Modern.az

“Ordumuzun təlimləri ermənilərə xəbərdarlıqdır” - Yaya kimi hərbi əməliyyatlar başlaya bilər - VİDEO

“Ordumuzun təlimləri ermənilərə xəbərdarlıqdır” - Yaya kimi hərbi əməliyyatlar başlaya bilər - VİDEO

Qarabağ

13 Mart 2018, 14:53

“Dağlıq Qarabağ danışıqlarını uzatmaq üçün ola bilər ki, prosesin aparılması yeni prezident Armen Sarkisyana tapşırılsın”.

Bunu  Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az saytına açıqlamasında deyib:

“Qarabağ münaqişəsini nizama salmaq üçün  danışıqları kimin aparacağını deyə bilmərəm. Sadəcə olaraq  Ermənistanın Konstitusiya dəyişikliklərinə görə, prezidentin təkcə rəmzi səlahiyyətləri var. Yəni o, nə xarici siyasəti müəyyənləşdirir, nə də təhlükəsizlik məsələlərinə cavabdehdir. Bu baxımdan Ermənistan prezidentinin  danışıqları aparmaq səlahiyyəti yoxdur.  Ermənistanda Konstitutusiya dəyişiklikləri tərtib olunandan sonra birinci şəxs baş nazirdir. Ancaq bu parlamentdən də asılıdır. Parlament Ermənistan adından danışıqların aparılması üçün kimə istəyirsə, səlahiyyət verə bilər”.


Deputat qeyd edib ki,  Armen Sarkisyanın Qarabağ danışıqlarını aparacağı halda, daha faydalı ola biləcəyini demək  çətindir:

“Sadəcə, Ermənistan oyun oynamaq istədiyi halda bu cür dəyişiklik edə bilərlər. Yəni yeni prezident təzədən danışıqlara başlayacaq və bu da onlara vaxt qazandıracaq. Danışıqları uzatmaq üçün ola bilər ki, prosesin aparılması Armen Sarkisyana tapşırılsın. Bizim üçün isə fərqi yoxdur. Lap istəyirlər, danışıqların aparılması üçün gətirib  müqəvva qoysunlar. Əsas odur ki, Dağlıq Qarabağla bağlı danışıqları uzatmaq və oyun oynamaq vaxtı bitib. Azərbaycan bunu birmənalı şəkildə həm Ermənistana, həm də onu müdafiə edən himayədarlarına deyib. Vaxt yoxdur”.


R.Musabəyov bildirib ki, Azərbaycan adətən hərbi təlimləri böyük əməliyyat qabağı aparır:

“Bu baxımdan reallaşan təlimlər də ermənilərə oyun oynamaq niyyətində olmadığımızın xəbərdarlığıdır. Təlimlər texnikanı cəbhə xəttinə yaxınlaşdırmaq deməkdir. Bu da siqnaldır. Prezident seçkiləri bitəndən sonra normal nəticəyə hesablanan danışıqlar aparılacağı halda, vaxt var. Əks halda, düşünürəm ki, biz yaya kimi hərbi əməliyyatlara başlayacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır