Modern.az

Azərbaycanda siyasi müxalifəti dini müxalifət əvəzləyə bilərmi...

Azərbaycanda siyasi müxalifəti dini müxalifət əvəzləyə bilərmi...

15 Mart 2018, 15:23

Bəzən Azərbaycanda siyasi müxalifətin dini müxalifətlə əvəzlənə biləcəyi ehtimalından danışılır. Bu iddianı irəli sürənlər siyasi müxalifətin zəif olduğunu əsas gətirilər. Qeyd edilir ki, getdikcə miskin vəziyyətə düşən siyasi müxalifətin  proseslərə təsir etmək gücü demək olar ki, sıfıra bərabərdir. Belə olan halda bir çox ölkələrdə həmin boşluğu dini müxalifət tutur və yaxud tutmağa cəhd göstərir. Azərbaycanda da bəzi qüvvələr var ki, bu prosesin baş verməsində maraqlıdırlar.


Doğrudanmı Azərbaycanda dini müxalifət gerçəkliyi var?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Modern.az-a deyib ki,  Azərbaycanda dini müxalifət yoxdur:

“Dini əqidədə olan bir qrup  siyasətçilər var. Amma bu, onların şəxsi işidir. Ölkədə dini birbaşa siyasətə qatan,  dindən siyasi vasitə kimi istifadə edən təbəqə mövcud deyil. Ayrı-ayrı cəmiyyətlərdə bu, mümkündür. Lakin Azərbaycan cəmiyyəti ümumiyyətlə dini bir mənəviyyat əsası, özünün şəxsi məsələsi kimi dəyərləndirir. Bu baxımdan, dini siyasətə gətirmək cəhdləri hər zaman boşa çıxır. Azərbaycan  xalqı dini inanclarına bağlıdır və bunu özünün mədəniyyətinin,  düşüncəsinin bir hissəsi hesab edir. Onu siyasi rəqabətə, hakimiyyət uğrunda mübarizəyə qatmaq fikrində deyil”.

Deputat qeyd edib ki, ara-sıra müxalif dairələrdə belə bir cəhdlərin şahidi oluruq:


“Məsələn, keçirilən kütləvi aksiyalarda, hansısa tədbirlərdə bu cür çağırışların olduğunu görürük. Amma ümumən bu taktika ölkəmizdə  səmərə vermir. Hesab edirəm ki, xalqımız özünü bu məsələyə münasibət bildirməklə, dininə hörmətlə yanaşmaqla,  bu tipli cəhdlərlə müəyyən addım atmaq istəyənlərin cavablarını vermiş olur”.

Müsahibimizin fikrincə, bu gün Azərbaycan cəmiyyətində dini müxalifətin formalaşması mümkün deyil:

“Cəmiyyətimiz dinlə siyasəti ayıra bilir. Həmçinin, biz kifayət qədər maariflənmiş cəmiyyətə sahibik. Burada dini siyasi vasitə kimi istifadə etmək cəhdləri heç zaman özünü doğrultmayacaq.  Siyasi mübarizə, siyasi azadlıqlar var və Konstitusiya qanununun icazə verdiyi çərçivədə bütün siyasi mübarizə formalarını istifadə  etmək olar. Bununla belə siyasəti də dinə bağlamaq  istiqamətində görülən işlər ölkəmizdə reallaşmadı. Çünki cəmiyyət bunu qəbul edib razılaşmadı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu