Modern.az

Bizimkilər - Mətbuat katibi Namiq Əliyev: “Çoxları məni qınayırdı ki, niyə özünə zülm edirsən?” - FOTOLAR  

Bizimkilər - Mətbuat katibi Namiq Əliyev: “Çoxları məni qınayırdı ki, niyə özünə zülm edirsən?” - FOTOLAR   

14 Mart 2018, 10:10

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyevdir.


Namiq Rafiq oğlu Əliyev 4 mart 1977-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı 246 saylı məktəbə daxil olub, 1993-cü ildə həmin məktəbi bitirib. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. “Nəyi? Necə? Nə vaxt? İctimaiyyətlə əlaqələrin idarə edilməsi” və “Uğurun düsturu - Brend” kitablarının müəllifidir. Ailəlidir.  Bir oğlu var.


“Ora-bura qaçdığıma görə çoxları məni qınayırdı”

Namiq Əliyev deyir ki, hələ orta məktəbdə oxuyarkən məktəb tədbirlərində çıxışlar edən, sinfin divar qəzetində  yazılar yazan ən fəal şagirdlərdən biri idi:

“Universitet illərində də “Bakı Dövlət Universiteti” qəzeti, daha sonra isə bir sıra qəzetlərlə əməkdaşlıq edirdim. Təsəvvür edin,  dərslərdən əvvəl müsahibəyə getmək, daha sonra dərslərə qatılmaq, həm də o vaxt indiki kimi asan deyildi axı, diktafon kassetlə idi, kompüterim yox idi. Qulaq asıb, əl yazısı ilə yazıb, sonra məqalələrimi çap etdirirdim. Bunun müqabilində isə ştatdankənar müxbir kimi az miqdarda qonorar alırdım. Əslində ora-bura qaçdığıma görə çoxları məni qınayırdı da. “Niyə özünə zülm edirsən?”-, deyirdilər.  Açığı deyim, o vaxtlar maddi ehtiyac üçün deyil, sırf özüm öz ayaqlarım üstündə dumağı bacardığımı, heç kimə deyil, özümə sübut etmək üçün çalışırdım. 
Jurnalist kimi işləməyə başlayanda biz ikinci növbədə oxuyurduq. Günümü qrafik üzrə bölmüşdüm. Səhər Elmlər Akademiyasına kompüter kursuna gedirdim. Daha sonra müsahibələr, sonra dərsə, axşam isə götürdüyüm müsahibənin sinxronunu çıxarıb yazı yazırdım. Həftədə iki dəfə isə ingilis dili kurslarında iştirak edirdim. Hə, bir də bu qrafikə üzgüçülük məşqlərini də əlavə etsək, beləcə dolğun və maraqlı bir tələbəlik həyatı…”.


“Boyum hündür olmadığı üçün qalib ola bilmədim”

 Müsahibimiz jurnalistika sahəsindəki fəaliyyət yolundan söz açıb:

“Universitetin axırıncı kursunda idik. Azərbaycan Dövlət Televiziyası diktorluq müsabiqəsi elan etmişdi. Yay tətilində idik. Mən də elanı eşidib yollandım müsabiqəyə. O zaman müsabiqə Teleteatrda keçirilirdi. Demək olar ki, hazırda tanınmış jurnalist olan tələbə yoldaşlarımın əksəriyyəti orada idi. Son seçimlərə qalanlar sırasında Nəsimi Nəbizadə, Zamirə Dadaşova və digərləri ilə yanaşı, mən də var idim. Lakin boyum o qədər də hündür olmadığı üçün qalib ola bilmədim. (AzTV-nin o vaxtki sədri ucaboylu aparıcıların seçilməsinə üstünlük verirdi).
Daha sonra Dövlət Televiziyasında yenidən diktorluq üzrə ustad dərsləri almağa başladım. Sabir Axundov, Sabir Ələsgərov kimi məşhur diktorlar bizə dərs deyirdi. Yenə sınaq çəkilişləri oldu və son seçimə qızlar arasından indi hamının çox yaxşı tanıdığı Lalə Azərtaş, oğlanlardan isə mən qaldım”.

Namiq Əliyev magistraturada təhsil ala-ala bir müddət Dövlt Televiziyasında ştatdankənar müxbir kimi fəaliyyət göstərib:

“Amma bu, uzun sürmədi. Özümü başqa sahələrdə axtarmağa çalışdım. Daha sonra  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Mədəni-maarif baş idarəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başladım. Sonra isə Azad Azərbaycan Teleradio Şirkətinə işə dəvət olundum. Orada adi müxbirdən redaktor, beynəlxalq informasiya şöbəsinin müdiri, Prezident Administrasiyasında akkreditasiyadan keçmiş xüsusi müxbir vəzifəsinədək yüksəldim. “Son xəbər” və “Həftəsonu” verilişlərinin aparıcısı oldum”.



“Müsahibə üçün saatlarla nazirliklərin qapısında gözləyirdik”

Mərkəzi Bankın hazırki rəsmisi düşünür ki, o dövr nəslin jurnalistikası ilə indiki jurnalistika arasında olduqca böyük fərq var:


“XX əsrin sonlarından başlayaraq faydalı qazıntı, əmək, kapital, sahibkarlıqdan sonra informasiya insanlığın beşinci resursu adlandırılır. Ona görə də informasiya ilə işləyən peşə sahiblərindən xüsusi məsuliyyət tələb olunur. İnformasiya paylaşım sahələri indi çoxdur. İnformasiya saytları, TV, radio, hələ üstəlik sosial şəbəkələr... Bizim vaxtımızda isə belə deyildi. Bir informasiyanı almaq, onu tamaşaçı üçün lazımi səviyyəyə gətirmək üçün olmazın əziyyətlər çəkirdik. Saatlarla nazirliklərin qapısında durub müsahibə gözləyirdik. Eksklüziv xəbər peşində idik. İndi isə informasiya boldur. Bir informasiya saytı digər jurnalist həmkarının xəbərini çox asanlıqla götürüb istinad edərək verə bilər. (bəzən istinad etməyənlər də olur)”.



“Bəzən  jurnalistlərin hazırlıqsız olduğunu hiss edirəm”

N.Əliyev jurnalistlərin, xüsusilə də spesifik sahələrlə çalışan jurnalistlərin bu peşəyə daha məsuliyyətlə yanaşmasını istəyir:


“Düzdür, indi kifayət qədər savadlı və peşəkar jurnalistlər var. Amma mən hazırda jurnalistikaya sərhəddin digər tərəfindən baxıram. Bəzən elə məsələlər olur ki, jurnalistin hazırlıqsız olduğunu hiss edirəm. Biz hansısa bir ölkə əhəmiyyətli tədbirlərə gedəndə demək olar ki, həm tədbir, həm də ölkə haqqında bütün məlumatları öyrənirdik. İndi isə bəzən elə olur ki, jurnalist müsahibəyə gəlir, baxırsan ki, müsahibə mövzusunu doğru-dürüst anlamır”.


Müsahibimiz deyir ki, bir vaxtlar onların jurnalistika ilə bağlı olan arzularının demək olar ki, əksəriyyəti hazırda reallaşıb:


“Jurnalistlərə dövlət qayğısı, onların sosial problemlərinin həlli üçün atılan addımlar, jurnalistlərə verilən fəxri adlar, onların təltif edilməsi bunun bariz nümunəsidir. Bu sahə ilə bağlı arzum isə çox sadədir. Uğur - ola biləcəyinizin ən yaxşısı ola bilmək üçün, əlinizdən gələnin ən yaxşısını etməyin verdiyi rahatlıq və xoşbəxtlikdir. Mən də jurnalsitlərə gələcək fəaliyyətində bu rahatlıq və xoşbəxtliyi arzulayıram”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi