Modern.az

Xalq Cümhuriyyəti ilə bağlı müsabiqə davam edir - Təşkilatçılar narazıdır

Xalq Cümhuriyyəti ilə bağlı müsabiqə davam edir - Təşkilatçılar narazıdır

15 Mart 2018, 17:04

2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Bununla bağlı Parlament Jurnalistləri Birliyi (PJB) də Gürcüstan, Azərbaycan, Türkiyə, Avropa ölkələrində böyük tədbirlər həyata keçirəcək. PJB həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi də elan edib.

2018- ci ilin yanvarından dekabrına qədər, 1 il müddətində nəzərdə tutulan müsabiqədə bütün jurnalistlər iştirak edə biləcəklər. Mövzuya AXC ilə bağlı müxtəlif araşdırmalar, müsahibələr, AXC qurucuları ilə bağlı portret yazılar və s. aiddir.  Noyabrda bütün yazıların toplanması bitəcək və dekabrda jurnalistlərin yazısı kitab halında işıq üzü görəcək.


Müsabiqənin koordinatoru Elmin Nuri Modern.az-a bildirib ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı təşkil edilən müsabiqəyə jurnalist və araşdırmaçıların göstərdiyi maraq təəssüf ki, ürəkaçan deyil:


“Halbuki, müsabiqənin ilk günlərindən tam ayrı fikirdə idik ki, hazırda onun əksini görüb, xəyal qırıqlığı yaşamaqdayıq. Ən üzücü məqam isə, az qala, hər gün sosial şəbəkələrdə bu mövzuda nəsə paylaşıb, fotolar, maraqlı bilgilər təqdim edən jurnalist və araşdırmaçıların da müsabiqəyə yazı təqdim etməmələridir.

Lakin Cümhuriyyətlə bağlı bir neçə böyüklü-kiçikli müsabiqə də təşkil olunub ki, həmin şəxslərin ora maraq göstərdiklərinin şahidi olmuşam”.

E.Nuri  deyib ki, bəlkə də müsabiqənin şərtləri onlarda, həmçinin, başqa jurnalist-yazarlardakı marağı azaldıb:

“Bildiyimiz kimi, biz ilk dəfə olaraq AXC ilə bağlı müsabiqədə qaliblər və fərqlənənlər üçün heç bir mükafat və diplomlar müəyyən etməmişik. Seçilən əsərlər sadəcə, bir yerə cəm ediləcək və noyabrda kitab halında çıxacaq. Ola bilsin, müəllifləri bu detal müsabiqədən soyudub. Amma həssas bir məqama diqqət etmək lazımdır: bu, tariximizin şanlı səhifəsi olan, milli birlik, mənəvi diriliyin bayraq, dövlət formasındakı dirçəlişi sayılan Azərbaycan Cümhuriyyəti ilə bağlı olan müsabiqədir. İstənilən maddi mükafat bu işin mənəviziyasının kölgəsində qalacaq”.


Müsahibimiz qeyd edib ki, bu müsabiqəyə yazı göndərən müəllif ən böyük hədiyyəni özü özünə vermiş olacaq:

“Yəni, onun millilik ruhundan doğan bu cəhdi özünə bir şəxsiyyət kimi verəcəyi hədiyyə sayılacaq! Biz jurnalistlərimizin, yazarlarımızın özlərinə bu hədiyyəni əsirgəməyəcəyinə inanırıq!

Yazıların qəbulu noyabr ayına qədər davam edəcək. Cümhuriyyət sevdalıları olan yazarlar “Xalq Cümhuriyyəti” ilində ruhsal bir toplunun tərkib hissəsi olmağa tələssələr, qazanarlar”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?