Modern.az

Bizimkilər - Tanınmış jurnalist: “Biz atamın aldığı şirniyyatları deyil, gündəlik qəzetləri gözləyirdik” - FOTOLAR  

Bizimkilər - Tanınmış jurnalist: “Biz atamın aldığı şirniyyatları deyil, gündəlik qəzetləri gözləyirdik” - FOTOLAR   

10 Mart 2018, 13:00

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...


“Bizimkilər”in növbəti qonağı tanınmış jurnalist  Ağanisə Sultanovadır.

Ağanisə Sultanova Sabirabad rayonunda anadan olub. Ailənin ilk övladı olan jurnalist 4 yaşından oxuyub-yazmağı öyrənib. Sabirabad rayonunda Mikayıl Müşfiq adına 4 saylı orta məktəbi bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

“Özümü jurnalistikasız bir an belə təsəvvür etmirəm”

Ağanisə Sultanova deyir ki, özünü dərk edəndən, gözünü açandan evlərində ən çox kitab, qəzet görürdü:

“Atam hər axşam işdən evə əlidolu gəlirdi. Səmimi olaraq deyirəm, biz atamın aldığı şirniyyatlardan, meyvələrdən çox gündəlik qəzetləri gözləyirdik. 6 yaşımda məktəbə getmişəm. O vaxt artıq dünya uşaq ədəbiyyatını oxumağa başlamışdım. Deyilənlərə görə, məktəb illərində də çox fəal olmuşam. Dərslərimi yaxşı oxuyurdum, eyni zamanda  məktəbdə, rayon səviyyəsində keçirilən bütün tədbirlərdə iştirak edirdim. Təvazökarlıqdan uzaq, bəzən təşkilatçı da olurdum.

YUNESKO – nun dəstəyi ilə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində, İTAR – TASS – da, OPT – də təcrübə keçmişəm. Eyni zamanda, Yaponiyada Tokio Dövlət Universitetində jurnalistika üzrə dərslər almışam.

2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2013-cü ildə dövlət başçısının sərəncamı ilə Jurnalistlər üçün tikilən binada mənzillə təmin edilmişəm”.



Müsahibimizin  dediyinə görə, jurnalistika artıq onun həyat tərzidir:


“Mübaliğəsiz, falansız  jurnalistika mənim həyatımdır. Özümü jurnalistikasız bir an belə təsəvvür etmirəm. İnsan hər gün necə su içməyə, yemək yeməyə ehtiyac duyursa, mənim üçün də yazmaq belədir.

Rəhmətlik babam 50 ildən çox müəllim, məktəb direktoru işləmişdi, rus, alman dillərini çox gözəl bilirdi. Müəllim olmaqla bərabər, məqalələri davamlı olaraq, Azərbaycan, həm də o vaxtkı SSRİ mətbuatında - “Pravda”, “İzvestya” qəzetlərində dərc olunurdu. Mən də sovet məktəblisiyəm. Artıq 5- ci sinifdə oxuyanda yazılarım rayon qəzetində, “Pioner” qəzetində, o vaxtın nüfuzlu “Azərbaycan gəncləri” qəzetində çıxırdı. Yadımdadır, yazılarımın dərcindən sonra məktəbimizə çoxlu oxucu məktubları gəlirdi. Orta məktəbdə oxuyanda Mədəniyyət Fondu 35 yaşına qədər gənclər arasında yazı müsabiqəsi elan etmişdi. Həmin vaxt Mədəniyyət Fondunun rəhbəri çox sevdiyim yazıçı Kamal Abdulla idi. Azərbaycan dili barədə bir yazım var idi, onu müsabiqəyə göndərdim. Təhsil aldığım məktəbə sözügedən müsabiqənin qalibi oldugum barədə məktub gəlmişdi.  Çox sevinmişdim, atam məni Bakiya gətirdi, qalib oldugum diplomu, qiymətli hədiyyələri hələ də saxlayıram”.

“Həmin vaxt məni qonorardan çox hazırladığım verilişlər maraqlandırırdı”

Həmkarımız deyir ki, ailədə həkim olmağını istəsələr də, orta məktəbi bitirdiyi il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və ən böyük arzusuna çatıb:

“Elə birinci kursdan Azərbaycan Dövlət Televiziyası və Radiosu ilə əməkdaşlıq etməyə başladım. Radionun “Gənclik” redaksiyasında hər həftə 45 dəqiqəlik “Yarımçıq ömrün balladası” adlı veriliş hazırlayırdım. Veriliş Azərbaycan torpaqlarının azadlığı ugrunda canlarından keçən Şəhidlərimiz barədə idi. Sonra televiziya versiyasını hazırlamağa başladım. O vaxt televiziyada hər bazar günü efirə gedən “Həftə” proqramında da müxtəlif mövzulu reportajlar hazırlayırdım.  Eyni zamanda da, mətbuatda davamlı yazılarım dərc olunurdu. Bir nüansı da qeyd edim ki, aylıq tələbə təqaüdü ilə birlikdə hər ay televiziya və radiodan, qəzetdən qonorar alırdım və kifayət qədər yüksək məbləğ sayıla bilərdi. Amma həmin vaxt məni və qrup yoldaşlarımı qonorardan, puldan çox yazılarımız, imzamız, hazırladığımız reportajlar, verilişlər maraqlandırırdı”.



“Birdən adımı eşitdim və...”

Ağanisə Sultanova Bakı Dövlət Universitetini bitirəndən sonra “Xalq qəzeti”nin siyasət şöbəsində işləməyə başlayıb:

“Qəzet jurnalistikasında “Xalq qəzeti” mənim üçün məktəb oldu. Təcrübəli jurnalistlər - Telman Heydərov, İttifaq Mirzəbəyli, Rauf Ağayevdən çox şeylər öyrəndim. Qəzetdə işlədiyim müddətdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovaya həsr olunmuş “Dünyanın ölümsüz Salatını”, “Qadın təbəssümü, barış təcəssümü” adlı kitablarım nəşr olundu. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin keçirdiyi müsabiqədə vətənpərvərlik nominasiyası üzrə “İlin gənc jurnalisti” mükafatına layiq görüldüm. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ilə bağlı xarici ölkə mətbuatında yazılarım dərc olundu.


Sonrakı fəaliyyətimi “Yeni Azərbaycan” qəzetində davam etdirdim. Bu qəzetdə işlədiyim dövrdə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mətbuatındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif olundum.

Burada bir qədər haşiyəyə çıxmaq istəyirəm. “Yeni Azərbaycan” qəzetində həm parlament müxbiri idim, həm də cənab prezidentin səfərlərini, onun iştirakı ilə keçirilən tədbirləri, görüşləri qəzetdəki digər həmkarlarımla birgə işıqlandırırdım. Həmin gün Prezident İlham Əliyevin  iştirakı ilə “Gülüstan” sarayında  milli mətbuatın ildönümü ilə bağlı keçirilən tədbirə getdim. Həm diktafonu işə salmışdım, həm də bloknotumu, qələmi hazırlamışdım. Prezidentin ictimai – siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının təltif olunan mətbuat işçiləri ilə bağlı sərəncamını oxuyurdu. Birdən adımı eşitdim və hansı hisslər keçirdiyimi indi də ifadə edə bilmirəm. Çünki tədbirə yazı hazırlamağa getmişdim. Sonra Əli müəllimə yaxınlaşıb, belə bir mükafatı gözləmədiyimi, minnətdarlığımı bildirdim. Hörmətli Əli müəllim də dedi ki, minnətdarlığı cənab Prezidentə etməlisən, bütün bunalar onun Azərbaycan mətbuatına, jurnalistlərə göstərdiyi diqqət və qayğının nəticəsidir. O gün mənim üçün həyatımın ən yaddaqalan, unudulmaz günü idi və üzərimə daha böyük məsuliyyət qoyurdu”.

“Nə gözəl ki, jurnalistikadakı yolum AzTV-dən keçib”

Jurnalist 2006-cı ildən fəaliyyətini AzTV-nin İctimai – siyasi proqramlar redaksiyasında davam etdirib və burada 10 ilə yaxın çalışıb:

“Televiziya jurnalistikasında öyrəndiyim hər şeyə görə AzTV - yə minnətdaram, mənim üçün böyük məktəb oldu. Burada çalışdığım müddətdə ilk dəfə yazdığım hekyələrdən birini Türkiyədə keçirilən nüfuzlu “Ömər Seyfəddin” adına hekayə yarışmasına göndərdim. Azərbaycandan da çox sayda yazarların iştirak etdiyi yarışmada 600-dən artıq hekayə içərisində Qarabağ müharibəsindən bəhs edən “Bir ovuc toprak” adlı türk dilində yazılan hekayəm ilk onluqda yer aldı. İstanbulda keçirilən mükafatlandırma mərasiminə gedərkən artıq qalib olan on hekayə kitab halında nəşr olunmuşdu. Nə gözəl ki, jurnalistikadakı yolum Dövlət  televiziyasından keçib”.

Ağanisə Sultanova hazırda ARB TV-də redaktor kimi çalışır:

“İşimdən razıyam. Eyni zamanda da, həm məqalələr yazıram, həm də bir kitab üzərində işləyirəm”.

“Təsadüfi şəxslərin jurnalistikada olması faciədir”

Ağanisə Sultanova deyir ki, bu gün Azərbaycanda jurnalist kimi fəaliyyət göstərmək, işləmək üçün daha geniş imkanlar var:


“Mətbuat, söz azadlığı, kifayət qədər qəzet, agentlik, sayt var. Fikrim səhv anlaşılmasın, çox istəyərdim ki, Azərbaycan jurnalistikasında jurnalistikanı peşə kimi sevənlər, jurnalistikanı özünə peşə seçənlər çalışsınlar. Təsadüfi, jurnalistikaya gəlir mənbəyi kimi baxan şəxslərin bu sahədə olması, sözün əsl mənasında faciədir. Bəlkə də şablon çıxacaq, əsl jurnalist yazacağı, deyəcəyi hər sözə məsuliyyət daşıyır. Mənim üçün jurnalist hər şeydən əvvəl öz qələminə, imzasına hörmət qoymalıdır”.

Müsahibimiz hazırda bir layihə üzərində işləyir və onu gerçəkləşdirmək niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu