Modern.az

Samət Əlizadənin 80 illik yubileyinə toplaşdılar  

Samət Əlizadənin 80 illik yubileyinə toplaşdılar  

Aktual

13 Mart 2018, 18:02

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq Samət Əlizadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az-ın məlumatına görə, yubiley tədbirində elm və mədəniyyət xadimləri, ziyalılar, sənət adamları, alimin doğmaları iştirak edib. Tədbirdə  çıxış edənlər Samət Əlizadənin maraqlı və zəngin ədəbi-elmi yaradıcılığı, axtarışları, yüksək insani keyfiyyətlərindən söz açıblar.

 

Alimin qızı Mehriban Əlizadə deyib ki, Samət Əlizadənin böyük tədqiqatçı-alim olmasını onun istənilən yazısının ilk cümləsindən hiss etmək mümkündür.

“Mən atamla eyni sahəni seçdim, məni onun davamçısı adlandırırlar. Samət Əlizadəni alim kimi xarakterizə etmək istəmirəm. Onun haqqında çox şey deyilib. Əminəm ki, bundan sonra çox əsərlərin, monoqrafiyaların, dissertasiyaların mövzusu olacaq əsərlərin müəllifidir Samit Əlizadə. Azərbaycan filologiyanın elə bir sahəsi yoxdur ki, Samət Əlizadə orada öz sözünü deməmiş olsun. İstər mətnşünaslıq, istər müasir dil, istər poetika məsələləri ilə bağlı çox dəyərli əsərlərin müəllifidir. Samət Əlizadə heç bir təsadüfü mövzuya müraciət etməyib. Dini mövzulu “Şühədanamə”, “Şeyx Səfi” təsvirəsini ilk dəfə elm aləminə təqdim edib. "Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası" olan “Kitab-i Dədə Qorqud”un elmi-tədqiqat işlərini, “Müdriklüyün sönməyən işığı” adlandırdığı “Oğuznamə” əlyazmasını ilk dəfə ictimaiyyətə təqdim edib. Füzuli onun ən çox sevdiyi şair idi. Hesab edirəm ki, Samət müəllimin əsərləri hələ bundan sonra da yaddaşlarda qalacaq. Hətta biz olmasaq da, onun həmkarları, layiqli davamçıları, qədrbilən tələbələri var. Amma mənim fikrimcə, Samət Əlizadənin davamçıları, bir növ onu yaşadan onun əsərləridir. Biz həyatda olmasaq belə əsərləri onu yaşadacaq”.

 

Alimin haqqında danışan həmkarları Azərbaycan dili var olduqca Samət Əlizadənin yaşayacağını deyiblər.

Bildirilib ki, Samət Əlizadə sözün həqiqi mənasında müəllim olub. Samət Əlizadə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövkət Universiteti) ən sevilən, ən savadlı müəllimlərindən idi. O, müntəzəm olaraq elmi məqalə, rəy yazan, kitab tərtib və nəşr etdirən, elmi konfranslarda məruzələr edən fəal pedaqoqlarından olub.

 

Vurğulanıb ki, Samət Əlizadə vətənpərvər alimdir.  Onun tədqiqat obyekti dövründən və ilindən asılı olmayaraq, Azərbaycan dili materiallarına söykənir. "Öncə dil, sonra Vətən" filoloji düsturu S.Əlizadə təfəkkürü üçün itilik əlaməti deyil, faktın qələbə formuludur:

"...Vətən ana dilinin neçə min il... əvvəl ağzıüstə torpaqda yatıb qalan daşdakı bir sözündən, bəlkə də bircə hərfdən başlanır...". Bu yığcam, lakin dərin elmi qənaət S.Əlizadəyə məxsusdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!