki belə bir səvab mərhəmət etmişlər, elə bil biz öz kefimizlə buraya gəlmişik sanki bizə deyirlər bu dəfə taqsırımızdan keçib sizi dəyişmiriz, gələn səfər belə qələt etsəniz görərsiniz nə edərik? Aya, bu olar? Aya, hökumət ilə bu diləklərlə danışarlar? Mənim qulağıma yetişdiyinə görə parlament üzvlərindən birisi digərinə deyibdir ki, hətta Biçeraxov və Denikinin köməyi ilə də olsa bu hökuməti yıxacağam. (Mərkəzdən və soldan: Eyib olsun, eyib olsun!). Lazım gəlsə o adamın adını da deyə bilərəm. Aya bilirsiniz, Biçeraxov kimdir? Denikin kimdir? Bunlar o adamlardır ki, Azərbaycanın adını da çəkməyə qoymazlar. Aya, hökumət ilə süpürüşmək istəyən bu cür adamlar parlamentdə otura bilərmi? Xayır! (Mərkəzdən, soldan alqış). hökumət ilə parlament arasında qeylü-qal çıxarmaq vaxtı deyil. Möhtərəm məbuslar! Fikirləşin, bu məqam, nə məqamdır, bu məsuliyyət nə məsuliyyətdir? Kördüyünüz işləri düşünmək, fikirləşmək lazımdır. Əgər düşünülsə, bir adam tapılmaz ki, deməsin, bu danışılan dil hökumət ilə danışılan dil deyildir. Belə qorxulu zamanda dalğalar arasında bulunan qayğımızın bir tövr salamata çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyətlə nail ola bilək!”

Hazırladı: E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?