Modern.az

Prezidentliyə namizədliyini irəli sürən daha bir nəfər geri çəkildi  

Prezidentliyə namizədliyini irəli sürən daha bir nəfər geri çəkildi   

12 Mart 2018, 12:54

Bu gündən aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.


Lakin prezidentliyə namizədliyini irəli sürən bir neçə şəxsdən hələ də xəbər yoxdur.

Maraqlıdır, onlar artıq sənədlərini MSK-ya təhvil veribmi?


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Modern.az-a
açıqlamasında deyib ki, yarım saat bundan əvvəl nümayəndələr imza vərəqləri ilə birlikdə sənədləri Mərkəzi Seçki Komissiyasına təhvil veriblər:

 “Qeyd edim ki, imzaların toplanma kampaniyasını iki gün bundan qabaq yekunlaşdırmışıq. MSK sənədlərimizi qəbul edib arayış verərsə, sənədləri təhvil vermiş sayılırıq. Bundan sonra namizədliyimin təsdiq edilməsini gözləyəcəyik. Lakin MSK-nın sənədləri qəbul etməsi sadə prosedur deyil”.


AĞ Partiya başqanı Tural Abbaslı
bildirib ki, sənədlərdə müəyyən problem yaranıb:

“Biz imzaları hardasa 4 gün bundan qabaq toplayıb bitirmişik. İmzalarla birlikdə lazimi sənədləri şənbə günü  MSK-ya təhvil vermişik.  Sadəcə olaraq bank sənədlərində anlaşılmazlıq olmuşdu.  Tarixlərlə bağlı bank hesabatları verilməli idi. MSK-dan bizə bildirdilər ki, sənədlər düzəldilməlidi.

Təəssüf ki, şənbə və bazar günü banklar bağlı olduğu üçün bunu edə bilmədik. Bu gün artıq bankdan lazimi sənədləri götürüb yəqin ki, yaxın yarım saat ərzində imza vərəqələri ilə birlikdə bütün sənədləri yenidən MSK-ya təhvil verəcəyik”.


Hüquqşünas  Anar Umudovun
sözlərinə görə, sənədlərin təhvili mümkün olmayacaq:

“Bu gün biz topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Hardasa imzaların yarısının toplanmasına nail olmuşuq. Bu baxımdan gün sonuna kimi sənədlərimizi MSK-ya təqdim edə bilməyəcəyik. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik”.

Anar Umudov həmçinin deyib ki, növbədənkənar prezident seçkilərində heç kimi dəstəkləmək fikri yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi