Modern.az

Topçubaşovun diplomatik manevrləri, Cümhuriyyət naminə etdiyi fədakarlıqlar - "AXC-100"

Topçubaşovun diplomatik manevrləri, Cümhuriyyət naminə etdiyi fədakarlıqlar -

Ədəbi̇yyat

8 May 2018, 14:55

Modern.az yazıçı-publisist Əli Cəfəroğlunun ADR-in qurucularından olan böyük diplomat Əlimərdan bəy Topçubaşovdan bəhs edən araşdırmasını təqdim edir. 

 

1918-ci il may ayının 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi qeyd-şərtsiz Azərbaycan xalqının tarixində və taleyində mühüm hadisə idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “XX əsrin əvvəllərində Azərbaycanda milli-azadlıq hərəkatı genişləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular.  Birinci dünya müharibəsinin bitməsi ilə əlaqədar dünyada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait meydana gətirdi. Belə bir şəraitdə Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasını elan etdilər.”

Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi Bəyannamə Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, dinindən, dilindən, irqindən asılı olmayaraq respublika ərazisində yaşayan bütün xalqların və millətlərin hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə və qonşu xalqlarla dinc və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün gözlənilməsi prinsiplərinə əsaslanırdı. Şərqdə ilk demokratik respublika olan Azərbaycanın Xalq Cümhuriyyəti yaradıldığı gündən başlayaraq qısa müddət ərzində öz parlamenti, hökuməti, ordusu və pul vahidinə malik olmuş, Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların parlamentdə təmsil olunmasını təmin etmiş və beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq subyektinə çevrilmişdi. Cümhuriyyəti yaradan insanlardan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqa görkəmli xadimlər həmin dövrdə Azərbaycanın milli dövlətçiliyini xilas etdilər. Əgər bu addım atılmasaydı Azərbaycan ərazisi qonşu dövlətlər arasında bölüşdürüləcəkdi.

Azərbaycan xalqının milli oyanışında və mənəvi yüksəlişində, rus çarizminin müstəmləkə siyasətinə qarşı mübarizənin aparılmasında, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında təcrübəli hüquqşünas, görkəmli və istedadlı diplomatlardan biri Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov müstəsna rol oynamışdır. O, Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş, Tiflis və Bakıda vəkillik fəaliyyəti ilə məşğul olmuş, 1897-ci ildə “Kaspi” qəzetini yaradaraq 1917-ci ilin sonuna qədər onun redaktoru kimi Azərbaycanın ictimai-siyasi həyatında ön cərgədə getmişdir. 1905-1907-ci illər birinci rus inqilabı dövründə Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatı olan “İttifaqi müslim”in yaradılması və fəaliyyətində böyük rol oynamış, onun proqram sənədlərini tərtib etmişdir. Əlimərdan bəyin yüksək nüfuzu olduğundan Rusiyanın Nijni-Novqorod və Sankt-Peterburq şəhərlərində keçirilmiş dörd qurultayın hamısı məhz onun sədrliyi ilə keçmişdir. 1906-cı ildə Sankt-Peterburqda fəaliyyət göstərmiş Birinci Dövlət Dumasına üzv seçilmiş Topçubaşov Dumada müzakirə edilən bir çox qərarların qəbul edilməsində iştirak etmiş, çar hökumətinin köçürmə və aqrar siyasətini pisləmiş, Rusiyada yaşayan azsaylı xalqlara, həmçinin müsəlmanlara muxtariyyət hüququnun verilməsinin tərəfdarı olmuşdur. Dumada onun başçılığı ilə Rusiyanın bütün müsəlman əyalətlərinin deputatlarının təmsilçiliyi ilə Müsəlman fraksiyasının yaradılması da onun məşhur bir siyasətçi olduğundan xəbər verirdi.

1917-ci il Fevral inqilabı və Oktyabr çevrilişindən sonra fəaliyyətini daha da genişləndirən Topçubaşov Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparmağa başlamışdır. Həmin ilin mart ayında yaradılmış İctimai təşkilatlar Şurası İcraiyyə Komitəsi və Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinə sədr, Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə Dumaya üzv seçilmiş, 1918-ci ilin mart ayında Bakıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırım zamanı onun tezliklə yatırılmasına çalışmış və “Sülh konfransı”nın iştirakçılarından biri olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Əlimərdan bəy Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi ikinci hökumət kabinəsində portfelsiz nazir, oktyabr ayında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən diplomatiyanın inkişafına, diplomatik əlaqələrin yaranmasına, Azərbaycanın dünya dövlətləri arasında hüquqlarının müdafiə olunması və tanınmasına çalışmış bu insan  bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyi ideyasına həsr etmişdir. Azərbaycan hökuməti Osmanlı dövləti və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə onu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir.

1918-ci il avqustun 23-də Gəncədən çıxaraq Tiflisə yola düşmüş, burada Gürcüstan hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim Paşa ilə görüşlər keçirmişdir. Sentyabr ayının 28-də İstanbula gələn Əlimərdan bəy oktyabrın 2-də Osmanlı sultanı VI Mehmedin qəbulunda olmuşdur. O, danışıqlar zamanı qeyd etmişdi ki, azərbaycanlıları çoxlu istəməyənlər vardır, lakin azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmamışlar, çünki bilirlər ki, onların böyük dostu vardır. ”Dost yox, qardaş!”, -deyə Sultan söhbətə başlamış və bildirmişdi ki, bütün türklər azərbaycanlıların qardaşıdır və bu qardaşlıq əbədi olmalıdır.

Topçubaşov Sədr-Əzəm Tələt Paşa ilə görüşündə türk əsgərlərinin Bakının azad edilməsində iştirakına görə Azərbaycan hökuməti adından təşəkkür edərək Azərbaycanda və ümumiyyətlə, müsəlmanlar arasında məzhəbçiliyin qızışdırılmasının Rusiyanın ənənəvi siyasəti olduğunu göstərmiş və uzaqgörənliklə bildirmişdi ki, Rusiyadakı indiki hökumət də həmin siyasəti yeridir və bolşeviklər müsəlmanlara düşmən münasibətlərini Bakıda törətdikləri hərəkətləri ilə sübut etdilər. Tələt Paşa öz növbəsində demişdi ki, bizim yalnız bir arzumuz, yəni  Rusiya imperiyasının dağılması yerinə yetmişdir. Bu, həm bizim, həm sizin, həm də ki, bütün Qafqaz və Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyət və narazılıqları unudub, səmimi əlaqələr yaratmalıdırlar.

Əlimərdan bəy erməni xislətinə dərindən bələd olduğunu danışıqlar zamanı nümayiş etdirmişdi. O, söyləmişdi ki, bu xoş məqsədə nail olmağın böyük çətinlikləri vardır. Əgər gürcülərlə sülh yolu ilə keçinmək mümkünsə, ermənilərlə çox çətindir. Nə qədər ölkə var, onların o qədər oriyentasiyası var. İstanbulda sizə öz məhəbbət və sədaqətlərini bəyan edirlər, Berlində almanlara. Görüş əsnasında Osmanlı xarici işlər naziri Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarında olan ixtilafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri müəyyənləşdirməyin zəruriliyini Topçubaşova söyləyərkən o, ermənilərlə bir yerdə işləməyin qeyri-mümkünlüyünü əsaslandırmış və demişdi ki, ermənilərin iştahası çox böyükdür və həm də bu iştahı özgələrin, ilk növbədə bizim hesabımıza doydurmaq istəyirlər. Onlar demək olar ki, bütün ölkələrin paytaxtlarında bizə qarşı təbliğat aparıb bizim millətin öz dövlət həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində yaşamağı bacarmadığına dair saxta məlumatlar yayıb Azərbaycanın mənafeyinə ziyan vururlar. Buna görə də Avropa paytaxtlarında nümayəndəliyimizin olması bizim üçün zəruridir.

Hərbi nazir Ənvər Paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı məsələlər, xalq maarifi nazirinin müavini ilə görüşdə azərbaycanlı gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edilmişdi. Əlimərdan bəy Şeyxülislamla görüşündə yüzillik rus müstəmləkəçiliyinin Azərbaycan mənəviyyatına vurduğu zərbəni qeyd edərək sünni-şiə ədavətinin qızışdırılmasının ənənəvi rus siyasəti olduğunu göstərmiş və Rusiya imperatoru I Pyotrun vəsiyyətlərini misal gətirmişdi.

Əlimərdan bəyin oktyabr ayı ərzində İstanbulda Osmanlı dövlətinin rəsmi nümayəndələri ilə keçirdiyi görüşlər, apardığı diplomatik danışıqlar Azərbaycan Respublikasının beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi.

1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı Birinci dünya müharibəsində məğlubiyyətə uğramışdı. Odur ki, oktyabrın 30-da Osmanlı dövləti Mudros barışığının ağır şərtlərinə imza atmağa məcbur olmuşdu. Həmin sazişin 11-ci maddəsinə görə, türk ordusu tezliklə Cənubi Azərbaycan və Transqafqazı tərk etməli, Azərbaycanda olan Osmanlı dəstələri bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.

Noyabrın 4-də Topçubaşov Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavininə etiraz notası verdi. O, Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsinin beynəlxalq hüquqa zidd olmasını, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşmasına xidmət etdiyini bildirdi və dedi ki, bu, birbaşa olmasa da, dolayı yolla o deməkdir ki, gedin Bakını götürün. Türkiyə Xarici İşlər Nazirliyi isə cavab notasında bildirirdi ki, Antanta ilə barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir.

1918-ci ilin noyabrında Türkiyənin ardınca Almaniya Birinci dünya müharibəsində məğlub oldu və kayzer II Vilhelm hökuməti devrildi. Almaniya onunla bağlanmış sülhün şərtlərinə görə, öz qoşununu Gürcüstandan çıxarmalı idi.

Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Odur ki, Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan Baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə Rəşt və Ənzəlidə olan ingilislərlə danışığa girməyi və Milli Şuranın çağırılmasını məsləhət görmüşdü. Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və M.Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığı ilə görüşmək üçün Ənzəliyə yola düşmüşdü.

1918-ci il noyabrın 17-də general Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya daxil oldu. Həminn vaxt İstanbulda Antanta-Fransa, İngiltərə, Amerika, İtaliya, Yunanıstan və Yaponiya diplomatik nümayəndələrinə təqdim edilmiş memorandumun müəllifi olan Topçubaşov Azərbaycan hökuməti adından əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşmağın, bu xalqların bir konfederasiyada birləşməsinin mümkün hesab edildiyini bildirdi.

Noyabr ayından başlayaraq, dünya müharibəsinin nəticələrini təsbit etmək, qalib ölkələrin əldə etdiyi qələbəni rəsmləşdirmək, müharibədən sonrakı vəziyyəti tənzimləmək və mübahisəli məsələləri həll etmək üçün beynəlxalq sülh konfransına ciddi hazırlıq gedirdi. Versal sülh konfransının əsas təşkilatçıları Birinci dünya müharibəsində qələbə çalmış Antanta bloku olan Fransa, İngiltərə, ABŞ, İtaliya və Yaponiya idi.

Azərbaycan hökumətinin nümayəndələri hələ 1918-ci ilin noyabrında Ənzəlidə Müttəfiq qoşunların baş komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak edəcəyinə təminat almışdılar. Topçubaşov erməni və gürcü nümayəndələri ilə təmasda olub əlaqələri möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi. O, Paris sülh konfransında etimad qazanmaq üçün Qafqaz, yaxud Transqafqaz konfederativ nümayəndəliyi yaratmağı təklif edib yazırdı ki, bu, hələlik yeganə çıxış yoludur.

İstanbulda olarkən noyabr-dekabr aylarında Osmanlı nümayəndələri ilə yanaşı Ukraynadan Sukvçin, İrandan Mirzə Mahmud xan, İngiltərədən Tampl, Rusiyadan P.Milyukov, ABŞ-dan diplomatik nümayəndə Braunla apardığı danışıqlarda müharibənin qurtarması ilə bağlı dünyada yaranmış yeni şərait və Azərbaycanın beynəlxalq vəziyyətini müzakirə etdi və həmin dövrdə Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasında öz geniş və əhatəli fəlsəfi və hüquqi görüşləri ilə mühüm rol oynadı.

Onun uzaqgörən məsləhəti ilə noyabrın 16-da Azərbaycan Milli Şurası beş aylıq fasilədən sonra Bakıda yenidən fəaliyyətə başladı və noyabrın 19-da keçirdiyi ikinci iclasda Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Nəhayət, 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamentinin açılışı oldu. Bu, ölkənin istər daxili, istərsə də beynəlxalq həyatında çox mühüm hadisə idi. Parlamentin açılışında 120 deputatdan 96-sı iştirak edirdi. Ciddi müzakirələrdən sonra Türkiyədəki diplomatik nümayəndə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini, Rəhim bəy Vəkilov isə katib seçildi. Heç bir partiyanın üzvü olmayan Əlimərdan bəy dövrünün görkəmli siyasi xadimi, diplomatı, geniş dünyagörüşə malik demokratik ruhlu ziyalısı olması, həmçinin dünyaya baxışı, hadisələrə hərtərəfli və obyektiv qiymət verməsi səbəbindən özü Türkiyədə olsa belə məsuliyyətli bir vəzifəyə seçilmişdi.  

Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməkdən ibarət idi. Bu nümayəndə heyəti qarşısında Azərbaycanın istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanınması kimi tarixi vəzifə dururdu. Dekabrın 28-də parlamentin seçdiyi nümayəndə heyətinin tərkibinə Ə.Topçubaşov (sədr), M.H.Hacınski (müavin), Ə.Şeyxülislamov, Ə.Ağayev, M.Məhərrəmov, C.Hacıbəyov və M.Mehdiyev daxil oldu.

1919-cu il yanvar ayının 20-də Paris sülh konfransında iştirak edəcək nümayəndə heyəti İstanbula gəldi. Azərbaycan nümayəndələrinin gəlişinə qədər Topçubaşov mühüm işlər görmüşdü. Belə ki, İstanbulda olan müttəfiqlərin və neytral ölkələrin nümayəndələri ilə görüşmüş, onlara Mudros sazişi ilə bağlı Azərbaycan Respublikasının etiraz notasını təqdim etmiş, Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə ABŞ pezidenti Vudro Vilsonun “on dörd sülh prinsipi”nin Azərbaycana şamil edilməsini, respublikanın istiqlaliyyətinin ABŞ tərəfindən tanınmasına köməklik göstərməsini xahiş etmişdi. Eyni zamanda, ağqvardiyaçı Kolçak və Denikin hökumətinin nümayəndəsi, tanınmış rus diplomatı S.Sazonovla görüşündə Azərbaycanın Rusiya əsarətindən qurtarıb müstəqil respublika yaratdığını və Rusiyanın daxili işlərinə qarışmayacağını əsaslandırdı. Topçubaşovun İranın xarici işlər naziri Əliqulu xan Ənsari ilə danışığından sonra İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu.

Avropa və Amerikada ermənilərin Azərbaycana qarşı apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşaraq məğlub olmuş Osmanlı dövlətinin ayağına yazılırdı. Müttəfiqlərin rəhbər xadimlərinə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. İlk addım kimi onlar Əhməd bəy Ağayevin İttihad və Tərəqqi komitəsinin üzvləri ilə birlikdə həbs edilib ingilislərin nəzarəti altında olan Malta adasına sürgün edilməsinə nail oldular. Topçubaşov və Ağayevə qarşı qaldırılmış kompaniya heç də təsadüfi deyildi, çünki ermənilər çox yaxşı bilirdilər ki, onlar Qafqazda milli məsələni gözəl bilən, məhdud millətçilikdən uzaq geniş demokratik dünyagörüşə malik tanınmış ziyalılar idi. Bu xadimlər hələ 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı hərbi təcavüzündən sonra 1906-cı ildə ermənilərlə müsəlmanlar arasında Tiflisdə keçirilmiş sülh danışıqlarının iştirakçısı olmuşdular.

Ermənilərin və yeni yaradılmış ağ rus hökumətini təmsil edən nümayəndələrin təbliğatı öz işini gördü. Bu iki qüvvənin təsiri altına düşmüş Fransa hökuməti Azərbaycan nümayəndələrini Parisə buraxmamaq üçün müxtəlif bəhanələrə əl atırdı. Parisə, eyni zamanda, Don, Kuban, Dağlılar İttifaqıının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəyin başçılığı ilə hazırlanmış memorandum imzalanaraq İstanbulda olan Böyük Britaniyanın ali komissarı admiral Vebbə təqdim edildi. Gərgin mübarizədən üç ay sonra, 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. Mayın əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində ABŞ, İngiltərə, İran, Polşa və digər ölkələrin nümayəndə heyətləri ilə ictimai-siyasi vəziyyətlə əlaqədar danışıqlar apardı. Bu bir ay ərzində  Azərbaycan nümayəndə heyətinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi, ABŞ prezidenti Vudro Vilsonla görüş olmuşdur.

May ayının 2-də Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vilson bildirdi ki, Azərbaycan Respublikasının nümayəndələri Versal sülh konfransına buraxılsınlar və Ə.Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi tanınmalıdır.

 Həmin heyətin ən əhəmiyyətli təbliğat işlərindən biri Topçubaşov, Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış “Qafqaz Azərbaycanı Respublikası nümayəndələrinin Paris sülh memorandumu” adlı 14 bölmədən ibarət, nisbətən böyük həcmdə olan sənədin yenidən işlənərək böyük tirajla fransız və ingilis dillərində çap edilməsi, diplomatik nümayəndəliklər və əlaqədar şəxslər arasında yayılması idi.

Sənəddə qeyd olunurdu ki, “bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı.”

1919-cu il mayın 28-də İstiqlal günü Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, həmçinin Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Təqdim olunmuş memorandumda AXC-nin yaranma tarixi, onun bir illik inkişaf yolu, istiqlal savaşında verdiyi qurbanlardan danışılır və göstərilirdi ki, bu yolda Azərbaycanın iki şəhəri və beş yüz kəndi dağılmış, Azərbaycan xalqı yüz mindən yüz əlli minə qədər qurban vermişdir.

Daha sonra Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Millətlər Cəmiyyətinə qəbul, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım etməsi və digər məsələlərdə Azərbaycan nümayəndə heyətinə köməklik göstərilməsi xahiş edilirdi.

Bütün bunlara baxmayaraq ABŞ prezidenti Azərbaycan nümayəndə heyətini soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını bildirdikdən sonra Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun real çıxış yolu olduğunu demişdi.

Parisdə olduğu ilk anlardan gərgin işləyən Əlimərdan bəy Azərbaycan hökumətinə göndərdiyi məlumatda qeyd edirdi ki, doğrudur, biz bura başqalarından gec gəlmişik, amma qüvvəmiz çatana qədər doğma Azərbaycanın mənafeyinin müdafiəsində dayanacağıq. O, eyni zamanda bildirirdi ki, bu konfransı sülh konfransı adlandırmaq olmaz. Müttəfiqlərin özünün də Rusiyanın və ondan ayrılmış hissələrin gələcəyinə aid müəyyən bir fikri olmasına inanmaq belə olmur. Bu fikrin meydana çıxması da məhz sülh konfransının kiçik xalqlara münasibətdə aydın mövqe tutmaması, onların taleyinə biganə münasibəti ilə bağlı idi.

Sülh konfransı boyu Vilson ermənilərin müdafiəçisi kimi çıxış etmişdir. Topçubaşov Bakıya göndərdiyi hesabatda erməni ziyalılarının Avropanın mərkəzində yarım əsrdən çox apardıqları iş nəticəsində xüsusilə son vaxtlar ermənilərə qarşı daha geniş rəğbət bəslənilməsini göstərirdi.

Hər üç Qafqaz respublikasının müstəqilliyinin tanınması, onların gələcəkdə müstəqil dövlət kimi yaşaması bütövlükdə bu respublikaların əməkdaşlığından asılı idi. Odur ki, Əlimərdan bəy gürcü, erməni və dağlı nümayəndə heyətlərinin başçıları ilə görüşərək öz aralarında münasibətlərə dair danışıqlar apardı. Lakin erməniləri Qafqaz əməkdaşlığına cəlb etmək olduqca çətin idi.

1919-cu ilin payızından başlayaraq Azərbaycan nümayəndələri Parisdə təkcə siyasi və iqtisadi məsələlərlə deyil, eyni zamanda geniş təbliğat işləri ilə də məşğul olmuşdular. Onların fədakarlığı nəticəsində Azərbaycanın tarixi, iqtisadiyyatı, əhalisi, təbii sərvəti və siyasi vəziyyəti barədə ingilis və fransız dillərində kitabçalar seriyası hazırlanıb çap edilmiş, Avropa mətbuatına çıxmaq mümkün olmuşdu.

Parisdə Azərbaycan nümayəndə heyəti İranla münasibətləri yaxşılaşdırmaq istiqamətində xeyli iş gördü. Belə ki, AXC yarandıqdan sonra İran Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onun İran dövlətinə birləşdirilməsini tələb edirdi. Yalnız 1919-cu il avqustun 19-da Londonda ingilis-İran müqaviləsi bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkməyə məcbur oldu. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Bu müqavilənin bağlanması Azərbaycan diplomatiyasının beynəlxalq səhnədə qazandığı mühüm qələbəsi idi.

1920-ci il yanvarın 11-də lord Kerzonun təklifi ilə Paris konfransının Ali Şurası Azərbaycan və Gürcüstanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 15-də isə Azərbaycan nümayəndələri Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Topçubaşova Paris Sülh konfransının rəsmi sənədini təqdim etdi. O, bunun üçün təşəkkürünü və Azərbaycan Respublikasının de-yure tanınmasını gözlədiklərini bildirdi.

AXC-nin dünyanın böyük dövlətləri tərəfindən tanınması Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndəliyinin diplomatik fəaliyyətinin uğurlu nəticəsi idi. Bu da respublikanın gələcəkdə geniş beynəlxalq əməkdaşlığa daxil olması, onun dünya siyasətini müəyyən edən ölkələr tərəfindən de-yure tanınması və dünya birliyinin bərabərhüquqlu üzvü kimi hərtərəfli diplomatik əlaqələrə girməsi üçün əlverişli imkanlar açırdı.

Böyük çətinliklər və məhrumiyyətlər hesabına qazanılmış bu qələbə münasibəti ilə Topçubaşov Parisdən Azərbaycan hökumətinin başçısı N.Yusifbəyliyə yazırdı ki, siyasət qədər dəyişkən və elastik heç nə yoxdur. Elə buna görə də onun qabarması və çəkilməsi həmişə gözlənilməzdir. Biz xalqımızın istiqlaliyyət əldə edəcəyinə inanırıq.

İstiqlaliyyətin tanınmasından üç gün sonra, yanvarın 14-də Azərbaycan Parlamentinin təntənəli iclası keçirildi. Həmin gün Azərbaycanda istirahət günü elan olundu. Yanvarın 19-da isə Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına dəvət edildilər. İclasda müzakirə edilən məsələlərin əksəriyyəti Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Bu dövlətləri tanımaqla Antanta xarici təcavüzdən qorumaq üçün öz üzərinə təəhhüdlər götürür və onların hərbi sahədə ehtiyaclarını bildirmələrini təklif edirdi. Əlimərdan bəyin təcili məlumatından sonra Azərbaycan hökumətinin rəsmi memorandumu Ali Şuraya təqdim olundu.

Azərbaycanın istiqlaliyyətinin tanınmasından sonra respublikanın Versaldakı nümayəndə heyətinin fəaliyyəti daha da genişləndi. Sülh konfransının rəsmən yanvar ayının 21-də başa çatmasına baxmayaraq Azərbaycan nümayəndə heyəti hələ bir müddət Avropada öz missiyasını yerinə yetirməkdə davam edirdi. Azərbaycan nümayəndələri 1920-ci ilin fevral-mart aylarında keçirilmiş London və aprel ayında keçirilmiş San-Remo konfransında yaxından iştirak etdilər.

Müstəqilliyin elan olunması beynəlxalq aləmdə ona olan marağın artmasına təkan verdi. Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya Bakıda öz konsulluqlarını açdı. Bundan başqa Azərbaycanda 20-dən çox ölkənin-Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Polşa, Rumıniya, Latviya, Litva və digər ölkələrin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı.

San-Remo konfransı Qafqaz respublikaları üçün yaxşı perspektivlər aça bilərdi. Lakin müttəfiqlərin bütün cəhdlərinə baxmayaraq ermənilərin destruktiv mövqeyi ucbatından bu respublikalar öz aralarında olan mübahisəli məsələləri aradan qaldıra bilmədilər.

1920-ci il 28 aprel çevrilişi ərəfəsində beynəlxalq aləmdə AXC-nin tam təcrid olunması aradan qaldırılmışdı. Müstəqil Azərbaycanın diplomatik cəhətdən geniş tanınması və hərtərəfli beynəlxalq əlaqələr sisteminə daxil olması prosesi başlamışdı. Amma Azərbaycanın Rusiya tərəfindən işğalı və bolşeviklərin hakimiyyəti ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti devrildi.

 Cümhuriyyət az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu və həyata keçirilən tədbirlər milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. Belə ki, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin topladığı tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və uğurla inkişaf etdirilir.

 Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Əlimərdan bəy Topçubaşovun göstərdiyi misilsiz xidmətlər istiqlal tariximizdə müstəsna əhəmiyyət kəsb etmiş və respublikamızın dünyada tanıdılmasına dəyərli töhfə vermişdir. O, hətta, 1920-1934-cü illərdə Parisdə yaşamağa məcbur olsa da, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixinə, ədəbiyyatına, coğrafiyasına, həmçinin AXC-nin təşəkkülü məsələlərinə dair kitab, həmçinin məqalələr yazaraq Fransada qəzet və jurnallarda çap etdirməyə müvəffəq olmuşdur.

Xalqına sədaqətlə xidmət etmiş belə şəxsiyyətlərin misilsiz xidmətləri müstəqil Azərbaycan Respublikasında sonsuz məhəbbət və dərin minnətdarlıq hissi ilə xatırlanır.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi