Modern.az

İtkin alpinist Fəridənin rəfiqəsi: “Həmişə xeyriyyə tədbirlərində iştirak edirdi”

İtkin alpinist Fəridənin rəfiqəsi: “Həmişə xeyriyyə tədbirlərində iştirak edirdi”

15 Mart 2018, 13:52

Bu gün ötən ilin 23 dekabr tarixində Tufandağ istiqamətində itkin düşən üç alpinistdən birinin - Fəridə Cəbrayılzadənin doğum günüdür.

F.Cəbrayılzadə 1991-ci il 15 martda Masallıda anadan olub. Orta məktəbi Masallıda bitirən alpinist Azərbaycan İctimai-Siyasi Universitetinin məzunudur. O, müxtəlif alpinizm yarışlarında iştirak edib, həm də velosipedçidir. Alpinist həmçinin fotoqraflıqla məşğul idi. Ötən il “Atlas Travel”in təşkil etdiyi “Qış nağılı”  fotomüsabiqəsində birinci yerə çıxmışdı.


Alpinistin rəfiqəsi Gülər Şahverdiyeva Modern.az saytına danışarkən deyib ki, Fəridə Cəbrayılzadə hər zaman axtarışda idi:

“Bizim Fəridə ilə görüşlərimiz çox vaxt baş tutmurdu. Çünki Fəridə həmişə axtarışda idi. Həmişə bir yerlər kəşf edirdi, ölkədən kənara çıxırdı. Yəni əksər hallarda üzünə həsrət qalırdıq”.

Müsahibimizin sözlərinə görə, Fəridə Cəbrayılzadə təbiət vurğunu olub:

“Fəridənin çox gözəl xarakterə sahib insan idi. Onu dürüst, vicdanlı, qız uşaqlarını çox sevən, haqsızlıqlara dözməyən, əyləncəli biri kimi tanıyırdıq. Fəridə təbiəti çox sevirdi. O, həmçinin mütəmadi olaraq xeyriyyə tədbirlərində iştirak edirdi”.

Alpinistin rəfiqəsi deyir ki, Fəridə ilə axırıncı görüşünün üstündən çox zaman keçib:

“Buna görə hər zaman təəssüflənirəm. Afrikadan gələndən sonra Fəridə ilə görüşəcəkdik, amma alınmadı...”.

Xatırladaq ki, 23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Onların axtarışları hələ ki bir nəticə vermir...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər