Modern.az

Milli Şura birgə mitinqdə hələ kimlərin iştirak edəcəyini bilmir  

Milli Şura birgə mitinqdə hələ kimlərin iştirak edəcəyini bilmir   

Aktual

6 Mart 2018, 11:40

Xəbər verdiyimiz kimi, Milli Şura birgə mitinqlər keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL hərəkatına müraciət edib. Artıq mitinqin tarixi də bəllidir.  Martın 10-u Yasamal rayonundakı “Məsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə Müsavat Partiyası müsbət cavab verib. Lakin REAL müxalifətin birgə mitinqində təşkilat olaraq iştirak etməyəcək. Amma üzvlərinin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxır.

Digər tərəfdən Milli Şuranın sədri Cəmil Həsənlinin MeydanTV-nin canlı yayımında növbədənkənar prezident seçkilərində iştirak edəcək müxalif partiyalarını aşağılaması, onların müxalif qurumlar olmadığını dilə gətirməsi hiddət doğurub. Seçkilərdə iştirak edəcək ADP, AĞ Partiya, VİP kimi müxalifət partiyalarının tərəfdarları  C. Həsənliyə sərt  reaksiya veriblər.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri  Oqtay Gülalıyev qeyd edilən məsələlərlə bağlı Modern.az saytının suallarını cavablandırıb. O bildirib ki, birgə mitinqdə hansı müxalifət qurumlarının iştirak edəcəyi ilə bağlı konkret bir söz demək çətindir:

“Bilirsiniz ki, Milli Şura bu məsələ ilə əlaqəli olaraq özünü  mitinqdə görən və görmək istəyən real müxalifət mövqeyi ilə çıxış edən bütün təşkilatlara müraciət edib. Hazırda müəyyən reaksiyalar gəlir. Amma mitinqdə müxalifət partiyalarından kimlərin iştirak edib-etməyəcəyini demək çətindir. Mənə elə gəlir ki, bir müddət gözləmək lazımdır. Hazırda Milli Şura və bir sıra qurumlar mitinqə hazırlığı davam etdirirlər”.


O.Gülalıyev  REAL-ın mitinqdən imtina etməsinə də münasibət bildirib:

“REAL-ın birgə mitinqlərdən imtinası ilə bağlı Milli Şuraya hələ rəsmi qərar daxil olmayıb. Ona görə indidən bu barədə danışmağı tez hesab edirəm”.


Müsahibimiz Cəmil Həsənli ilə bağlı səsləndirilən fikirlərə də cavab verib:


“Düşünürəm ki, Cəmil Həsənlinin bəzi fikirləri konteksdən  çıxarılıb və təhrif olunub. Bu da müəyyən diskussiyalara yol açır. Bizim üçün hazırda əsas məsələ mitinqə hazırlıq və seçkilərə fokuslanmaqdır. Hesab edirəm ki, bu istiqamətdə aparılan müzakirələr işdən kənardadır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır