Modern.az

O, Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə işləyəcək – Qarabağ probleminin həlli üçün yaşıl işıq...

O, Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə işləyəcək – Qarabağ probleminin həlli üçün yaşıl işıq...

Qarabağ

16 Mart 2018, 15:06

ABŞ prezidenti Donald Trampın Reks Tillersonu dövlət katibi postundan kənarlaşdırıb, onun yerinə Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Mayk Pompeonun namizədliyini təklif  etməsi Ermənistanda narahatlıq yaradıb.

 

Bundan sonra ABŞ-ın xarici siyasətində, xüsusilə də İranın nüvə proqramı ilə bağlı məsələsində dəyişiklik  edəcəyi gözlənilir. Erməniləri təşvişə salan da elə İrana qarşı tədbirlərin gücləndirilməsi ehtimalıdır.

Baş verən proseslər Cənubi Qafqaz regionunda hansı dəyişikliklərə səbəb ola bilər?

 

“Qərbin başlıca məqsədi Rusiyanı yerində oturtmaqdır”

 

Politoloq  Qabil Hüseynli Modern.az saytına açıqlamasında bildirib ki, hazırda regionda əsas diqqət Rusiyaya yönəlib:

 

“Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasının əsas səbəblərindən biri Rusiya istiqamətidir.  Çünki Tillerson vaxtilə “Exxon” Mobil şirkətinin başçısı idi. Və uzun illər Rusiyanın şimal bölgələrində  müasir texnologiyalardan   istifadə edərək  bu ölkə üçün neft və qaz yataqları kəşf edib və istifadəyə verib.

 

Bu baxımdan Rusiya prezidenti tərəfindən “Dostluq” ordeni ilə  mükafatlandırılıb. Əlbəttə, İran məsələsində də  ABŞ prezidenti ilə  dövlət katibi arasında narazılıq var idi. Hətta Tillerson polemikaların birində prezidenti “ağılsız” adlandırmışdı.  Digər tərəfdən dünən dörd ölkə - Fransa, İngiltərə, Almaniya və ABŞ, Rusiyaya  qarşı birgə bəyanat  imzaladılar. Həmin birgə bəyanatda Rusiyadan beynəlxalq hüquq normalarına əməl etməyi və beynəlxalq münasibətlərdə təxribatları yığışdırmağı tələb edilir.

 

Nəticə etibarilə zənnimcə, Şimali Koreya ilə münasibətlərdə  ritorika yumşaldılıb, İranla  münasibətlərdə elə də kəskin ritorikadan istifadə edilmir. Hazırda əsas diqqət Rusiyaya yönəldiləcək. Bu dövlətin siyasi hərəkətlərinə qiymət vermək və onu  yerində oturtmaq məsələsi bu gün Qərbin diqqət mərkəzində duran ən başlıca məsələdir”.

 

Qarabağ üçün  yaşıl işıq yanır...

 

Q.Hüseynli qeyd edib ki, bu məsələlər Dağlıq Qarabağ probleminə müsbət mənada təsir edə bilər:

 

“Cənubi Qafqaz regionundakı bütün problemlərin başında Rusiya durur. Torpaqlarımızın işğal edilməsində Ermənistanla birlikdə iştirak edib, Qarabağ probleminin həlli prosesini dondurub, bu problemin həllinə dair modeli hazırlayıb Ermənistana verib.

Bu gün də Dağlıq Qarabağla bağlı danışıqlar yolunda ən böyük əngəl Rusiyadır. Bu dövlətin bölgədə təsirinin zəifləməsi Qarabağ probleminin həlli üçün yaşıl işıq yandırmaq  deməkdir. Rusiyaya qarşı olan bütün  hərəkətlər son nəticədə Qarabağ probleminin həlli ilə əlaqəli məsələlərə müsbət mənada təkan verəcək”.

 

Müsahibimiz həmçinin deyib ki, Ermənistan  proseslərdən ziyanla çıxacaq:

 

“Ermənistanın əsas himayəsi İran tərəfindəndir. Pompeo da xüsusi xidmət orqanlarının işçisidir. O, xarici siyasətdə  Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə hərəkət edəcək. Ehtimal etmək olar ki, İranla bağlı da müəyyən təsirli tədbirlər görüləcək. Bu da Ermənistanın İranla münasibətinə mənfi təsir edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir