Modern.az

“Rusiyaya böhtan atırlar, onun Azərbaycana heç bir təsiri yoxdur” – Nüvə Tədqiqatları Mərkəzinin rəhbərindən AÇIQLAMA

“Rusiyaya böhtan atırlar, onun Azərbaycana heç bir təsiri yoxdur” – Nüvə Tədqiqatları Mərkəzinin rəhbərindən AÇIQLAMA

6 Mart 2018, 13:59

Ötən ilin sentyabr və oktyabr aylarında Avropada rutenium-106 izotopunun izləri qəflətən peyda oldu. Bu izotop Skandinaviya ölkələri,  Yunanıstan, İsveçrə və Ukraynada aşkar olunmuşdu. Radioaktiv buludun belə həcmdə olması təhlükə törədə biləcək səviyyədə deyildi, bir neçə qram materialdan ibarət idi. Lakin onun mənşəyi ilə bağlı müzakirələr qorxulu iddialara yol açmışdı.

 

Beynəlxalq KİV-lər belə qənaətə gəlib ki, Avropa səmalarına gəlib çatan radioaktiv maddələrin mənbəyi Rusiyanın nüvə reaktoru ilə işləyən qanadlı raketlərinin uğursuz sınaqlarıdır.

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın nüvə mühərrikli qanadlı raketlərə malik olduğunu söyləmişdi.

Ekspertlər bildirir ki, Avropa səmalarına gələn radioaktiv tullantılar Rusiyanın Arktikada keçirdiyi sınaqların nəticəsidir.

 

Maraqlıdır,  proseslər Azərbaycan üçün hansısa fəsadlar yarada bilərmi?

 

Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov  Modern.az saytına deyib ki, nüvə sahəsində xarici mühitlə təmasda ola bilən sınaqlar artıq keçirilmir:

 

“Onlar ya yeraltında ya da şüa altında keçirilir. Və 30 ildən çoxdur ki, bu cür sınaqlar dayandırılıb.  Bu prosesin dayandırılma konvensiyasına Rusiya da, ABŞ da qoşulub. Güman edirəm ki, bu  baxımdan hər hansı xarici təsir gözləmək ehtimalı yoxdur. Əlbəttə,  digər tərəfdən böyük miqdarda partlayıcı maddələr yaranır və materiallar toplanır. Bu da nə vaxtsa işə düşə bilər. Bunun da təkcə ətraf mühitə deyil, bütün dünyaya ziyanı dəymə ehtimalı var. Çünki o qədər potensial toplanıb ki,  Yer kürəsinin gələcəyi təhlükə altındadır.  Hər halda sistemlərin idarə olunmasına nəzarət var və atılan hər bir addımın elmi izahı mövcuddur.

 

Biz nə qədər etiraz da etsək, hegemon dövlətlər bu cür sınaqlardan əl çəkməyəcəklər. Bu gün dünya ölkələrinin əksəriyyəti də nüvə sahəsində gücünü artırmaqla məşğuldur. Dövlətlərin suveren qalması üçün başqa imkanları yoxdur”.

 

A.Qəribov qeyd edib ki, əslində Rusiya ilə bağlı səsləndirilən fikirlər uydurmadır:

 

“Avropada baş verən istənilən şeyi Rusiya ilə əlaqələndirirlər və böhtan atırlar. Qeyd edilən izotop hansısa qurumda tapılıb, atmosferə atılmayıb. Həmçinin məsələnin birbaşa Rusiya ilə əlaqəli olub-olmaması sübut edilməyib. Güman etmirəm ki, aşkar olunan izotoplar Avropa ölkələrinə hansısa ziyan vurub.

 

Bu baxımdan baş verənlərin xüsusilə Azərbaycana heç bir təsiri yoxdur. Respublikanın 7-8 zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq stansiyaları var. Bundan  başqa Milli Nüvə Tədqiqatları Mərkəzinin də monitorinq stansiyası işləyir. O cümlədən Fövqəladə Hallar Nazirliyinin xüsusi izotop qurumları fəaliyyət göstərir.

Yəni Azərbaycanda bu məsələlərə  nəzarət var. Hər hansı dəyişiklik olsa, yəqin ki, bu haqda müvafiq ölçü götürülər və qarşısı alınar. Buna görə də heç bir təşvişə ehtiyac yoxdur. Azərbaycanda bu istiqamətdə işlər beynəlxalq tələblərə uyğun qurulub”.

 

Müsahibimiz bildirib ki, Azərbaycan üçün nüvə sahəsindən gözlənilən təhlükələr köhnəlmiş nüvə obyektlərindən irəli gələ bilər:

 

“Bunlardan biri də dəfələrlə qeyd etdiyimiz Ermənistanın Metsamor atom elektrik stansiyasıdır. Yaxud digər yaxın ölkələrin ərazisində olan köhnəlmiş reaktorlar, hərbi məqsədli qurumlar  ölkə üçün təhlükə yarada bilər. Lakin hazırda əsas maraq obyektimiz Ermənistanda qəzalı vəziyyətdə olan atom stansiyasının fəaliyyətinin dayandırılmasıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?