Modern.az

Şəhid mayorun xanımı: “Elnur üçün məndən öncə vətən idi” - FOTOLAR  

Şəhid mayorun xanımı: “Elnur üçün məndən öncə vətən idi” - FOTOLAR  

15 Mart 2018, 13:05

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru Elnur Əliyevin  həyat yoldaşı Nuranə Məmmədovadır.

Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və qəhrəmancasına şəhid olub.

Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.

Şəhid zabir ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb.

Elnur Əliyevin həyat yoldaşı Nuranə xanım “Aprel şəhidləri”nin ildönümü ərəfəsində həmin günləri yada salıb.

“Elnur heç vaxt işini evə gətirməyib”

“2 oğlumuz yadigar qalıb. Böyüyün 11, kiçiyin 9 yaşı var. Son hadisələr zamanı Füzulidə qalırdıq. Elnur Lələtəpə yüksəkliyi uğrunda şəhid olub. Əsgərlərə görə özünü qumbaranın önünə ataraq xilas edib. Çox adam elə bilir ki, hərbçi həyat yoldaşı olanda hər şeydən xəbərin olur. Əslində elə deyil. Bizim ailədə hərbidən, müharibədən, döyüşdən danışılmayıb. Hərb məsələlərini Elnur heç vaxt evimizə gətirməyib. Həmişə kənardan müharibə olacağı barədə məlumatlar eşidirdim. Deyirdim ki, “bu insanlar bu müharibə məsələsini hardan çıxarır axı? Bizim ev hərbçi evidir, heç bu barədə danışılmır”. Doğrudan da, Elnur evdə olanda bu barədə kəlmə belə kəsmirdi. İşi barədə qətiyyən heç nə danışmayıb. Hərbçi olsa da, ailədə həmişə mülayim rəftarı ilə seçilib”.


“Qismətdə bu cür ayrılıq da varmış”

Nuranə xanım danışdıqca, ilk evlilik vaxtlarını da xatırlayır.


“Elnurla qohumuq. Anamın dayısıoğludur. Amma ailə münasibətlərimiz  sevgi üzərində qurulub. Bir-birimizi sevmişdik. Çox az müddət ərzində nişanlı qaldıq. 2005-ci ilin iyununda toyumuz oldu. Elnurla cəbhə yoldaşı olduğumu deyə bilərəm. Ailə quran gündən cəbhə bölgələrində olmuşuq. O cür zabitlə ömür sürmək mənim üçün fəxr idi. Bunu söz xatirinə demirəm. Bilirdim ki, bu yolun sonunda ölüm var, amma onunla birgə yaşamağıma peşman deyildim. Hətta zabit üçün  hər şeydən öncə  vətən sevgisinin öndə dayandığını bilirdim. Elnur üçün məndən əvvəldə vətən dayanırdı. Bunun dəfələrlə şahidi olmuşdum. Ən ucqar sərhəd bölgələrdə Elnurla birgə yaşamışıq. Çox çətinliklər görmüşəm. Amma Elnura görə hər şeyə dözmüşəm. Çünki o, yanımızda olub. Sadəcə hər şeyin bu tezliklə sona yetəcəyini ağlıma belə gətirməmişdim.

10 il evli olduq. Elə 10 ilimizi tamam edib bu cür ayrıldıq. Deməli, qismətdə bu cür ayrılıq da varmış.. Ali təhsilli tarix müəlliməsiyəm. Heç vaxt da işləmədim. Çünki Elnurla bölgələrdə günlərimiz keçdi. Elnur böyük ürəyə sahib insan idi. Bu sözlərimi səmimi qəbul edin. Cəsur insan idi. Qayğıkeş ailə başçısı, nümunəvi həyat yoldaşı olub”.

“Qismətimin ən gözəl yazıları o illərdə qaldı”

Şəhidin xanımı deyir ki, onların gözəl ailə tablosu vardı. Amma müharibə o tablonu dəlmə-deşik etdi.

“Sonuncu birgə ailə tablomuz 2016-cı ilin martında oldu. Novruz bayramı axşamı süfrəmizi bəzəyib Elnurun gəlməsinin gözləyirdik. Bu, sadəcə gözləmək idi. Ümid edirdik ki, bəlkə Elnur gəldi. Çünki bizim bayramlarımız həmişə Elnursuz keçib. Çünki onun işi elə idi ki, biz onsuz bayram keçirməyə vərdiş etmişdik. Həmişə işdə olurdu. Elnur evə gələn gün bizim üçün bayram olurdu. “Ay nə yaxşı, hamımız evdəyik”-deyirdik. Beləcə,  ailəlikcə oturub bir yerdə bayram edirdik.  Yaşadığımız müddətdə birgə bayramları az gördük. Amma həmişə razı qalırdıq. İnanın, Elnurla yaşadığımız həyat daha sevincli idi. Çünki harada olmağımızdan asılı olmayaraq Elnur yanımızda idi. Birgə sevinib, birgə kədərlənə bilirdik. Elnurla olan günlərim həyatımın ən xoşbəxt günləri olub.  Qismətimin ən gözəl yazıları o illərdə qaldı”.


“O qara xəbəri almalı olduq”

Nuranə xanım, o dəhşətli günləri içdən yana-yana yada salır:

““Aprel hadisələri” zamanı heç nədən xəbərim yox idi. Halbuki, Füzulidə döyüşlərin içində idik. Hamı deyirdi ki, “uşaqları çıxarın burdan”. Mən isə “Elnur ordadır. Əgər mənə heç nə deməyibsə, deməli heç nə yoxdur”. Heç xəbərim də yox idi ki, Elnur artıq aprelin 1-i gecəsi şəhid olub.  Martın 31-i axşam Elnur evə bir az gec gəldi. Mən də plov bişirmişdim. Yemək istədiyini soruşanda gördüm ki, çox bikefdir. Səbəbini soruşsam da, həmişəki kimi heç nə demədi. Nə isə yeməyini yeyib çayını içib “Kurtlar vadisi” serialına baxdı. Əlavə söhbətimiz olmadı. Eləcə uşaqları çağırdı ki, “gəlin yataq”. Bir də səhər nə vaxt durub evdən çıxdığını bilmədim. Ayıldım ki, Elnur evdə yoxdur. Həmişə onun telefon zənginə ayılırdım. Bu dəfə heç xəbərim olmayıb. İşə çatanda mesaj yazıb halımızı soruşdu. Amma bir kəlmə də olsun müharibə anonsu vermədi. Aprelin 1-i axşamı dəhşətli atışma səsləri eşitdim. Öz-özümə “bu nə hay-küydür. Görəsən, müharibədir ki?!”-dedim.  Amma Elnura zəng vurub dəqiqləşdirməyə çəkinirdim. İşi ağır idi. Aprelin1-dən 2-nə keçən gecə saat 5-də mesaj yazdım  ki, “vəziyyət necədir?! Deyəsən, çox böyük hay-küy var”-soruşdum. Bir kəlmə “yazmayın” yazdı. Düzü, çox narahat oldum. Axı mənə yad adam kimi rəsmi şəkildə niyə elə yazdı?! Sanki başqasına yazırdı. Hələ də içimdə o mesajı Elnurun yazmadığına dair bir şübhə var. Ömrümün sonuna qədər o şübhə mənimlə gedəcək. Aprelin 2-də günorta saatlarında hamı bizə toplaşanda ağlıma heç nə gəlməmişdi. Təxmin etmişdim  ki, hərbçi ailəsi olduğumuza görə məndən xəbər soruşmağa görə gəlirlər.

Amma o məlum mesajıma “yazmayın” cavabı gələnə qədər Elnura zəng vurmağa başladım. O vaxta qədər narahat etməmək üçün zəng etmirdim. Nə isə... O qara xəbəri almalı olduq. Tabutunu aprelin 2-də gətirdilər”.

“Bütün şəhid qadınları özünü unudub”

“Aprel şəhidi”nin xanımı deyir ki, indi uşaqlar üçün də atasız yaşamaq çətindir.

“İndi Sumqayıtda yaşayırıq. Yaşadığımız evi Elnur sağlığında almışdı. Sumqayıtda yaşasaq da,  Füzuliyə tez-tez gedib gəlirik. Elnuru məzarı başında ziyarət edirik. Mənim düşüncəm necədirsə, uşaqlarım da o cürdür. Hər zaman atalarını axtarırlar və həmişə də atalarının yolunu gözləyirlər. Mən necə onlar da elə. Sadəcə, bir ana kimi hiss edirəm ki, başqa uşaqları atalı görəndə bizim uşaqlarımız çox məyus olur. Bunu müşahidə etmək mənə ağırdır. Bir qadın kimi də mənə çətindir. Təkliyə çəkilib Elnurun xatirələri ilə nəfəs alıram. Amma ümidliyəm. Elnurun nə vaxtsa yanımıza gələcəyinə ümidliyəm. Bəlkə də məni yaşadan o xəyallardır. Yoxsa çoxdan məhv olardım. Ona aid olan hər şeyi saxlayıram. Düzdü, o əşyalar məni məhv edir. Çünki özü yoxdu, amma əşyaları bizimlədir. Daha nə edək... Başqa təsəllimiz yoxdur. Ona aid olanlar məni məhv etsə də, heç vaxt o əşyaları atmaram. Ölənə qədər mənimlə yaşayacaq. Ona yazdığım məktub sizin saytda gedib. Qəlbimdə olan bütün arzular o kəlmələrə sığıb.

Elnur ara-sıra yuxularıma girir. Bəzən bikef, bəzən şən olur. O yuxuma girəndə həmin gecə əhvalım pozulur, yata bilmirəm. Mənim ən xoş və gözəl illərim Elnurla keçib. 10 illik evlilik həyatımda əsl xoşbəxtliyi yaşamışam. İndi isə yaşadığım illərin mənası yoxdur. Elnurdan sonra hər şey mənə maraqsız təsir bağışlayır. Sadəcə uşaqlarımız var. Onlara görə yaşamağa məcburam. Başqa nə edə bilərik ki! Bütün şəhid qadınları özünü unudub. Sadəcə, övladlar üçün varıq. Başqa heç nə”.


“Yasəmən gülünə nifrət edirəm”

Nuranə xanım danışdıqca göz yaşlarını saxlaya bilmir. Deyir o gülə o dərəcədə nifrət edirəm ki! Bir bilsəniz...

“O hadisələrdən sonra aprelə nifrət edirəm. Xüsusən də yasəmən gülünə... Ona  daha çox nifrət edirəm. Ən sevdiyim gül idi. Füzulidə yaşayanda həyətimizdə yasəmən ağacı vardı. Yaz gələndə çiçək açırdı. Ətrafa xoş ətri yayılırdı. Amma o hadisələr vaxtı yasəmən çiçəyinə, onun qoxusuna nifrət etdim. Mənə o acı günləri xatırladır. O gülü görmək istəmirəm. İndi də Füzulidə yasəmən ağacı durur. Amma Elnur yoxdur. Baxmayaraq ki, hər dəfə Füzuliyə  Elnuru məzarı başında ziyarətə gedirəm, amma elə bilirəm ki, Elnur ora gələcək. Ürəyim onu görmək üçün Füzuliyə getməyə çox tələsir. O arzu, o ümid... Hisslərimi anlatmaqda acizəm.

Qarşıdan ən ağır ay-aprel gəlir. Sıxılıram, boğuluram. Qapıldığım xəyallardan  özüm əl çəkmək istəmirəm. Əl çəksəm lap pis olaram. Bir kəlmə deyəcəm. Allah heç kimə elə gün göstərməsin. Çox ağırdır. Ailənin başçısını itirməklə evin çırağı da sönür. Özü də o çıraq əbədi sönür. Zaman bizim xeyrimizə dəyişmir, əksinə insan sevdiyini itirəndən sonra daha çox acı çəkir. Zaman yaranı sağaltmır. Boş sözlərdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...