Modern.az

Dini Komitə xaricdə dini təhsil alıb qayıdanlardan NARAZIDIR: “Çoxu özünü doğrultmur”

Dini Komitə xaricdə dini təhsil alıb qayıdanlardan NARAZIDIR: “Çoxu özünü doğrultmur”

7 Mart 2018, 09:22

“Əldə edilən məlumatlara görə, bugünədək xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur. Onların içərisində dövlət xətti ilə təhsil alan tələbələrin sayı çox azdır. Bu tələbələrin əksəriyyəti İranda təhsil alıb. Sonrakı yerlərdə isə Misir, Suriya, Səudiyyə Ərəbistanı və Türkiyə gəlir”.


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri  Elnarə Kərimova  Modern.az saytına açıqlamasında  deyib:


“Azərbaycanda din sahəsində milli kadrların hazırlanmasının aktuallıq qazandığı günümüzdə təcrübə göstərir ki, xaricdə dini təhsil alanların bir qismi özlərini doğrultmur. Belə ki, bu şəxslər təhsil aldıqları ölkələrdə xarici dini ideologiyaların təsirinə məruz qalırlar. Həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər. Ölkəyə qayıtdıqdan sonra bu ölkələrin həyat tərzi və mədəniyyətinin aktiv təbliğatçısına çevrilirlər. Nəzərə alınmalıdır ki, bu cür dini təhsil həmin ölkələrin dövlət quruluşuna, milli-mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli-mədəni dəyərlərimizə yaddır”.


E.Kərimova qeyd edib ki,  bu gün Azərbaycanda xaricdə dini təhsil alanlar arasında dini ayinlərin icraçısı kimi işləyənlər də var:


“Hazırki qanunvericilik imkan verir ki, müvafiq yoxlamalar və attestasiyadan keçdikdən sonra xaricdə dini təhsil alanlardan dini ayinlərin icrasında istifadə olunsun. Lakin onların sayı elə də çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir.

Onu da qeyd edim ki, qanunvericiliyə edilmiş son dəyişikliyə görə, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilə bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir